"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Qədim diyar beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkandır

III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Türkiyədən olan iştirakçıları bu fikirdədirlər

Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresində qardaş Türkiyənin bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri də iştirak edirlər. Onlar qədim diyarın bir çox gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə də tanış olublar. Qonaqlarla görüşüb həmsöhbət olduq, bir neçəsinin Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.

Zəkəriya Bingöl – Marmaris Turizm Məslək Yüksekokulunun müdiri: – III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Naxçıvanda keçirilməsi qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və eyni zamanda Azərbaycan Respublikasının Gənclər Paytaxtı seçilməsi tədbirin burada keçirilməsinə səbəb olan əsas amillərdir.

Vurğulamaq istərdim ki, konqresin yüksək səviyyədə keçirilməsi üçün Naxçıvanda hər cür şərait yaradılıb. Onu da qeyd edim ki, muxtar respublikanın bir çox gəzməli-görməli yerlərində olduq. Naxçıvanın qədim tarixi və mədəni abidələri, ecazkar təbiəti, buradakı səliqə-sahman bizdə xoş təəssüratlar yaratdı.

Mən bir neçə dəfə Naxçıvanda olmuşam. Burada keçirilən festival və tədbirlərdə iştirak etmişəm. Deyə bilərəm ki, qədim diyar beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkandır. Ümidvaram ki, III Beynəlxalq Gənclik Araşdırmalar Konqresi kimi yüksək səviyyəli tədbirlər gələcəkdə daha tez-tez keçiriləcək və iki qardaş ölkənin sıx əməkdaşlığı bundan sonra da davam etdiriləcəkdir.

Ardını oxu...

Türkiyəli sənətçi, rəssam və jurnalist Hülya Sezgin Naxçıvan haqqında yazdı

Türkiyəli sənətçi, rəssam və jurnalist Hülya Sezginin “Ortaq səs” qəzetində “İki dövlət, bir millət – qardaş Naxçıvan” sərlövhəli məqaləsi dərc edilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən “Naxçıvan – bəşə­riyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalında iştirak edən Hülya Sezgin muxtar respublikadan aldığı zəngin təəssüratlarını oxucularla bölüşüb. O məqaləsinə belə başlayır: “Naxçıvan və naxçıvanlılar mənə çox doğmadır. Bundan əvvəlki iki festivalda da Naxçıvanda olmuşam. Ona görə də festivalda iştirak edən rəssamlara Naxçıvan haqqında məlumat verirdim. Naxçıvanı əvvəl Azərbaycanın bir rayonu sanırdım. Cahilmişəm. Çünki İqdırla sərhəd olan Naxçıvan Azərbaycandan ayrı düşmüş və onun tərkib hissəsi olan muxtar dövlətdir.... Naxçıvanda kənd təsərrüfatı və sənaye inkişaf edir. Zəngin tarixi-mədəni irsi var. Sahib çıxıb qorumağı da çox yaxşı bilirlər. Hər tərəf tər-təmiz, yaşıllıqlarla və gül-çiçəklə əhatə olunub. Ona görə də bu gözəl diyarı hər kəs gəzmək, görmək istəyir. Turizmin inkişafı isə iqtisadiyyata ciddi töhfə verir. Naxçıvanda bu sahədə mühüm işlər görülür, malik olduğu zəngin mədəniyyət təbliğ edilir, sənətə və sənətkara qiymət verilir, gözəl festivallar keçirilir. Düşünürəm ki, Türkiyənin turizm şirkətləri öz marşrutlarına Naxçıvanı əlavə etməlidirlər”.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson: “Naxçıvan Azərbaycanın mədəniyyət paytaxtıdır”

Muxtar respublikaya səfər edən turistlər ölkələrinə qayıtdıqdan sonra sosial şəbəkələrdə Naxçıvan haqqında xoş təəssüratlar paylaşırlar. Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson ölkəsinə qayıtdıqdan sonra səyahətçilərin istifadə etdiyi “TripAdvisor” internet şəbəkəsində və “Facebook” sosial şəbəkəsindəki səhifəsində Naxçıvan barədə məlumatlar paylaşmışdır.

“TripAdvisor” internet şəbəkəsindəki “Naxçıvan inanılmaz dərəcədə gözəl bir məkandır” paylaşımında Erik Olson yazır: “Çoxlu sayda insanlar Naxçıvana səfər etməlidir. Son bir-iki ildə səfər etdiyim ərazilər içərisində Naxçıvan ən gözəlidir. Əminəm ki, Bakı və digər rayonlar ilə müqayisədə Naxçıvan tarixi əraziləri ilə Azərbaycanın ləl-cəvahiratıdır. Bələdçim Emil Paşalı, həqiqətən, ərazinin tarixini çox əla bilir və yaxşı yoldaşlıq etməyi bacarır. Naxçıvana səfər etsəniz, bu bələdçilər sizə biletlərin alınmasında və mehmanxanalarda yerləşməkdə də hərtərəfli köməklik göstərəcəklər. Naxçıvanda olmağı hər kəsə tövsiyə edirəm!”

Erik Olson “Facebook” sosial şəbəkəsində isə aşağıdakı fikirlərini paylaşmışdır: “Son bir neçə günü Naxçıvan Muxtar Respublikasında keçirdim. Naxçıvan 1990-cı ildə – 70 il Sovet hakimiyyətinin idarəçiliyindən sonra Azərbaycanın müstəqillik hərəkatının mərkəzinə çevrilmişdi. Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında müharibə baş verdi. Hazırda Naxçıvanın Ermənistan, İran və Türkiyə ilə sərhədləri var. Mən Naxçıvan şəhərindəki gözəl “Təbriz” otelində qaldım. Bələdçim məni ərazi ilə tanış etdi. Naxçıvan, həqiqətən, Azərbaycanın mədəniyyət paytaxtıdır! Qafqaz regionunun isə ən maraqlı tarixi ərazisidir. Əgər kimsə Naxçıvana səfər etmək istəsə, bələdçim Emil Paşalı onun üçün Naxçıvan şəhərinə turlar təşkil edə bilər. Çünki onun işlədiyi “Natiq Travel” şirkəti ən yaxşı turizm şirkətidir”.

Nuhçıxan İnformasiya Agentliyi

Beynəlxalq rəsm festivalı xoş təəssüratlarla yadda qalıb

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Mədəniyyət Nazirliyinin və Rəssamlar Birliyi tərəfindən təşkil edilən beynəlxalq festival çərçivəsində rəssamlar qədim diyarın bir çox gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olublar. Festivalın sonuncu günü iştirakçılar Qarabağlar Türbə Kompleksi, “Cahan” AVM, Naxçıvan Biznes Mərkəzi ilə də tanış olub, Naxçıvan Dövlət Universitetində təşkil edilən rəsm sərgisinə baxıblar. Onlarla görüşüb həmsöhbət olduq, Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov: – Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarixi keçmişi, həm də mədəniyyəti ilə zəngin bir diyardır. Muxtar respublika ötən illər ərzində çox böyük inkişaf yolu keçib, yeni, gözəl memarlıq quruluşuna malik binalar tikilib, müasir yollar salınıb, müxtəlif muzeylər yaradılıb. Xüsusilə muxtar respublikada mədəniyyət sahəsində böyük işlər görülüb. Bu da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli mədəniyyətin inkişafına göstərdiyi böyük qayğıdır. Bu qayğının nəticəsidir ki, Naxçıvanda rəssamların fəaliyyəti üçün ən müasir şərait yaradılıb, onların əməyi daim yüksək səviyyədə qiymətləndirilir. “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi də muxtar respublikada mədəniyyətə göstərilən diqqətin bir nümunəsidir. Bu festivalın muxtar respublika üçün böyük əhəmiyyəti var. Burada iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən rəssamlar gəlib. Naxçıvanın təbiəti, tarixi tikililəri onlar üçün tükənməz mövzu mənbəyidir. Bu da imkan verir ki, Naxçıvan beynəlxalq aləmdə daha çox tanınsın, təbliğ olunsun. Bir daha belə bir festivalın keçirilməsinə görə Ali Məclisin Sədrinə rəssamlarımız adından dərin ­minnətdarlığımı bildirirəm.

Ardını oxu...

İnqrid Tersman: “Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olub”

İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində o, muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub, tarixi abidələri ziyarət edib. İsveçli diplomatın Naxçıvan Dövlət Universiteti tələbələri üçün oxuduğu mühazirə böyük maraqla qarşılanıb. 

Mayın 18-də İsveçin ölkəmizdəki səfiri İnqrid Tersmanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb. 

“Şərq qapısı” qəzetinə müsahibəsində qonaq Naxçıvanla bağlı təəssüratları barədə danışıb:

– Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası və buradakı istehsalat müəssisələri ilə tanış olmaqdır. Muxtar respublikada bir sıra görüşlər keçirdim, təhsil və mədəniyyət müəssisələrində oldum. Naxçıvanda olarkən bu qədim diyarın iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olduğuna şahidlik etdim. Muxtar respublikanın gələcəkdə də bu nailiyyətləri davam etdirməsi üçün güclü potensialı var. 

Ardını oxu...

Seminar iştirakçıları Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüblər

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndə­liyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında səfərdə olub. 

Kestutis Yankauskas qeyd edib ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirib. Səfərin məqsədi “Peşə Təhsili və Təlimi Seminarı”nda iştirak etməkdir. Bu seminarda avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə aparacaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. 

“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tərdbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, – deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq. 

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəal iştirak edirlər. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik.

Ardını oxu...

00249484
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
341
342
3365
6351
249484

Tarix: 16-07-2018
Biz, sosial şəbəkələrdə: