31 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsini başa vuranNaxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri iləgörüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək tədbir iştirakçılarına istehsalat təcrübəsinin gedişi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 17 fevral 2023-cü il tarixdən Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində və departamentin tabeliyində fəaliyyət göstərən müəssislərdə eləcə də muzeylərdə, mehmanxanalarda istehsalat təcrübəsinin keçirilməsi təşkil olunmuşdur. Təcrübə ərzində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnmiş, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olmuşlar.
26 aprel 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsi müddətində “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada turizm sektoru sürətlə inkişaf etdirilir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır. Zaman keçdikcə təbii amillərin təsirindən böyük dağıntılara və aşınmalara məruz qalan tarix-memarlıq abidələri əsaslı şəkildə bərpa olunaraq əvvəlki görkəminə qaytarılır.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə 6 və 7 aprel 2023-cü il tarixlərində “Peşəkar bələdçi” təliminin I və II modulları keçirilmişdir. Təlimlər Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Süleyman Rüstəmov tərəfindən keçirilmişdir. Təlimin I modulunda məruzəçi bildirmişdir ki, keçirilən təlimlərin əsas məqsədi peşənin imicini artırmaq, bu sahə üçün yeni insan resurslarını müəyyənləşdirmək və tələbələrə bələdçilik fəaliyyətinin mahiyyətini aşılayaraq peşəni sevdirməkdən ibarətdir.
Təlimçi tələbələrə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, bələdçilik fəaliyyəti yeni qəbul olunmuş “Turizm haqqında qanun”un müvafiq maddəsi ilə tənzimlənən sahəyə çevrilmişdir.
Muxtar respublikada sənətkarların yaratdıqları əl işlərinin qorunub saxlanılması, onların yerli və xarici qonaqlara nümayiş etdirilməsi diqqətdə saxlanılır. Məhz bu cür məkanlardan biri muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasıdır ki, burada müxtəlif rəssamların rəsmləri buraya gələn qonaqlara nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq 17 mart 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin rəssamların əl işləri ilə tanış olmaları məqsədilə Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya zamanı tələbələrə Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verilmişdir. Bildirmişdir ki, 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların əl işlərinin qorunub saxlanması, eyni zamanda gələcək nəsillərə çatdırılmasından ibarətdir.
3 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində turizm sənayesi nümayəndələri və “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə“3 mart – Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, 2013-cü ildən başlayaraq hər il martın 3-ü dünyada “Ümumdünya Vəhşi Təbiət Günü”kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir. Bu məqsədlə də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üçün birgə Tədbirlər Planı”nınekoturizm bölməsindəki dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması bəndinə uyğun olaraq, ötən dövrdə dağ cığırlarının müəyyənləşdirilməsi üçün Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov muxtar respublikaya dəvət olunmuşdur. Mütəxəssis Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı ilə birlikdə muxtar respublikanın Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarında olmuş, təbiət ərazilərinə baxış keçirilmiş və dağ cığırları üçün uyğun olan yerlər qiymətləndirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin“Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi1999-cu il 18 fevral tarixdə yaradılmış və1999-cu il may ayının 10-da fəaliyyətə başlamışdır. Ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında tələbələrə məlumat verilmişdir.