"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muzeylər

Naxçıvan Muxtar Respublikasını muzeylər diyarı da  adlandırmaq olar. Burada 30 muzey və 1  muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdə ümumilikdə 134000-dən çox eksponat mühafizə olunur.

 

                                                                                                                            

Heydər Əliyev Muzeyi

Naxçıvan şəhərində yerləşən muzey 1999-cu ildə yaradılmışdır. Muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun  uşaqlıq və  gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi  sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Muzey 5 bölmədən ibarətdir. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, ulu öndərə məxsus şəxsi əşyalar saxlanılır. Muzeyin fonduna ümumilikdə 5 minə yaxın eksponat daxildir.   

   Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 25

   Tel:  (+99436) 545-92-98

   Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

   İnternet səhifəsi: www.aliyev-museum.nakhchivan.az

 

 

                                                                                                 
Naxçıvan Dövlət Tarix Muzeyi

Muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır. 1968-ci ildə muzeyə dövlət statusu verilmişdir. Muzeydə Naxçıvanın zəngin, qədim tarixi  ilə bağlı 50 mindən çox eksponat  qorunub saxlanılır. Ekspozisiya əsasən 4 dövrü  əhatə edir – qədim, orta əsrlər, müasir və yeni dövr. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri,  Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın və Yusif Küseyir oğlu türbələrinin, eləcə də digər memarlıq abidələrinin fotoşəkilləri, dekorativ tətbiqi sənət, xalçaçılıq, zərgərlik,  misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, el sənətkarlarının maraqlı əl işləri sərgilənir. 

Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi 77

Tel:  (+99436)  545-01-39



 

 


Naxçıvan Dövlət Xalça Muzeyi

Muzey 1998-ci ildə yaradılmışdır. Muzey 20 mart 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Muzeyin fondunda 3600-dən çox maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 295-i xalçadır. Ekspozisiyada 300-dən çox eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar Naxçıvan xalçaçılıq məktəbi üzrə qruplaşdırılmışdır. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri vardır. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir. Naxışları sadə, realist və ya mücərrəd olan xalçalar xalqımızın yaradıcılıq imkanlarının yüksək səviyyədə olduğunun göstəricisidir. Muzeydə Təbriz-Naxçıvan qrupuna aid 124 ədəd xalça vardır. Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta həvələr, kirgitlər, dəmir həvələr, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir.

2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurularaq zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır. 

 

                                Ünvan: Naxçıvan şəhəri,  Heydər Əliyev prospekti 21

                                   Tel:  (+99436)  545-35-99

                                         İnternet səhifəsi: www.xalca.nakhchivan.az

 

 

Hüseyn Cavidin Ev Muzeyi

Muzey 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu evdə təşkil olunmuşdur. Fondunda 10 minə yaxın eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və  proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.


Ünvan: Naxçıvan şəhəri, Hüseyn Cavid küçəsi  4

Tel: (+99436)  545-27-26

 

      

 

 

 

Bəhruz Kəngərli Muzeyi

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri, təsviri sənətimizdə realist dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. Muzeydə qorunub saxlanılan və nümayiş etdirilən 1200-dən çox eksponatdan 63-ü rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin fotosurətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər materiallardan ibarətdir.

Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.


 Ünvan: Naxçıvan şəhəri, Atatürk  küçəsi 75

 Tel: (+99436) 554-33-29

  İnternet səhifəsi: www.behruzkengerli.nakhchivan.az

 

 

 

 Cəlil Məmmədquluzadə  adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi

Muzey 1966-cı ildə yaradılmışdır. Muzeyin fondunda 20000-dən çox eksponat var. Muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və  təsviri sənət nümunələri, qədim və  müasir kitablar, qəzet və  jurnallar, xatirə əşyaları və  digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də  vardır.

Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 19

Tel: (+99436)  545-16-86

 

 

 

 

 

Cəlil Məmmədquluzadənin Ev Muzeyi

Muzey 1999-cu ildə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmışdır. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2300-dən çox eksponat mühafizə olunur və nümayiş etdirilir. Cəlil Məmmədquluzadə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, onun müasirlərinə aid sənədlər və s. muzeyin qiymətli eksponatları sırasındadır.


Ünvan: Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, döngə 2

Tel: (+99436) 545-67-86

 

 

 

   

 

 

Cəmşid Naxçıvanski Muzeyi

Muzey 1981-ci ildə Kəngərli  xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılmışdır. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və digər materiallardan ibarət ümumilikdə 5300-dən çox eksponat nümayiş etdirilir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur.

 

Ünvan: Naxçıvan şəhəri, Atatürk  küçəsi 6

Tel: (+99436) 545-21-16

 

 

 

 

 

 

Xatirə  Muzeyi

Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. 2015-ci ildən muzey Şəhidlər Xiyabanı yaxınlığında yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir.

Muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və  onlara aid olan digər materiallardan ibarət ümumilikdə 2000-ə yaxın eksponat mühafizə olunur və nümayiş etdirilir.


Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 

Tel:  (+99436) 554-37-09

 

 

 

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Xan Sarayı 1787-1797-ci illərdə müstəqil Naxçıvan xanlığının başçısı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş I Kalbalı xan tərəfındən Naxçıvan şəhərində tikdirilmişdir. Abidə müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılmışdır. 9429 km2 ərazini əhatə edən Naxçıvan xanlığı Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşması və torpaqlarımızın qorunmasına mühüm töhfələr vermişdir. Naxçıvan xanlığının bu əvəzsiz xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmış, Nazirlər Kabinetinin 2015-ci il 11 fevral tarixli 13 nömrəli Qərarı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi" adı altında fəaliyyətini davam etdirməkdədir. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 2500-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir. 

Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzey 2002-ci ildə Naxçıvan şəhərindəki Əcəmi  Seyrəngahında yaradılmışdır. Burada əksəriyyətini qoç fiqurları təşkil edən 200-ə yaxın eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri – daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü  sənduqələr və s. mühafizə və nümayiş etdirilir.

 

                                            Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21

                                Tel:  (+99436) 554-02-18

 

  

 "Naxçıvanqala" Tarix – Memarlıq Muzey Kompleksi

"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.

Muzey fondunda 540-dan çox eksponat vardır. Eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. E. ə. V minilliyə aid təsərrüfat küpü, e. ə. V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. 

Kompleksin mağara hissəsində də bərpa işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı ərazidə tapılan  məişət əşyaları, dulusçuluq məmulatları, məzar daşları, baş daşları və s. eksponat kimi qorunur və nümayiş olunur.


Ünvan:  Naxçıvan şəhəri, C.Məmmədquluzadə küç, döngə 1/4

Tel:  (+99436)  554-36-38


       

Dövlət Bayrağı Meydanı və Muzeyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmış, 2014-cü il noyabrın 17-də muzeyin təntənəli açılış mərasimi olmuşdur. Muzeydə ümumilikdə 150-dən çox eksponat mühafizə olunur və nümayiş etdirilir. Muzey dövlət atributlarımızın tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerb və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libası, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir. 


Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi

Tel: (+99436)  554-37-30


 

“ƏLİNCƏQALA” TARİX-MƏDƏNİYYƏT MUZEYİ

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. 2016-cı ilin iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilmişdir.

Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250-dən çox eksponat vardır ki, bunlardan da 170-dən çoxu muzeyin ekspozisiyasında sərgilənir. Muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları, saxsı və mis qablar, və s. nümayiş etdirilir. Həmçinin, muzeydə gümüş kəmər nümunələri, müxtəlif corab, araqçın və toxuculuq nümunələri, alət və ləvazimatları, digər dəyərli maddi-mədəniyyət nümunələri də nümayiş olunur.

 

Ünvan: Culfa rayonu, Xanəgah kəndi

      Tel: (+99460) 700 20 01

İnternet səhifəsi: http://elinceqala.naxcivan.az

 

Milli Dəyərlər Muzeyi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərində fəaliyyət göstərir. Muzey otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.

 Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6

 

 

 

 

 

 

Naxçıvan Duz Muzeyi

Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. 

Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir. 

Muzeydə nümayiş olunan daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstərlər və digər dəyərli eksponatlar Naxçıvan Duzdağının qədim tarixi və mədəni potensialını özündə cəmləşdirir. Bundan əlavə, muzeydə duz gölündən çıxarılmış duz kristalları, qədim duz platformalarından tapılmış karsit (qarğaduzu) və duz süxurları da nümayiş olunur. 

Ünvan: Naxçıvan şəhəri, Duzdağ Hotel

 

 

Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi

Akademik Yusif Məmmədəliyevin ev muzeyi Ordubad şəhərində fəaliyyət göstərir. Muzey 1975-ci ildə yaradılmışdır. Bina  ikimərtəbəlidir. Binanın birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Otaqlardan birində alimin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər sərgilənir. İkinci otaq isə qonaqlar üçün nəzərdə tutulub. 3-cü otaqda qədim xalça, tikmə, əl işləri, paltar dolabı yerləşdirilib. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən çox eksponat saxlanılır. Bu eksponatlardan 300-dən çoxu ekspozisiyada nümayiş olunur.


Ünvan: Ordubad şəhəri, Y.Məmmədəliyev küçəsi

      

 

 

 

 

 Məmməd Səid Ordubadinin Ev Muzeyi

Muzey 1972-ci ilin iyununda ədibin  anadan olmasının 100 illiyi münasibəti ilə  yaradılmışdır. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, ədiblə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M.S.Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir. Muzeydə 700-dən çox eksponat nümayiş olunur. 

Ünvan:  Ordubad şəhəri, Mingis küçəsi 14


   

 

 

 

 

 

Məhəmməd Tağı Sidqinin Ev Muzeyi

Muzey 2015-ci ilin avqustunda görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi münasibəti ilə yaradılmışdır. Muzey binası 2 mərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Birinci mərtəbədə isə muzeyin əməkdaşları üçün iş otaqları ayrılıb. Ekspozisiya zalında Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvləri, sənət yoldaşları və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri nümayiş etdirilir. Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər qorunur. Muzeydəki eksponatlar Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir. Muzeydə 300-ə yaxın eksponat nümayiş olunur. 

  Ünvan: Ordubad şəhəri, Mingis küçəsi

 Tel:  (+99436) 547-04-91

 

 

 

Gəmiqaya Muzeyi 

Dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmışdır. 2014-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 210-dan çox eksponat vardır. Hazırda onlardan 100-dən çoxu ekspozisiya zalında nümayiş etdirilir. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır. Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inanc və əmək fəaliyyətini göstərir.

Ünvan: Ordubad rayonu, Nəsirvaz kəndi

 

 

 

Məmməd Arazın Ev Muzeyi

Muzey 2014-cü il dekabrın 1-də  Xalq şairi Məmməd Arazın xatirəsinin əbədiləşdirilməsi məqsədilə şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində yaradılıb. Muzeyin binası iki mərtəbədən ibarətdir. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey şairin həyat və yaradıcılığı haqqında geniş məlumat almağa imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və digər materiallardan ibarət ümumilikdə 1000-dən çox eksponat nümayiş etdirilir. Ötən dövr ərzində Məmməd Araz yaradıcılığının ətraflı tədqiq olunması, muzeylə ümumtəhsil məktəbləri arasında virtual dərslərin keçirilməsi və şairin irsinin layiqincə təbliğ edilməsi təmin edilmişdir.

Ünvan: Şahbuz rayonu, Nursu kəndi

Tel: (+99436)  543-21-25

 

 

 

Şahtaxtinskilər Muzeyi

Muzey 2010-cu ildə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılıb. Burada iki ekzpozisiya, iki yardımçı otaq vardır. Muzeydə 150-dən çox eksponat nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtinskinin anadan olmasının 160 illiyinin  qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında" 2006-cı il 27 fevral tarixli, "Şahtaxtinskilər muzeyinin yaradılması haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamları muzeyin  ekzpozisiyasında sərgilənir. Şahtaxtinskilər haqqında məlumatlar, onların nəsil şəcərəsi, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun  təəssürat yaradır. Muzeydə təkcə Məhəmməd ağa və Behbud ağa Şahtaxtinskilərin deyil, tariximizin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş və milləti, dövləti üçün mübarizə aparmış Şahtaxtinskilərin hamısı  haqqında materiallar toplanmışdır. 

 Ünvan: Kəngərli rayonu, Şahtaxtı kəndi

 

 

 

 

Cəlil Məmmədquluzadənin   Cəlilkənd Kəndində Xatirə Muzeyi

1987-ci ildə ədibin vaxtilə müəllim işlədiyi Şərur rayonunun Cəlilkənd kəndində Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin filialı kimi yaradılmışdır. 2013-cü ildən müstəqil muzey kimi fəaliyyət göstərən muzey 2015-ci ildə müasir memarlıq üslubunda inşa olunan yeni binaya köçürülmüşdür. Muzey giriş hissə, ekspozisiya zalı, fond otağı və  2 iş otağından ibarətdir. Muzeyin fondunda 1000-ə yaxın eksponat var. Onlardan 200-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Eksponatlar əsasən ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarətdir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və  “Molla Nəsrəddin”  ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.

Ünvan: Şərur rayonu, Cəlilkənd kəndi

Tel: (+99436)  542-38-61

 

 

 

Naxçıvan Dövlət Rəsm Qalereyası

Sarayın üçüncü mərtəbəsində fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmışdır. Qalereyanın fondunda naxçıvanlı rəssamlarla yanaşı, Azərbaycanın digər bölgələrindən olan rəssamların, həmçinin rus rəssamların əsərləri mühafizə olunaraq nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən "Ulu öndər", "Zərifə Əliyeva", "21-ci əsr - Heydər Əliyev" əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir. Naxçıvan Dövlət Rəsm Qalereyasının fondunda 450-dən çox eksponat mühafizə olunub nümayiş etdirilir.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1

                                Tel:  (+99436) 544-55-03

 

00822327
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
136
140
3228
822327

Tarix: 19-03-2024
Biz, sosial şəbəkələrdə: