"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin növləri

Tarixi-mədəni turizm

Hər hansı bir ölkənin turizm potensialından danışdıqda ilk növbədə tarixi-mədəni irs ön plana çəkilir. Bu baxımdan Naxçıvan tarixinin min illərlə ölçülməsi və onun qədimiliyi, ərazidə dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin və zəngin mədəni irsin mövcud olması xarici turistlərdə böyük maraq oyadır. Nuh peyğəmbərin məzarüstü türbəsi, Möminə Xatın və Yusif Küseyir oğlu türbələri, Naxçıvanqala abidəsi, Qarabağlar Memarlıq Kompleksi, "Xanəgah" Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə əlaqələndirilən Gəmiqaya ərazisindəki qayaüstü rəsmlər, əfsanəvi Haçadağ, abidələrlə zəngin olan "Ordubad" Tarix-Memarlıq Qoruğu, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, 5000 ildən çox yaşı olan Naxçıvan şəhər mədəniyyəti, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını və s. əlavə etsək, tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün necə böyük imkanlara malik olduğunu aydın görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən 700-ə yaxını dünya və ölkə əhəmiyyətli abidə olmaqla, ümumilikdə 1200-dən çox daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Daşınar tarix-mədəniyyət abidələrinin qorunub saxlanıldığı muzeylər turistlər üçün böyük maraq kəsb edir. Naxçıvan Muxtar Respublikasında 30 muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Naxçıvan ərazisində bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh peyğəmbərin qəbrinin olması, “Əshabi-Kəhf” ziyarətgahının yerləşməsi turistləri cəlb edən əsas amillərdəndir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi də onun zəngin tarixə və mədəniyyətə malik olmasından qaynaqlanır. 

Müalicə turizmi

Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. Muxtar respublikamızda müalicə turizminin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Mineral suların bir hissəsi müalicə əhəmiyyətlidir (Sirab, Darıdağ, Badamlı və s.). Təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Bundan başqa Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli su müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. Bu təbii müalicə vasitələrinin bir hissəsindən artıq muxtar respublikada müvəffəqiyyətlə istifadə edilir (Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası). Bu baxımdan müalicə turizminin inkişafı üçün potensial böyükdür.

Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki “Böyrək suyu” adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb. Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür. Daxili orqanların müalicəsində möcüzəvi rola malik olan dəmirli sular haqqında da eyni fikirləri söyləmək mümkündür. Dəmirli sular qaraciyərin dərmanıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində, iltihabyaradıcı amillərin aradan qaldırılmasında karbonlu sulardan istifadə etmək olar. Bu sulardan təkcə müalicə müddətində deyil, bərpa dövründə də istifadə etmək mümkündür. Naxçıvanda 250-dən çox mineral su mənbələri mövcuddur. Sirab, Badamlı kimi mineral sular həm də süfrə suyu kimi istifadə olunur. 

Kənd-yaşıl turizmi

Böyük sənaye şəhərindən və ya xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyük olur. Buna "kənd turizmi" də deyilir və adından da bəlli olduğu kimi, yerləşmə obyekti - kənd evidir. Dünya təcrübəsində ev sahibi öz evində turistləri qəbul etdiyi halda, bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla, qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsidir.

Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizminin yaradılması da diqqət mərkəzində saxlanılır. Artıq insanlar şəhərin sıxlığından, abu-havasından əziyyət çəkib ucqar yaşayış yerlərinə üz tuturlar. Muxtar respublikanın ərazisi bu baxımdan böyük potensiala malikdir. Ucqar dağ yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunda dağlar qoynunda yerləşən "Batabat" restoranı ərazisində hər cür şərait yaradılmış kateclər buraya üz tutanlar üçün münasib qiymətlərlə istirahət etmək və mənəvi rahatlıq tapmağa imkan verir.

Muxtar respublikanın kənd-yaşıl turizm potensialını artıran mühüm obyektlərdən biri də Şahbuz rayonunun eyniadlı kəndində fəaliyyət göstərən Ağbulaq İstirahət Mərkəzidir. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Buna baxmayaraq kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verir. Burada qiymətlərin münasibliyi, təklif olunan xidmətlər qonaqları razı salır. Ağbulaq İstirahət Mərkəzi xidmət səviyyəsi, yaradılmış hərtərəfli şərait fonunda sözün əsl mənasında nümunəvi turizm obyekti təəssüratı yaradır.

Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərdiyindən gediş-gəliş xeyli asanlaşmışdır. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Turistlər Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən mehmanxanaların xidmətindən istifadə edə bilərlər. Mehmanxanalar ekoloji cəhətdən təmiz, gözəl təbiət mənzərələri ilə əhatə olunmuş, tarix mədəniyyət abidələri ilə zəngin ərazilərdə yerləşdirilmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndləri belə fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchiz edilmişdir. Telefon rabitəsi vasitəsilə dünyanın istənilən yeri ilə əlaqə yaratmaq mümkündür. Bütün bunlar ən tələbkar turistin ehtiyaclarını ödəməyə imkan verir. 

Dini-ziyarət turizmi 

İstənilən ölkəyə səyahət edən turist ilk növbədə həmin ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu səbəbdən də dünya təcrübəsində tarixi mədəniyyət və dini abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biri hesab olunur. Muxtar respublikamız dini ziyarətgahlarla da zəngindir. Burada 140-a yaxın ziyarətgah mövcuddur. Belə ki, burada  müxtəlif dini obyektlər - pirlər, imamzadələr  var və imanlı insanlar bu obyektləri ziyarət edirlər. Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü isə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. 2004-cü ildən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərən ziyarətgahda ziyarətçilər üçün hər cür şərait yaradılmışdır. Hər il buraya on minlərlə insan ziyarətə gəlir.

Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Bununla yanaşı, Naxçıvan şəhərində İmamzadə Kompleksi, Şərur rayonunun Xanlıqlar kəndində Parçı İmamzadəsi və Tənənəm kəndində Piri-Süleyman piri, Kəngərli rayonunun Qarabağlar kəndində Asnı piri, Ordubad rayonunun Nüsnüs kəndində Nüsnüs piri, Culfa rayonunun Camaldın kəndində Ərməmməd piri və Xanəgah kəndində eyniadlı abidə kompleksi, eləcə də digər dini abidələri istər yerli vətəndaşlar, istərsə də xarici turistlər istədikləri vaxt ziyarət edə bilərlər. 

Ekoturizm

Ekoturizm və ya ekoloji turizm - təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Ekoturizm - məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha yaxından tanış olmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Muxtar respublikamız təbii bulaqları və gölləri ilə ekoturizmin inkişafı üçün əlverişli imkanlara malikdir. Naxçıvanın bənzərsiz mənzərələri və füsunkar yerləri haqqında çox yazılıb. Ekologiyaya göstərilən diqqətin nəticəsidir ki, yaz-yay aylarında muxtar respublikamızın bütün yaşıllıq və meşə zolaqları, çay kənarları ekoloji turizm həvəskarları ilə dolub daşır. Bu torpağın dillər əzbəri olan cənnət məkanlarından biri də Batabat yaylağıdır. Şahbuz rayonu ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə yerləşən Batabat yaylağı da ekoloji turizm üçün əlverişli sayılan bölgələrdəndir.  İsti yay günlərində bu əraziyə böyük insan axını olur. Ərazinin dərman bitkiləri ilə zənginliyi və havasının təmizliyi burada kurort-sanatoriya kompleksinin yaradılması üçün böyük perspektiv yaradır. Füsunkar təbiəti ilə seçilən Batabat yaylağı güllü-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası, meşələri, Zorbulaq, Südlübulaq kimi bulaqları ilə məşhurdur. Ərazidəki Batabat gölü dünyanın üzən adaya malik olan yeganə gölü kimi diqqətəlayiqdir. 

Etnik turizm

Naxçıvan Muxtar Respublikası Türkiyə və İran İslam Respublikası ilə həmsərhəddir. Bu ölkələrdə yaşayan azərbaycanlılar Naxçıvanda olan qohumlarını, dostlarını görməyə gəlirlər ki, bu da muxtar respublikada etnik turizmin inkişafını şərtləndirən başlıca amildir.

Xalqımızın tarixi müəyyən hadisələr, böyük şəxsiyyətlərin həyatı ilə əlamətdar olan günlərlə zəngindir. Belə günlər isə heç vaxt qonaqlarsız keçmir. Bir çoxları onlara əziz olan belə günlərdə min kilometrlərlə uzaqlarda da olsa, öz işlərini təxirə salıb Vətənə, doğmalarına baş çəkməyi əsl fürsət bilir, onları keçmişə qaytaracaq nostalji hisslərə qovuşmağa tələsirlər. Turizm və qonaqpərvərlik sənayesinin işini canlandıran belə səfərlərə peşəkarcasına hazırlaşmaq, regiona səfər edən etnik turistlərə və digər xalqların nümayəndələrinə nümunəvi xidmət göstərməklə turizm sektorundan yaxşı gəlir əldə etmək mümkündür. Unutmaq olmaz ki, Novruz bayramında, Ramazan və Qurban bayramı günlərində, habelə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə regionumuza səfər edən on minlərlə həmvətənimiz təkcə onları gözləyən doğmalarının deyil, həm də bütün Naxçıvanın qonağıdır.

01075625
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
228
435
1010
2547
1075625

Tarix: 11-12-2024
Biz, sosial şəbəkələrdə: