"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının turizm potensialı

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri - Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri - əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu  və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır. Bu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya  edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. 2008-ci ildə Duzdağ Fizioterapiya Mərkəzi, həmçinin Darıdağ Arsenli Su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş, müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 5 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmışdır. Muxtar respublikanın rəngarəng təbiət mənzərələri, əlverişli iqlim şəraiti, mineral suları ekoturizmin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində zəvvarların ziyarət etməsi üçün hər cür şərait yaradılmışdır. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.

Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf,  Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Batabat-Ağbulaq və Naxçıvan-Gülüstan turist marşrutları hazırlanmışdır.

Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərir. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Hazırda İran İslam Respublikası ərazisindən keçməklə paytaxt Bakı şəhərinə, həmçinin Türkiyə Respublikası ərazisindən keçməklə Gürcüstanın Batumi şəhərinə sərnişin avtobusları işləyir. Naxçıvan Beynəlxalq Hava Limanından Bakı və Gəncəyə, Moskva və İstanbul şəhərlərinə təyyarə reysləri vardır. Muxtar respublikada müasir tələblərə cavab verən turizm obyektlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin və digər turizm infrastrukturu obyektlərinin istifadəyə verilməsi istirahət turizminin inkişafına əlverişli şərait yaratmışdır.

01075632
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
435
1017
2554
1075632

Tarix: 11-12-2024
Biz, sosial şəbəkələrdə: