"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turistlər üçün məlumat

Coğrafi  mövqeyi, ərazisi və əhalisi

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. İran, Ermənistan və Türkiyə Respublikası ilə həmsərhəddir. Böyük İpək Yolunun üzərində yerləşir. Ümumi ərazisi 5,5 min km2, əhalisi 461 min nəfərdir (01.01.2021). 

Tarixi

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda  dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, məşhur Gəmiqaya qayaüstü rəsmləri və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvanda şəhər mədəniyyətinin 5 min ilə yaxın yaşı vardır.

İqlimi

Naxçıvanın iqlimi kəskin kontinentaldır. Subtropik və mülayim qurşaqların qovşağında yerləşdiyinə görə iqlim şəraiti müxtəlifdir. Ərazidə mütləq minimum temperatur  -310C, mütləq maksimum temperatur  +440C-dir. İllik yağıntı 200-300 mm-dir.

Geyim

May ayından sentyabrın axırınadək əhali yüngül yay paltarı, qışda - dekabr ayından martın axırınadək isə palto, plaş və gödəkcə geyinirlər.

Dil

Dövlət dili Azərbaycan dilidir. Bundan başqa əhalinin bir çoxu ictimai yerlərdə türk, rus, ingilis dillərini başa düşür və danışırlar.

Foto-şəkil

Adi turist kimi foto və video çəkilişlərinə icazə verilir, lakin tanımadığınız adamların şəklini çəkməzdən əvvəl hörmət əlaməti olaraq icazə almaq tövsiyə olunur.

İş saatları

Bir qayda olaraq, şənbə və bazar günləri istirahət günləri hesab olunur (əsasən dövlət müəssisələri üçün). Lakin mağazaların və supermarketlərin çoxu hər gün işləyir. İş günü saat 8:00- 9:00-dan başlayır və axşam saatlarına qədər davam edir, ticarət obyektləri ən tezi saat 21:00 - 23:00-da, restoran və kafelər isə daha gec bağlanır.

Valyuta

Milli valyuta manatdır (AZN). Banklar və çoxsaylı mübadilə məntəqələri istənilən valyutanı dəyişdirirlər. Mal və xidmətə görə ödəniş zamanı, bir qayda olaraq dollar və digər valyuta qəbul olunmur, yalnız milli valyuta - Azərbaycan manatı qəbul olunur. Banklar 9.00-dan 17.30-dək (nahar fasiləsi istisna olmaqla) müştərilərə xidmət göstərir.

Kredit kartlarından ödəniş aparmaq üçün böyük mağaza və marketlər, mehmanxana və banklar POS-terminallarla təchiz olunduğundan «nağdsız» ödənişləri də qəbul edirlər.

Kommunikasiyalar - Telefon rabitəsi. Mobil operator. İnternet

Telefon rabitəsi problemsiz həyata keçirilir. Mehmanxanalarda birbaşa beynəlxalq kod rabitəsi, həmçinin əlavə əlaqə vasitələri: faks, teleks, internet və s.  vardır. Şəhərdə isə bir neçə yerdə taksafon quraşdırılıb. Jetonları yaxındakı köşklərdən əldə etmək olar. Ölkənin beynəlxalq kodu +994, Naxçıvanın kodu 036-dır. Azərbaycana zəng vurmaq üçün +994+(şəhərin kodu)+(zəng vurulan abunəçinin kodu) yığılır. 4 mobil operator fəaliyyət göstərir: Azercell (050), Bakcell (055), Azerfon-Nar Mobile (070-077), Naxtel 4G (060)

İnternet də çox sürətlə inkişaf edir. Belə ki, şəhərdə çoxlu sayda İnternet kafelər fəaliyyət göstərir. Bu kafelərdə əhaliyə, o cümlədən şəhərin qonaqlarına lazım olan və istənilən məlumatı əldə etmək üçün internetdən istifadə imkanı yaradılmışdır.

İnformasiya vasitələri

Muxtar respublikanın kütləvi informasiya vasitələri “Şərq qapısı” və “Nuh yurdu” qəzetləri, “NTV” (Naxçıvan Televiziyası) və “KANAL 35” telekanalları, Dövlət radiosu və “Naxçıvanın səsi” radiosu ilə təmsil olunur.

Su

Su kəmərindən gələn su içmək üçün təhlükəsizdir. Naxçıvanın təbii müalicəvi və mineral sularından - Sirab, Badamlı, Böyrək suyu, Çınqıllı və başqaları otellərdə, restoranlarda və ictimai yerlərdə əsasən şüşə və plastik qablarda təqdim olunur. Bu suları adi satış mağazalarından və marketlərdən də satın almaq olar.

Nəqliyyat

İctimai nəqliyyat çoxsaylı marşrut avtobusları və fərdi taksilər tərəfindən təmin olunur. Günün istənilən vaxtı bu nəqliyyat növlərindən istifadə etmək olar, onlar sizi Naxçıvanda lazım olan nöqtəyə çatdıracaqlar. Əsasən şəhərdaxili taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdə taksometr quraşdırılmışdır ki, müştərinin istəyi ilə gedilən yol üçün ödənişin məbləğini taksometrlə də müəyyən etmək olar.

Tibbi xidmət

Təcili tibbi yardım adətən pulsuzdur. Fərdi tibbi klinika və xidməti əczaxanalar da fəaliyyət göstərir. Əksəriyyəti fasiləsiz işləyən əczaxanalarda böyük çeşiddə dərmanlar satılır.

Təhlükəsizlik

Asayişin qorunmasına yerli polis orqanları nəzarət edir. Bir çox hallarda mübahisəli məsələləri qanunu pozmadan həll etmək olur. Yanınızda hər zaman pasportun olması tövsiyə olunur ki, bu da polislə münasibətləri xeyli dərəcədə asanlaşdırır.

 

Xidməti  nömrələr

101                       Yanğın

102                       Polis

103                       Təcili Tibbi Yardım

104                       Qaz qəza xidməti

109                       Məlumat bürosu 

 

Dini bayramlar

Ramazan bayramı

Qurban bayramı 

 

Milli bayramlar

Yeni il -  1-2 yanvar

Beynəlxalq Qadınlar Günü -  8 mart

Novruz Bayramı -  20-24 mart

Faşizm üzərində Qələbə Günü -  9 may

Respublika Günü -  28 may

Milli Qurtuluş Günü -  15 iyun

Silahlı Qüvvələr Günü -  26 iyun

Dövlət Müstəqilliyi Günü  - 18 oktyabr

Dövlət Bayrağı Günü  -  9 noyabr

Konstitusiya Günü -   12 noyabr

Milli Dirçəliş Günü -   17 noyabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü -  31 dekabr

 

Tarixi  günlər

Ümumxalq Hüzn Günü   -            20 yanvar

Xocalı faciəsi                  -            26 fevral

Azərbaycanlıların Soyqırım Günü -  31 mart

 

Nə vaxt gəlmək olar

Naxçıvan Muxtar Respublikasına ilin hər fəslində gəlmək olar. Çünki Naxçıvanda hər mövsümün özünəməxsus rəngləri və xüsusiyyətləri vardır. 

Naxçıvan Muxtar Respublikasında yaz - Yeni yaşıllaşmağa başlayan təbiət, bolsulu çaylar, təmiz hava yaz fəslində Naxçıvanı daha cəlbedici edir. Hər il bütün Azərbaycan  mart ayının 21-də bu qədim bayramı qarşılayır. Baharın gəlişini simvolizə edən Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri, keçirilən tədbirlər, qədim dövrlərdən bugünədək yaşadılmış adət-ənənələr qonaqların  asudə vaxtını mənalı keçirmələrinə şərait yaradacaqdır. 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikasında yay – Naxçıvan  bir çox cəhətdən yayda daha cəlbedicidir.  Batabat yaylağı, Pəzməri şəlaləsi, Nürgüt kəndi, Biçənək bu mövsümdə daha əsrarəngiz olur. Naxçıvanda Batabat gölü, Vayxır gölü, Gilançay, Parağaçay sahilləri boyu, meşələrdə və dağlarda  yerləşmiş istirahət  və əyləncə zonaları  günəşi, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi və at minməyi sevən hər kəsdə unudulmaz təəssürat yaradacaqdır. 

Naxçıvan Muxtar Respublikasında müalicəvi göstəricilərə malik termal və mineral su qaynaqları vardır. Bunlardan biri Culfa rayonunda yerləşən Darıdağ arsenli suyudur. Yay mövsümündə bu suda vanna qəbul etmək bir çox xəstəliklərin müalicəsinə kömək edir.

Yay mövsümünün əsas xüsusiyyətlərindən biri də bu vaxtlar burada öz çeşidləri ilə hamını heyran qoyan meyvə-tərəvəz bolluğudur. Gilas, çiyələk, moruq, böyürtkən, armud, alça kimi meyvə çeşidləri, həmçinin qarpız, yemiş kimi bostan məhsulları özünəməxsus dadı ilə seçilir.

Naxçıvan Muxtar Respublikasında payız - Payız Naxçıvanda çox gözəldir. Yaşıl rəngin sarı, qızılı rənglərlə ahəng təşkil etdiyi bu fəsildə  Naxçıvan təbiəti olduqca əsrarəngiz görünür. İlıq havanı, yağışı sevənlər üçün bu fəsildə Naxçıvan daha romantik əhval-ruhiyyə yaradacaqdır. 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikasında qış - Ağ dona bürünmüş Naxçıvan qışda nağıllar aləmini xatırladır. Qış əyləncələrini yaşamaq üçün Naxçıvan qonaqların unudulmaz məkanı olacaq.  Təbiət qoynunda yerləşən istirahət mərkəzlərində  isti soba kənarında samovar çayı içərək  çöldə yağan qara tamaşa etməyin ləzzətini ancaq Naxçıvana bu fəsildə qonaq gələnlər bilər. Məhz qış fəslində gecəboyu vam odda bişən isti xaş, yaxud həm səhər, həm də axşam buğlanan düşpərə, xəşil və digər xəmir xörəkləri  milli mətbəxin ən dadlı yeməkləri sırasındadır.

 

 

 

 

Necə gəlmək

İstənilən yerə səyahət etməyi planlaşdırarkən səyahətin ən vacib amillərindən biri nəqliyyat olur. Hara səyahət etməyindən asılı olmayaraq, hər kəsi maraqlandıran ilk amil nəqliyyat xidmətidir. Bəs Naxçıvana necə gəlmək olar?

Naxçıvana təyyarə və avtobuslar vasitəsilə gəlmək mümkündür. Naxçıvan Beynəlxalq Hava Limanı ölkənin ən böyük və müasir hava limanlarından biridir. Buradan Bakı-Naxçıvan, Naxçıvan-Gəncə-İstanbul, Naxçıvan-Moskva təyyarə reysləri həyata keçirilir.  Bax bura http://www.airportnakhchivan.az

Muxtar respublikada 3 gömrük-keçid məntəqəsi fəaliyyət göstərir ki, onlardan ikisi (Culfa və Şahtaxtı) İran İslam Respublikası, biri isə (Sədərək) Türkiyə Respublikası ilə sərhəddə yerləşir.

İctimai nəqliyyat çoxsaylı marşrut avtobusları və taksilər tərəfindən təmin olunur. Günün istənilən vaxtı bu nəqliyyat növlərindən istifadə etmək olar.

Şəhər daxili nəqliyyat

Naxçıvanda şəhər daxili yollar asfalt örtüklüdür. Avtomobillərin hərəkəti üçün heç bir  çətinlik yoxdur. Yollar yol nişanları və işıqforlarla təchiz olunub. Şəhərin 2 hissəsində, əhalinin sıx hərəkət etdiyi yerlərdə keçid inşa edilib.   

Naxçıvanda  şəhərdaxili nəqliyyat vasitələri kimi avtobuslar və taksilər  xidmət göstərir. Şəhərdaxili marşrut xətlərində yeni istifadəyə verilmiş geniş və rahat oturacaqlı avtobuslar sərnişinlərə nümunəvi xidmət göstərir.

Naxçıvan şəhəri üzrə 1,2,3,4,5,6 saylı marşrut xətləri şəhərin demək olar ki, bütün hissələrinə əhalinin rahat hərəkətini təmin edir. Marşrut xətlərində gediş haqqı bir nəfər üçün 0.30 AZN təşkil edir.

Naxçıvanda xidmət göstərən taksilərə  şəhərin hər yerində rast gəlmək mümkündür. Məsafədən asılı olaraq, şəhərdaxili taksi xidmətlərinin qiyməti 1-5 AZN müəyyən edilir.

 

01075620
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
223
435
1005
2542
1075620

Tarix: 11-12-2024
Biz, sosial şəbəkələrdə: