"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Milli musiqi alətləri

Saz

Saz havası "Misri". Dinlə:

Babası ozan, ulusu qopuz olmaqla Azərbaycan xalqının məişətinə çox qədim dövrlərdən bəri daxil olan saz 3,5,7,9,11 tel (sim) üzərində inkişaf tapmışdır.

Küp-çanaq-çömçə, üz taxtası, üz-sinə taxtası, qol-bilək, beçə, aşıqlar – qulaq – burmanc, simçüyü, küpxərəyi, (çanaq xərəyi) keçirmə-qayış – bağ, baş xərəyi, sim tel, pərdə, ayaq xərək, sim xərəyi, tazanə - mizrab, köynək-torba, üz-sinə taxtada açılmış deşiklərdən ibarət milli musiqi alətidir. Müasir sazların əsas hissələri qart tut ağacından, qol və aşıqlar isə qoz ağacından hazırlanır.

Səkkiz mərhələdə formalaşan müasir sazın səsdüzümü Naxçıvan bölgəsində birinci pərdə baş və ya divani, ikinci lal, üçüncü cığalı təcnis, dördüncü lal, beşinci şah, altıncı –lal, yeddinci keşiş oğlu, səkkizinci cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə adları ilə məlumdur.


Ud

"Şur" muğamından bir parça. Dinlə:


Ud musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu “bütün musiqi alətlərinin şahı” adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.
Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Səfiəddin Urməvi özünün “Kitabi-əl-ədvar” (“Mahnılar kitabı”)  adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir.  Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri  Məhəmməd Füzulinin “Həft-cam” əsərində ud haqqında qiymətli məlumata rast gəlinir. Yarandığı gündən “boynu bükük” olan ud ana qoynuna, uşaqlıq beşiyinə qayıdaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən musiqi kollektivlərində özünəməxsus yer tutmaqda və ifa olunmaqdadır.



Tar

"Xaric segah" muğamı. Dinlə:


Tarın Azərbaycanda orta əsrlərdə incəsənətin və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndirildiyi bildirilir. Bu musiqi alətinin adına Nizami Gəncəvinin əsərlərində rast gəlinmişdir. Füzuli “Həft-cam” əsərində üçüncü qədəhi tar ilə qaldırır. O, tar nəğməsindən ilhamlanır. XIX əsrin ortalarında əfsanəvi dağlar qoynunda uyuyan Şuşada dünyaya gələn Mirzə Sadıq Əsəd oğlu səsini itirəndən sonra qəlbinin tellərini tara köçürərək Şərq aləmində ilk dəfə olaraq tarın quruluşuna yenilik gətirmişdir. Onun tardakı yeniliyi Zaqafqaziyada, Orta Asiyada və başqa ölkələrdə musiqi aləminə təravətli və nəcib töhfə kimi qəbul edilmişdir. Beş simi olan və diz üstə çalınan tarı Sadıqcan ilk dəfə olaraq sinə üstə çıxarmışdır. Tarın təkmilləşdirilərək müasir şəklə salınması muğamların inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir alət kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı alətinə çevrilmişdir.


Qanun

"Bayatı-şiraz" muğamından bir parça. Dinlə:


 Vaxtilə Azərbaycan xalqı arasında geniş yayılan bu gözəl, incə qəlbli musiqi aləti yaxın illərədək demək olar ki, unudulmuş, musiqi səhnəsində görünməz olmuşdur. Əldə olan materiallar əsasında sübut edilib ki, Şərq ölkələrində işlədilən qanun musiqi aləti Azərbaycanda təxminən min ildən də çox bir tarixə malik olmuşdur. Musiqi alətinin adına Nizami Gəncəvinin “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərini oxuyarkən rast gəlirik. XVI əsrdə isə bu musiqi alətinin daha geniş yayıldığı sübut olunmuşdur. Uzunluğu 80-90 sm, eni isə 30-40 sm olan müasir qanun musiqi alətinin cəmi 72 simi var. Onu çalmaq üçün şəhadət barmağa taxılmış metal üskükdən ibarət 2 “mizrabdan” istifadə olunur. Qanunun incə tellərindən qopan zərif musiqi sədaları bu gün də böyük konsert salonlarının və ansambllarının bəzəyinə çevrilib.



Kamança

"Şur muğamından bir parça. Dinlə:


Azərbaycanda bu yaylı - simli musiqi alətinin tarixi çox qədimdir. Uzun qola və dayanacağa malik olan kamança tək simli olub. Zaman keçdikcə kamançaya iki sim əlavə edilmişdir. Sonrakı əsrlərdə isə bu alət dörd simli olmuşdur. Nizami Gəncəvinin əsərlərində az da olsa kamançanın adı çəkilir. Eramızın XIII əsrində yaşamış azərbaycanlı alim və görkəmli musiqişünas Səfiəddin Urməvi, XIV əsrin məşhur musiqişünası və bəstəkarı Əbdülqadir Marağayi, XVI əsrdə yaşamış özbək xalqının fəxri Əlişir Nəvai, dahi Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərində başqa musiqi alətləri ilə bərabər kamançanın da adını çəkmişdir. Buradan görünür ki, XVI-XVII əsrlərdə kamança Azərbaycanda daha geniş inkişaf etmiş və dövrünün musiqi alətləri içərisində xüsusi yer tutmuşdur.

 

Tütək

"Çoban bayatı". Dinlə:


Nəfəsli alətlər qrupuna daxil olan tütək ney nəfəsli musiqi alətindən sonra yaranmışdır. Vaxtilə ancaq çobanların, sonralar isə həvəskar musiqiçilərin çalğı aləti olmaqla yüzlərcə peşəkar musiqiçinin əlindən düşməyən bu milli nəfəsli musiqi aləti tamaşaçıların qəlbini riqqətə gətirmişdir.  Sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçən ən qədim nəfəsli milli musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində qamışdan, sümük, ağac, saxsı və metaldan hazırlanmışdır. Tütək musiqi alətinin çobanlar tərəfindən hazırlanması onu deməyə imkan verir ki, bu musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul olduğu vaxtlarda – 10-12 min il bundan əvvəl icad edilmişdir. Barmaq dəlikləri olmayan adicə borudan ibarət olan ilk tütəkdən sonra adamlar heyvan sümüklərindən və dişlərindən tütəklər düzəltməyə başlayıblar. Dulusçuluğun inkişafı ilə əlaqədar olaraq tütəkləri yandırılmış gildən düzəltmişlər. İfaçılar getdikcə bu milli nəfəsli musiqi alətində çalmaq üçün əmələ gələn çətinlikləri aradan qaldırmaq zərurəti ilə qarşılaşdıqları zamanda  boruda müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədi ilə yeni üsullar axtararaq, tütəkdə dəlik açmışlar. Təcrübəli musiqiçilər dəlikləri yarımçıq qapamaqla xromatik səslər əldə etmişlər. Bu səsi əldə etmək isə xüsusi hazırlıq və istedad tələb etmişdir.

Minilliklər boyu insanların qəlbini riqqətə gətirən nəfəsli musiqi aləti olan tütək geniş texniki imkanlara malikdir. Bu alətdə kifayət qədər sürətli tempdə diatonil qammalar ifa etmək olar.



Tulum

"Tulumu" rəqs. Dinlə:


Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında  az məlumat verilən tulum iki hissədən – tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən  üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda  olan kisənin içinə salınır.

Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. İlk dəfə bu aləti çobanlar düzəltmiş və çalmışlar. Tulum musiqi aləti sinifli cəmiyyətin ilk dövrlərində meydana gəlmişdir. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının  Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir.

 

 Zurna

"Cəngi" rəqsi. Dinlə:


Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın  (sur) adına “Kitabi-Dədə-Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir.

Etnoqrafik  müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının  ənənəvi toylarını zurnasız  təsəvvür  etmək qeyri-mümkündür. Zaman-zaman müxtəlif materiallardan hazırlanan zurna nəfəsli musiqi aləti sonralar əsasən tut, qoz və ərik ağaclarından hazırlanmış və təkmilləşdirilmişdir. Açıq-aydın gur və güclü səsi olan milli nəfəsli musiqi alətinə xalq arasında “qara zurna” da deyilir. Ola bilsin ki, “qara” sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.

Qədimdə olduğu kimi, indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarında və onların əhatə etdikləri kənd və qəsəbələrdə toy şənlikləri zurnasız ötüşmür, üç nəfərdən ibarət zurnaçılar dəstəsi insanların qəlbini coşdurur, dinləyicilərdə nəcib duyğular oyadırlar.



Balaban

Xalq mahnısı "Sarı gəlin". Dinlə:


Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya “Yastı” balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir. Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın  dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.


Qaval

"Azərbaycan xalq ritmləri". Dinlə:


Qaval, dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O,  görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.


Nağara

"Azərbaycan xalq ritmləri". Dinlə:


Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Onun adına “Kitabi-Dədə-Qorqud”da da rast gəlirik. “Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı”.  Təkcə bu fakt nağaranın tarixini müəyyənləşdirməkdə əhəmiyyətlidir.

XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez “nağara” sözü işlədilir:

Çataraq inləyir neyin nəfəsi,

Nağara əl çalır, yüksəlir səsi.

Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha  qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların  ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır. Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.

00822361
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
38
136
174
3262
822361

Tarix: 19-03-2024
Biz, sosial şəbəkələrdə: