"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Milli mətbəx

Azərbaycanın zəngin və çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri vardır. Ta qədimdən ət və ərzaq məhsulları varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilərsə, ilin o qədər bərəkətli, məhsuldar olacağına inanılırdı. Dünyada olan 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqe Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. 

Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə kimi çeşidli növləri var.

Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir.

Burada yeməklərin şahı plov hesab edilir. Plovun əsas hissəsi düyüdür. Plovun «qarası» isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından (ərik, gavalı, alça və s.), göyərtilərdən və digər ərzaq məhsullarından istifadə etməklə hazırlanır. 

Naxçıvan mətbəxi əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və digər xəmir xörəkləri ilə də məşhurdur.

Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı, qurutaşı və digər təamların Naxçıvan mətbəxində xüsusi yeri var.

Azərbaycanda kabablar geniş yayılıb. Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi kimi kabab növləri bişirilir.

Kabab adətən qoyun və mal ətindən, həmçinin quş ətindən də çəkilir.

Naxçıvanın göl və çaylarında müxtəlif növ balıqlar yaşayır və Naxçıvan mətbəxinə daxil olan balıq yeməkləri sırasında balıq kababları, qızartmaları, balıq basdırması xüsusilə məşhurdur.

Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şoraba və salatlar, həmçinin şərbət və meyvə şirələri ilə zəngindir. 

Adətən yeməkdən sonra süfrəyə çayla bərabər müxtəlif şirniyyat və mürəbbə çeşidləri verilir.

Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb. 

Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsində bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər. Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, şirniyyatların, şərbət və şirələrin dadlı və ləziz olmasına səbəb olur.

Ətraflı bax Naxçıvan Mətbəxi kitabı 

  

01075650
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
253
435
1035
2572
1075650

Tarix: 11-12-2024
Biz, sosial şəbəkələrdə: