"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

21 fevral 2023-cü il tarixdə muxtar respublikada fəaliyyət göstərən turizm bələdçiləri və “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, tarixi-mədəni ­qoruqlar yaradılmışdır. Vurğulanmışdır ki, turizm sektoruna ölkə miqyasında göstərilən diqqət və qayğı qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında da bu sahənin dinamik inkişafına səbəb olmuşdur.

Direktor qeyd etmişdir ki, muxtar respublikada turizm sektorunun sürətli inkişafı peşə və ixtisas səviyyəsi yüksək olan kadrlara tələbatı xeyli artırmışdır. Bu baxımdan ekskursiya işinin təşkilində bələdçilərə olan tələbatı ayrıca qeyd etmək lazımdır. Ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlər, həm də ölkəmizə gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir. Muxtar respublikamızın tarixinin, mədəniyyətinin, müalicə mərkəzlərinin, fauna və florasının, istirahət və əyləncə mərkəzlərinin bir sözlə geniş turizm potensialının düzgün təbliğində və turistlərə çatdırılmasında bələdçilərin üzərinə mühüm vəzifələr düşür. Turizm bələdçisi yerli və xarici turistlərə turizm marşrutları üzrə respublikamızın bölgələrinin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verən şəxsdir. Turizm bələdçisi kimi fəaliyyət göstərən şəxslər xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkə­nin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmalıdır.

Qeyd olunmuşdur ki, bələdçilərin peşə bacarıqlarının artırılması, inkişafı istiqamətində isə görülən tədbirlər mütəmadi xarakter daşıyır. Bu məqsədlə onlar üçün müxtəlif təlim və kurslar təşkil olunur. Bələdçilərimizin yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparması üçün imkanlar yaradılır. Belə ki, 29 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” adlı təlim təşkil olunmuşdur. Təlimin sonunda təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları təqdim edilmişdir. Bundan başqa ötən dövr ərzində turizm könüllüləri üçün “Peşəkar bələdçi” təliminin I, II və III modulları keçirilmişdir. Həmçinin “Turizm könüllüsü” layihəsində iştirak edən könüllülərin muxtar respublikada keçirilən festivallarda, buraya təşkil olunan info-turlarda və digər  mədəni-kütləvi tədbirlərdə bələdçi qismində iştirak etmələrinə şərait yaradılmışdır.

Qeyd olunmuşdur ki, keçirilən bu görüşün məqsədi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turizm bələdçilərini 21 Fevral - Beynəlxalq Turizm Bələdçilər Günündə bir araya toplamaq və peşəkar bələdçilərlə turizm könüllüləri arasındakı əlaqəni möhkəmləndirməkdən ibarətdir.

Direktor çıxışının sonunda turizm bələdçilərini, eyni zamanda bütün turizm sektoru nümayəndələrini 21 Fevral - Beynəlxalq Turizm Bələdçilər Günü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma sektoru”nun müdiri Süleyman Rüstəmov qeyd etmişdir ki, muxtar respublikamızın zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli coğrafi mövqeyi turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bura artıq beynəlxalq turistlər üçün cəlbedici məkana çevrilir. Turizmin inkişafı bir tərəfdən güclü infrastrukturun qurulması, müasir mehmanxana və istirahət mərkəzlərinin yaranması ilə şərtlənirsə, digər tərəfdən ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün bələdçilərin öhtəsinə ağır bir vəzifə qoyur. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Bələdçilik xidmətinin keyfiyyəti bu gün ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarığı ilə müəyyən edilir. Turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən çox asılıdır.

Məruzəçi qeyd etmişdir ki, turizm bələdçisinin peşəkarlığı həmçinin onun şəxsi keyfiyyətləri ilə də müəyyən edilir. Bu keyfiyyətlərə əminlik, prinsipiallıq, əməksevərlik, təvazökarlıq, sadəlik, öz peşəsinə həvəslə yanaşma və özünü tənqid, yəni öz fəaliyyətini düzgün qiymətləndirmək bacarığı daxildir.

                        Sonra Dünya Turizm Bələdçilər Assosiasiyası Federasiyasının və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının üzvü Natiq Paşayev “Xan Sarayı” Dövlət Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində bələdçilik fəaliyyəti ilə bağlı praktik məşğələ ilə tədbiri davam etdirərək bildirmişdir ki, bələdçi turistlərin ətraf mühitə, canlı təbiətə, görməli yerlərə və abidələrə, habelə yerli adət-ənənələrə hörmətlə yanaşmasını təmin etmək üçün hər cür səy göstərməli ölkəmizin turizm nüfuzunu qorumalıdır. Həmçinin, qeyd etmişdir ki, bələdçi giriş sözündən sonra turistləri təlimatlandıraraq davranış qaydaları ilə tanış edir. İştirakçılara turistlərin avtobusdan çıxışı, onların  obyekt yanında yerləşdirilməsi, avtobusa dönüşü, ekskursiya vaxtına riayət edilməsi, gedilən marşrut üzrə yaxınlıqda yerləşən turizm obyektlərinə baxış, obyektlərin nümayiş etdirilməsi və onun əsas üsulları, ekskursiya-bələdçisinin turist qrupu ilə əlaqəsi haqqında ətraflı məlumat vermişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

01011260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
355
184
2037
186818
1011260

Tarix: 26-04-2024
Biz, sosial şəbəkələrdə: