"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilmişdir

 

14 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilmişdir. Muxtar respublikanın turizm sektoru nümayəndələrinin və turizm könüllülərinin iştirakı ilə keçirilən onlayn tədbirdə Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan qədim dövrlərdən başlayaraq səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Dünyada koronavirus pandemiyasının davam etdiyi bir şəraitdə bütün ölkələr kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında  da daxili turizmin inkişafı mühüm prioritetlər arasında yer almışdır. Cari ilin iyun ayından başlayaraq sosial məsafə şərtləri nəzərə alınmaqla turların təşkilinə başlanılması muxtar respublikamızda daxili turizm üzrə mövcud resurslarımızdan maksimum istifadə məsələlərini gündəmə gətirmişdir.

Vurğulanmışdır ki, 21 iyul 2020-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında daxili turların təşkili, daxili turizmin inkişaf etdirilməsi, Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Ali Məclis Sədrinin birbaşa diqqət və qayğısı sayəsində muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etdirilir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, müasir infrastrukturun və turizm obyektlərinin yaradılması, yaşıllıqların artırılması, tarixi-memarlıq abidələrinin yenidən bərpa olunması, beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi, müxtəlif festivalların təşkil olunması regionda turizmin inkişafına əsaslı təsir etmiş və muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması bu istiqamətdə görülən işlərə böyük töhfə olmuşdur. Sərəncama uyğun olaraq bölgədə müvafiq infrastruktur qurulmuş, müasir standartlara cavab verən Xizək mərkəzi yaradılmışdır.

Qeyd olunmuşdur ki, son illər muxtar respublikada kənd turizmi sürətlə inkişaf edir və bunun əsaslı səbəbləri var. Bu gün Naxçıvanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz içməli su, təbii qaz, elektrik enerjisi verilişi təmin olunub, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilib. Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərməkdədir. Muxtar respublikanın Ağbulaq, Biçənək, Bist, Dırnıs, Ərəfsə, Gümüşlü, Keçili, Kükü, Nəsirvaz, Nursu, Şahbulaq, Tivi, Xanəgah və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Kənd yaşayış məntəqələrinə gələn turistlər həm də ailə təsərrüfatları tərəfindən hazırlanan onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər.  

Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla bir sıra turizm marşrutları, həmçinin Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri, Naxçıvan Muxtar Respublikasının dini turizm xəritəsi hazırlanaraq nəşr olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının Bələdçi Kitabı hazırlanmaqdadır.

Bildirilmişdir ki, muxtar respublikada müalicə turizminin inkişafına xüsusi diqqət yetirilir. Zəngin təbii sərvətlərə malik olan qədim diyarımız öz təbii müalicə obyektləri ilə məşhurdur. Muxtar respublikamızda müalicə turizminin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür.

Duzdağ Fizioterapiya Mərkəzi muxtar respublikamızda müalicə turizminin inkişafında böyük pay sahibidir. Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, mağaranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperaturu, rütubəti, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bir çox xəstəliklərin müalicəsi üçün unikal şərait yaradır. Təsadüfi deyil ki, bu müalicə ocağına müraciət edənlərin sayı getdikcə artır.

Müalicə turizminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq hazırda Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılmaqdadır. Bir çox xəstəliklərin müalicəsinə imkan verən bu şəfa ocağı üçün hazırda yeni kompleks inşa olunur.

Naxçıvan Muxtar Respublikasında dini turizmin inkişafı üçün böyük potensial olduğunu qeyd edən məruzəçi bildirmişdir ki, təkcə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə hər il on minlərlə insan ziyarətə gəlir. Son illər ərzində Naxçıvan şəhərində İmamzadə Kompleksi, Nehrəm imamzadəsi və onlarla digər dini turizm obyektləri bərpa olunaraq turistlərin və yerli sakinlərin istifadəsinə verilmişdir. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin və yerli əhalinin ən çox ziyarət etdikləri abidələrdən biridir. Bununla yanaşı, muxtar respublikanın rayonlarında yerləşən dini abidələrimizə də çoxsaylı ziyarətlər təşkil olunur.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikasında daxili turizm potensialının öyrənilməsi və təbliği məqsədilə Turizm Departamenti tərəfindən muxtar respublikanın rayonlarında ekoturizm baxımından əhəmiyyətli obyektlərin, kirayə verilən kənd evləri və həyətyanı sahələrin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. Yeni fəaliyyətə başlayan “naxcivan_ekoturizm” adlı sosial şəbəkə hesablarında Naxçıvanın daxili turizm potensialını əks etdirən məlumat və fotoşəkillər paylaşılır. Hazırda səhifənin zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir. Həmçinin, Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq ekoturizmin təbliğinə dair məlumat və fotoşəkillər bu bölmədə yerləşdirilmişdir.

Sonra mövzu ətrafında “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu” MMC-nin əməkdaşı Sahil Murtuzayev, “Natiq/Naxçıvan Travel” MMC-nin rəhbəri Natiq Paşayev çıxış etmişdir. Çıxışlarda muxtar respublikanın dini, tarixi-mədəni, ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa turizm növlərinin inkişafı baxımından böyük potensiala malik olduğu vurğulanmış, həyata keçirilən infrastruktur quruculuğu, aparılan məqsədyönlü siyasətin daxili turizmin inkişafına yeni imkanlar açacağına, bu sahədə daha böyük uğurların qazanılacağına əminlik ifadə edilmişdir.

Onlayn tədbirdə Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

00501871
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
12
355
367
12
501871

Tarix: 01-12-2020
Biz, sosial şəbəkələrdə: