"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şahbuzun möcüzəli təbiəti qış turizmi üçün də əlverişlidir

Turizmin inkişafında əsas şərt

Turizmin inkişafında ən vacib şərtlərdən biri infrastrukturdur. Bu gün ölkəmizdə turizm üçün çox əlverişli kəndlər var ki, həmin kəndlərdə infrastruktur, xüsusilə də yol təchizatı müasir tələblərə cavab vermədiyindən orada turizmi inkişaf etdirmək olmur. Lakin bu, Naxçıvanda tamamilə fərqlidir. Artıq muxtar respublikamızda çox az sayda kəndlərimiz qalıb ki, onların da abadlaşdırılması mərhələli şəkildə həyata keçirilməkdədir. 

Şahbuz muxtar respublikamızda sosial-iqtisadi inkişafdan bəhrələnən rayonlarımızdan biridir. Dağlıq ərazidə yerləşən bu bölgədə illər öncə bərbad yollar, Sovetlər Birliyi dövründən qalma köhnə, yararsız binalar burada miskin bir görkəm yaratmaqla yanaşı, əhalinin həyat şəraitini də həddən artıq çətinləşdirmişdi. 

Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından Şahbuz rayonu da uzun bir yeniləşmə dövrünə qədəm qoydu. Bu gün rayonun ən ucqar kəndlərinə uzanan yollar abadlaşdırılıb, yeni təhsil, səhiyyə, mədəniyyət, ticarət obyektlərinin müasirliyi, gözoxşarlığı Şahbuzun möcüzəli təbiəti ilə bir harmoniya yaradıb. Elə bu da ucqar dağ rayonunda turizmin inkişafı üçün stimul olub. İndi rayona gələn turistlər bu harmoniyanı təəccüblə qarşılayır və buradan yüksək təəssüratla ayrılırlar.

Bölgənin coğrafi mövqeyi və turizm

Şahbuz öz gözəlliyi ilə turistləri ilin bütün fəsillərində səsləyir. Bu rayon həmçinin turizmin bir neçə növü üçün əlverişli sayılır. Yaz, yay burada hava çiçək rayihəsi verir. Gələn qonaqlar da dəfələrlə bunu vurğulayırlar: – “Elə bil havadan çiçək ətri gəlir”. Niyə də gəlməsin ki?.. Yazda-yayda dağlarının zirvəsindəki qardan şuxluq, Günəşdən hərarət alaraq yamaclara, düzlərə səpələnən min bir adda al-əlvan çiçəklərin yurdu, məkanıdır Şahbuz. Quzeylərindən güneylərinə doğru yaşıl rəngin bütün çalarlarının bir-birini əvəz etdiyi əsrarəngiz təbiət gözəlidir Şahbuz. Buradakı təmiz hava, saf sular, şəfa bulaqları, təbii nemətlər, insanların qonaqpərvərliyi hər bir turistin görmək istədiyi məqamlardır.

Rayonda 140-a yaxın tarix-mədəniyyət abidəsi qeydiyyata alınmışdır ki, 6-sı dünya əhəmiyyətlidir. Onların böyük əksəriyyəti arxeoloji abidələrdir. Qədim tarixi və mədəni keçmişi özündə yaşadan, zəngin ekspozisiyaya malik rayon Tarix-Diyarşünaslıq Muzeyi daim bura gələn turistlərin marağına səbəb olur. 

“Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 28 iyun tarixli Sərəncamı ilə Şahbuz rayonunun Nursu kəndində yaradılan və şairin doğum günü – 1 dekabr 2014-cü ildə istifadəyə verilən ev-muzeyi bu kəndi turistlərin ilin bütün fəsillərində ən çox üz tutduqları ünvanlardan birinə çevirib. 

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq gözəl təbiəti, heyrətamiz coğrafi mövqeyi olan turizm üçün çox əlverişli kənddir. Burada 2013-cü ildən fəaliyyət göstərən istirahət mərkəzi kənddə turizmin inkişafına təkan vermişdir. Ağbulaq İstirahət Mərkəzi 3 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Otaqlarda istirahət üçün hər cür şərait yaradılmış, havalandırma sistemləri quraşdırılmış və sürətli internetlə təchiz edilmişdir. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da vardır. Kompleksin ərazisinə 2 kilometr məsafədən içməli su xətti çəkilmiş, ərazi dəmir məhəccərlə hasarlanmışdır. Həyətdə futbol meydançası yaradılmış, uşaq əyləncə qurğuları qoyulmuş, ağac və gül kolları əkilmişdir.

Dağların qoynunda inşa edilən mərkəzə abad yollarla neçə-neçə döngələri keçərək sanki dağların ətəyindən zirvəsinədək olan məsafəni qət edərək çatırsan. Buradan ətrafa nəzər saldıqda səndən neçə yüz metr aşağıda göz uzandıqca uzanan sahələr görünür. Düşünürsən ki, qış turizmi inkişaf etdikcə, bəlkə də, yaxın gələcəkdə burada böyük bir dağ xizək kompleksi də yaradıla bilər. Onda qış turizmi üçün Ağbulağa üz tutanların sayı-hesabı olmaz. 

Şahbuzun Tanrının sanki turizm məkanı üçün yaratdığı Batabat yaylağı isə yay-qış bura gələnlərin heyranlıqla ayrıldıqları bir təbiət möcüzəsidir. Burada fəaliyyət göstərən “Batabat” otel-restoranı soyuq qış günlərində Batabata gələn turistləri hərtərəfli şəraiti ilə qarşılayan, onların rahatlığı üçün bütün imkanları olan məkandır.

Rayonun Kükü kəndində 3, Ağbulaq kəndində 5, Külüs kəndində 1, Biçənək kəndində 2 olmaqla, ümumilikdə, turistlərə 11 ev təklif olunur. Xarici qonaqların tələbatını ödəyəcək səviyyədə olan bu evlərin şəkilləri və ünvanları Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin internet saytında da yerləşdirilib. Həmin evlərdən artıq həftəlik, aylıq istifadə edənlər də olub. Bütün bunları nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olur ki, Şahbuz rayonunun coğrafi mövqeyi burada eko­turizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır.

Qış turizminə üstünlük verənlər

Turizm dedikdə, ilk növbədə, yayın isti günlərində dincəlmək, sərinləmək üçün insanların ölkədaxili və xarici ölkələrdəki istirahət məkanlarına üz tutmaları başa düşülür. Lakin Ümumdünya Turizm Təşkilatının statistik göstəricilərinə görə, hər il dünya turistlərinin, təxminən, 30-35 faizi qış aylarında istirahət etməyə üstünlük verirlər. Bu, bir tərəfdən insanların məşğulluq sahəsi ilə bağlıdırsa, digər tərəfdən sözsüz ki, onlarda qış fəslinə olan sevgi, qışın romantik görüntülərinə heyranlıqdır. Qış turizmi dedikdə insanın gözləri önündə, ilk olaraq, yüksək dağlıq ərazilərdə, əsasən, xizək idman növü canlanır. Lakin bu, tək o səbəbdən deyil. İnsanlar qış turizminə üstünlük verməklə fərqli bir istirahət etmiş olduqlarını düşünürlər. Yüksəkliklərin təmiz havasından yararlanmaq, təbii bitki örtüyünün verdiyi oksigendən faydalanmaq, ailəliklə xoş istirahət etmək, yaşadıqları həyatın streslərindən kənarlaşmaq, istirahət etdikləri bölgənin mədəniyyətini araşdırmaq istəyi qış turizmini son illər daha çox diqqətçəkən turizm növlərindən birinə çevirmişdir.

Şahbuzun “qış nağılı”

Batabatın, Ağbulağın, Kükünün, Biçənəyin, Nursunun, Keçilinin, Külüsün qış fəslini görənlər, məncə, uzun illər bu gözəl təəssüratlardan ayrıla bilməzlər. Bəlkə də, söylədiklərim burada yaşayan insanlar üçün adi ola bilər. Təbiidir, axı bu yurd yerlərində yaşayanlar o gözəllikləri daim görür. Lakin kənardan gələn insanlar möcüzəli təbiətlə qarşılaşırlar. Dəniz səviyyəsindən neçə yüz metr yüksəklikdə yerləşən bu yerlərin zirvəsi sanki göyə söykənən dağlar, sıldırım qayalar, göz baxdıqca uzanan dərələr, bu dərələrdə yağan qarın xüsusi fiqurlar yaratdığı kollar, dağlarda, yamaclarda yalnız bu şaxtalara tab gətirə bilən quşların, heyvanların ləpirləri, çayların üzərindəki körpü yaradan, ağaclardan sallanan salxım buzlar hansı turistin tamaşa edib yorğunluğunu çıxarmaq istədiyi mənzərələr deyil? Batabatın bənzərsiz təbiəti, burada gölün içərisində yayda “Üzən ada”nın şaxtadan hərəkətsizləşmiş qarlı qışını seyr etmək, Zorbulağın, Söyüdlü bulağın sıldırım buzlar altından həzin qış nağılını kim dinləmək istəməz? Keçilidə Camal qalasının, Çınqıllı bulağın, Küküdə Qanlıgölün, Dərəboğazının, Pirdərəsinin tamaşasından kim doyar ki?... 
Yayı bir, qışı bir başqa olan Şahbuzun təbii gözəllikləri haqqında saatlarla danışmaq olar. Lakin bu gözəllikləri canlı olaraq görmək, duymaq tam başqadır.

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır

Yayda da, qışda da dincəlməyi planlaşdıran insanlar ölkədaxili, yoxsa xarici turlar seçimi qarşısında qalırlar. Düşünürəm ki, öncə hər bir insan ölkəsi daxilində olan turizm bölgələrinə üz tutmalı, istirahət etməlidir. Doğma Vətənimizi hərtərəfli tanıyandan sonra xarici ölkələrə səfərlərimiz özümüzünkü ilə onlarınkını müqayisə etməyimizə, yaxşıları özümüzdə də görmək istəyimizə şərait yaradar.

Qış fəsli olsa da, deyəsən hələ ki, təbiət öz ağ donuna tamamilə bürünmək “fikrində” deyil. Lakin Şahbuzda istirahəti seçənlər istədikləri mənzərəni burada tapa bilərlər. Ümidvarıq ki, aid təşkilatlar Şahbuzun turizm potensialının reklamlarını genişləndirməklə bura turistləri daha çox cəlb edə biləcəklər. Və bu gözəl bölgədə olan hər bir turist hər dəfə iştirahət barədə düşünəndə ruhuna hakim kəsilmiş “Şahbuzun hüsnünü eylədikcə yad, xəyalım bir anda açır qol-qanad” fikirləri ilə yenə bu yurd yerini seçəcəkdir.

 Mətanət MƏMMƏDOVA

"Şərq qapısı" qəzeti

01013033
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
260
319
1080
579
1013033

Tarix: 02-05-2024
Biz, sosial şəbəkələrdə: