"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Əsas məqsədimiz Naxçıvanı təbliğ etmək, tanıtmaq, Azərbaycanda turizmin inkişafına töhfə verməkdir

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə 17-21 noyabr tarixlərdə yerli blogerlərin muxtar respublikaya səfəri təşkil olunub. Səfərin ilk günü ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Heydər Əliyev Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi  ilə tanışlıq olub. Biz də bu səfərin məqsədini və səfərlə bağlı təəssüratları öyrəndik.

Ədnan Hüseyn: “YUGEN”in rəhbəri – Bu, Naxçıvan Muxtar Respublikasına ikinci gəlişimdir. Birinci gəlişim bu il iyul ayında “Zəfər Düşərgəsi” ilə olub. Bu dəfə də “YUGEN”in (Rəqəmsal, marketinq və tədbirlərin təşkili şirkəti) təşkilatçılığı Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi ilə “re: Azerbaijan” layihəsi üzrə buraya gəlmişik. Birinci səfər vaxtı mən təklif etdim ki, biz gərək Naxçıvanın təbliğinə daha çox fikir verək. Bakıya dönəndə layihə üzərində işləməyə başladıq. Layihəni hazırlayandan sonra qonaqları cəlb etdik. Hər biri də böyük həvəslə, maraqla yanaşdılar. Bu adıçəkilən layihənin birinci turu da məhz Naxçıvan şəhərinə təşkil edildi. Turda 30-a yaxın yerli bloger, influencerlər iştirak edirlər. İlk olaraq Naxçıvanın seçilməsi də təsadüfi deyil. Bu diyarın qədim və zəngin tarixi, coğrafi mənzərələri, nəqliyyat baxımından rahatlığı bizi buraya gətirdi. Turun əsas məqsədi ondan ibarətdir ki, burada iştirak edənlər öz sosial şəbəkə hesabları üzərindən Naxçıvanı təbliğ etsinlər, tanıtsınlar. Azərbaycanımızın bu günə kimi görün­məyən, lakin maraqlı məkanlarını göstərək. Həm soydaşlarımızın, həm xarici vətəndaşların diqqətini cəlb edək ki, Azərbaycanda turizmin inkişafına da öz töhfəmizi verə bilək. Ölkəmizin hər bir yeri tarixi, mədəniyyəti, ənənələri ilə çox zəngindir. Ümid edirik ki, yaxın zamanda azad olunmuş torpaqlarımızda da bu turları keçirəcəyik, xarici blogerləri, tanınmış simaları qonaq edərək bütün dünyaya Azərbaycanın gözəlliklərini bir daha göstərəcəyik.


Bir daha qeyd edim ki, Naxçıvanın hər bir tərəfi, gördüyüm hər bir yer, tarixi məkan, daddığım hər bir yemək yaddaşımda qaldı. Biz bu yaxınlarda Əlincə qalasına qalxacağıq. Mən orada artıq olmuşam, böyük məmnuniyyətlə bir daha oraya qalxacağam. Əshabi-Kəhfə gedəcəyik. Ora da çox maraqlı, tarixi bir yerdir. Naxçıvanda gəzə biləcəyimiz yerlər çoxdur. Biz çalışacağıq ki, olduğumuz məkanlar haqqında insanları ətraflı şəkildə məlumatlandıraq. Əminik ki, Naxçıvana tur mütləq təkrar ediləcək və bu gözəl diyara olan maraq da get-gedə artacaq.

Həqiqət Babayeva: “YUGEN”in əməkdaşı – Atam naxçıvanlıdır. Özüm də uşaq vaxtımda burada olmuşam. Təyyarədən düşəndə doğma evimə gəldiyimi hiss etdim. Şəhərin havası, təmizliyi, insanlarının gülərüz, səmimi olması məndə xoş hisslər yaratdı. Naxçıvan tarixi abidələrlə zəngindir. Möminə xatın türbəsi, Naxçıvanqala çox qədim tarixi abidələrdir. Həmin abidələr bizə qədimdə burada yaşamış insanların həyatı, şəraiti, qəhrəmanlığı, mübarizliyi haqqında çox söz deyir. Heydər Əliyev Muzeyində olduq. Ümummilli liderimiz Heydər Əliyevin həyatı, fəaliyyəti burada sərgilənən fotolarda çox aydın şəkildə göstərilib. Bütün bunlar dahi liderə olan məhəbbətimizi, heyranlığımızı bir daha artırdı. Burada gəzdiyimiz yerlərdən fotolar paylaşırıq. Hamı bir daha Azərbaycanımızda belə gözəl, qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən bir şəhərin olduğunu görür. Əlbəttə ki, nə qədər çox adam bilsə Naxçıvan haqqında, o qədər də yaxşıdır.
Orxan Aslanov: peşəkar fotoqraf – Naxçıvanda bir neçə dəfə olmuşam. Çox şadam ki, yenidən buradayam. Hər dəfə gələndə yenidən gəlmiş kimi oluram. Buranın gözəl təbiəti həmişə mənə zövq verir. Ötən dəfə “The Book of Azerbaijan” layihəsi ilə bağlı səfər etmişdik. Muxtar respublikanın müxtəlif yerlərində fotoçəkilişlər aparmışdıq. Çəkdiyim fotoları sosial şəbəkə hesabımdan paylaşanda Naxçıvana olan sevginin hədsizliyini və gəlib görmək istəyənlərin də sayının çox olduğunu müşahidə etdim. Diyarımızın təbiəti ilin hər bir fəslində gözəldir. Payız fəsli də Naxçıvana xüsusi bir gözəllik qatıb, əsl yaradıcılıq ruhu duyulur. Təbiəti ilə yanaşı, tarixi, mədəniyyəti ilə də unikal bir məkandır Naxçıvan. Bu dəfə də tarixi məkanları ilə yanaşı, Batabat, Ağbulaq kimi təbiəti gözəl, eyni zamanda turizmin əsas məkanlarında olacağıq. Burada həmişə təbiətə qayğı və sevgi mənim xüsusi diqqətimi çəkir. Sanki xarici bir şəhərdə özümü hiss edirəm. Bunlar möhtəşəm mənzərələrdir. Naxçıvana yenidən gələcəyəm.

Güntac ŞAHMƏMMƏDLİ

"Şərq qapısı" qəzeti

18.11.2021

 

01011948
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
326
332
2725
187506
1011948

Tarix: 28-04-2024
Biz, sosial şəbəkələrdə: