"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr muzeylərlə tanış olmuşlar

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş  “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələrin 22 aprel 2021-ci il tarixdən etibarən Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyaları təşkil edilmişdir. İlk olaraq tələbələr Heydər Əliyev Muzeyində olmuşlar. Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  Sədrinin  1999-cu il fevralın  18-də  imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında tələbələrə məlumat verilmişdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir.

Növbəti gün tələbələr Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar. Ekskursiya zamanı tələbələrə bildirilmişdir ki, muzeyin fondunda 3600-dən çox maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 295-i xalçadır. Ekspozisiyada isə 300-dən çox eksponat nümayiş etdirilir. Sonra  tələbələr ekspozisiyada  nümayiş olunan  bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta və dəmir həvələr, kirgitlər, ilmə bıçağı və digər eksponatlarla yaxından tanış olmuşlar.

Sonra Milli Dəyərlər Muzeyində istehsalat təcrübələrini davam etdirən tələbələrə, bələdçi bildirmişdir ki, muxtar respublikamızda milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. 3 ekspozisiya zalından ibarət olan muzeydə xalqımızın qədim dövrlərdən istifadə etdiyi milli geyimlər, musiqi alətləri, mətbəx və məişət əşyaları, sənətkarlıq nümunələri, həmçinin milli dəyərlərlə bağlı kitab və videomateriallar nümayiş olunur. Muzeyin fondunda ümumilikdə 265 ədəd eksponat vardır ki, bunlardan 8-i fondda qorunub saxlanılır, 257-si isə ekspozisiyada sərgilənir.

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olan tələbələrə muzey haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki,    Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. 8 ekspozisiya zalından ibarət olan muzeydə 2500-dən çox eksponat var. Tələbələr burada nümayiş olunan arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi ilə tanış olmuşlar. Kompleksə daxil olan Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey haqqında da tələbələrə məlumat verilmişdir. Sonda tələbələri maraqlandıran suallar muzeylərin bələdçiləri tərəfindən cavablandırılmışdır.

01011237
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
332
184
2014
186795
1011237

Tarix: 26-04-2024
Biz, sosial şəbəkələrdə: