"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ölkənin aparıcı media nümayəndələrinin Naxçıvan haqqında təəssüratları

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 31 may-2 iyun tarixlərində ölkəmizin aparıcı media nümayəndələri muxtar respublikada səfərdə olublar. Səfər çərçivəsində onlar qədim diyarımızın tarixi abidələri, istehsal, təhsil, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olublar. Media nümayəndələri Naxçıvan təəssüratları barədə danışıblar.

Vüqar Səfərli – KİVDF-nin icraçı direktoru: “Biz artıq ikinci dəfədir ki, müxtəlif mətbuat orqanlarının nümayəndələri ilə Naxçıvana səfər edirik. Birinci səfərimiz keçən ilin oktyabr ayına təsadüf etmişdi. 20 nəfərdən ibarət, əsasən, baş redaktorların təmsil olunduğu bir heyətlə gəlmişdik. Burada media qurumları ilə əlaqələrin genişləndirilməsi məqsədilə konfrans keçirdik. Naxçıvanı gəzdik, onları buradakı tarixi abidələrlə tanış etdik. İlk səfərdən sonra ölkə mətbuatında Naxçıvan, onun inkişafı haqqında yazılar verilmişdi. 

Budəfəki gəlişimizin məqsədi Naxçıvanda turizmin inkişafı ilə bağlı medianın roluna həsr olunmuş tədbirin keçirilməsidir. Naxçıvan güclü turizm potensialına malikdir. Bu, mediada geniş işıqlandırılmalıdır. Qərara almışıq ki, media rəhbərləri buradan qayıdandan sonra Naxçıvanın turizm potensialı ilə bağlı geniş məqalələr yazsınlar”.


Müşfiq Ələsgərli – Azərbaycan Mətbuat Şurasının sədr müavini: “90 ildən artıq bir müddətdə blokadada yaşamağın, amma bu blokadanın təsirlərini heçə endirərək bu qədər inkişaf etməyin dünyada analoqu yoxdur. 

Naxçıvanda turizm obyektləri, tarixi yerlər kifayət qədər çoxdur. Biz keçən dəfə Əlincə qalasında, Duzdağda olduq, başqa abidələrə baş çəkdik. Doğrudan da, buranın böyük turizm potensialı var və hesab edirəm ki, təbliğat aparıldıqca əcnəbi turistlərin əsas üz tutacağı mərkəzlərdən biri də Naxçıvan olacaq. 

Naxçıvanda turizm obyektlərini gəzmək, görmək, burada qalmaq, istirahət etmək üçün gözəl infrastruktur qurulub. Nəqliyyat, təminat ən yüksək səviyyədədir. Şəhərin görkəmi də çox gözəldir. Burada qədim Şərq arxitekturası ilə müasir şəhərsalma üslubunun birləşdirilməsindən qəribə bir sintez yaradılıb ki, buna da başqa yerlərdə rast gəlmək mümkün deyil. Yəni bilirsiniz ki, müasir dünyada modern tikililər, göydələnlər klassik şəhərsalma arxitekturasına ciddi zərbə vurur. Amma Naxçıvan yeganə məkanlardandır ki, burada həm tarixi arxitektura, həm də modernlik vəhdət təşkil edir. İnanırıq ki, Azərbaycan jurnalistləri və mediası öz potensialını, gücünü ortaya qoyarsa, Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində böyük işlər görmək olar”.


Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru: “Naxçıvanda kifayət qədər muzeylər, tarixi abidələr və istirahət mərkəzləri var. Təbii müalicə obyektləri fəaliyyət göstərir. Bunların hər biri imkan verir ki, Naxçıvanda turizm inkişaf etdirilsin. Məlumdur ki, bu sahədə artıq proqram xarakterli işlər görülür. Burada bəzi məqamlarda mətbuatın üzərinə çox böyük iş düşür. Piyar xarakterli informasiyanın aparılmasına, məncə, bu gün zərurət var. Mətbuat Naxçıvanla bağlı öz işini bilməlidir. Mən bir haşiyə çıxım ki, ümumiyyətlə, Azərbaycanda son dövrlərdə turizm potensialının dünyaya çatdırılması və turizmin inkişafı istiqamətində fundamental işlər aparılır. Bu baxımdan Naxçıvanda da kifayət qədər işlər görülür. Mətbuat Naxçıvanın turizm potensialını dünyaya çatdırmağa borcludur. Mərkəzi mətbuatda bir neçə dildə məlumat vermək lazımdır. Hesab edirəm ki, Naxçıvanı və Naxçıvanın turizm potensialını Azərbaycanda, dünyada tanıtmaq üçün hər bir mətbuat orqanı konkret bir layihə hazırlamalı və bu sahədə sistemli iş aparmalıdır”.


Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru: “Naxçıvan Azərbaycanın elə bir torpağıdır ki, biz oranı həmişə sevməliyik. Qədim tarixə malik olan bu torpağın inkişafı üçün hamımız əlimizdən gələni əsirgəməməliyik. Naxçıvanın tarixi abidələrinə çox böyük diqqət, qayğı göstərilir. Ötən səfərimizdə biz Əlincə qalasında olarkən bu çətin ərazidə bu cür abadlıq işlərinin aparılmasını heyrətlə qarşılamışdıq və düşünürdük ki, bu həm də keçmiş tariximizə, mədəniyyətimizə hörmət və ehtiramın, dərin sevginin təzahürüdür. Eyni zamanda bu, böyük təşkilatçılıq, bacarıq sayəsində mümkün olmuşdur. Xüsusən biz oradan gecə vaxtı ayrılanda qalaya çəkilən yolların işıqlandırılması və möhtəşəm görünüşü bizi təsirləndirmişdi. Bu, böyük əməyin, sevginin nəticəsidir. Tariximizə göstərdiyi diqqətə və Azərbaycan tarixində xüsusi yer tutan bu qədim abidənin bərpa edilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm. Azərbaycan mediası da bu işdə əlindən gələni etməyə, Naxçıvanın turizm sahəsində, digər sahələrdə olan irəliləyişini qələmə almağa, təbliğ etməyə borcludur. 

Məni xüsusən Duzdağ çox heyrətləndirdi. Orada böyük işlər görülübdür. Yaxın ölkələrdən Duzdağa müalicə üçün gələn insanlar çoxdur. Naxçıvan Avtomobil Zavodunda gördüklərimiz də bizi çox sevindirdi. Gözəl “NAZ-Lifan” maşınları muxtar respublikada sənayenin güclü inkişafının göstəricisidir. Biz arzu edirik ki, gündən-günə bu inkişaf, bu güc daha da artsın”.


Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru: “Bu gün, doğrudan da, Naxçıvanda həm tarixi adət-ənənələrin yaşadılması, həm də milli irsin qorunması ilə bağlı mühüm işlər görülür. Naxçıvan, ümumiyyətlə, müsəlman aləminin ən müqəddəs ibadətgahlarının olduğu yerlərdən biridir. Məsələn, biz Əshabi-Kəhf ziyarətgahını, Möminə xatını, Nuh Peyğəmbərin türbəsini ziyarət etdik, Xan sarayında olduq. Bunlar, doğrudan da, Naxçıvanın qədim yaşayış məskəni olduğunu təsdiqləyən dəlillərdir, faktlardır. 
Naxçıvan bu gün təkcə Azərbaycanın deyil, dünyanın ən müasir şəhərlərindən birinə çevrilib. Naxçıvanda görülən işlər nümunə gücündədir. Naxçıvan bu gün öz simasını dəyişib. Mən avtomobil zavodunda birinci dəfə idi olurdum. Doğrudan da, müasir, gözəl avtomobil istehsal edilir. 20-30 il əvvəl ağlımıza belə, gətirməzdik ki, Naxçıvanda belə bir avtomobil zavodu olacaq. Hesab edirəm ki, bu, çox böyük bir nailiyyətdir. 

Bilirsiniz ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Təbii ki, Naxçıvana da. Xarici ölkələrin Azərbaycandakı səfirlərinin Naxçıvana gəlişini, muxtar respublika haqqında xoş təəssüratlarını media vasitəsilə izləyirəm. Doğrudan da, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq kifayət qədər böyük imkanlara malikdir və hesab edirəm ki, bizim üzərimizə çox böyük bir məsuliyyət, şərəfli bir vəzifə düşür. O vəzifə ki Naxçıvanda real görülən işləri dünyaya çatdırmaqdır. Bu, hər bir vətəndaşın borcudur”.


Zülfiyyə Quliyeva – “Mövqe.az” saytının müxbiri: “Bu, mənim Naxçıvana ikinci gəlişimdi. Əslində, mən Naxçıvanın bu qədər böyük turizm potensialına malik olduğunu bilmirdim. Gəzdikcə hər addımında, hər daşında bir tarix boylanır. Buna görə də inamla deyə bilərik ki, Naxçıvanda turizm sektorunun inkişafı üçün geniş imkanlar var. 

Burada mənim diqqətimi çəkən məqamlardan biri o oldu ki, tarixi və mədəni abidələrin qorunub saxlanılmasına böyük diqqət yetirilir. Bu, çox önəmlidir. Bütün bunları gördükdən sonra mən də bir media nümayəndəsi kimi Naxçıvanın gəzməli-görməli yerləri, tarixi abidələri, turizm məkanları ilə bağlı geniş reportajlar hazırlayacağam. Belə məqalələrin mətbuatda yer alması Naxçıvanın turizm potensialının təbliği baxımından əhəmiyyətlidir. Buna görə də media olaraq muxtar respublikada turizmin inkişafına öz töhfəmizi verməliyik.


Namiq Əliyev – “Palitra” qəzetinin baş redaktoru: “Son dövrlərdə Azərbaycanda hörmətli Prezidentimizin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Turizm sahəsi də qeyri-neft sektorunun əsas sahələrindən biridir. Bu gün dünyanın bir çox ölkələri turizmə böyük diqqət yetirir. Çünki turizm böyük gəlir gətirən sahələrdəndir. Məsələn, yadımdadır, məqalədə oxudum, elə ölkələr var ki, turizm sektoru onların ümumi daxili məhsulunun 10 faizini təşkil edir. Bu, çox böyük rəqəmdir. Azərbaycanın da turizm potensialı genişdir, o cümlədən də Naxçıvanın. Turizm özü geniş bir sahədir. Onun da müxtəlif qolları var. Məsələn, dini turizm, tibbi turizm, tarixi turizm. Bunların hamısı Naxçıvanda var. 

Hər hansı bir ölkəyə səfər edirsənsə, ilk növbədə, gələn qonağı tarixi abidələrlə tanış etməyə çalışırlar. Çünki tarixi abidələr xalqın tarixidir, onun simvoludur. Bu baxımdan da Naxçıvanda tarixi turizmin inkişaf etməsi üçün böyük potensial var. Naxçıvan qədim diyardır. Məsələn, ən qədim yaşayış düşərgələrindən biri Şərurun Tənənəm kəndinin yaxınlığındakı Qazma mağarasıdır. Bu mağara Daş dövründən qalmış bir abidədir. Elə insanlar var ki, doğrudan da, maraqlıdır ki, getsin bu cür mağaraları görsün. Eynilə də onun kimi başqa dövrlərə aid bizim tarixi abidələrimiz var. Məsələn, Atabəylər dövləti təkcə Azərbaycanla bağlı olmayıb. Bu dövlət bütün Anadolunu, İranı, indiki İraq ərazisini əhatə edib. Həmin ölkələrdə yaşayan və tarixlə maraqlanan insanlar arasında vaxtilə Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan şəhərində həmin dövrə məxsus abidələri görmək istəyənlər də çox ola bilər. Yaxud Əmir Teymurun 14 il mühasirədə saxladığı, ancaq məğlub edə bilmədiyi Əlincə­qalanı yaxından görmək istəyənlər də muxtar respublikaya gələ bilərlər. Bunun üçün də biz təbliğat aparmalıyıq. 

Mənim doğulub, boya-başa çatdığım Sədərək də qədim yurd yeridir. Orada da hər dövrə aid yaşayış məskənləri var. Bütün bunlar bizə Naxçıvanın təbliği ilə bağlı geniş imkanlar açır”.

 

00824009
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
48
349
855
4910
824009

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: