"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın zəngin təbiəti, əzəmətli tarixi abidələri tur-aksiya iştirakçılarını heyrətləndirib

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Bakılı məktəblilərlə həmsöhbət olmaq imkanı əldə etdik.

Bakı şəhərinin Binəqədi rayonundakı 100 nömrəli tam orta məktəbin şagirdi Kənan Bəgəliyev bildirdi ki, bu layihə onların ölkəmiz haqqında biliklərinin artırılmasında mühüm rol oynayır: “Həmyaşıdlarım adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həqiqətən də, ölkəmizin hər bir guşəsi gözəldir. “Azərbaycanın incisi” adlandırılan Ordubad çox xoşuma gəldi. Mən burada ancaq tarix kitablarından tanıdığım və ensiklopediyalarda şəkillərinə rast gəldiyim tarixi abidələrlə daha yaxından tanış oldum, onlar haqda maraqlı məlumatlar əldə etdim. Elə Culfa rayon ərazisindəki Gülüstan türbəsi və “Əlincəqala” tarixi abidəsini yaxından gördüyüm üçün sevinirəm. Bakıya qayıdanda bu abidələr haqda öz yoldaşlarıma deməyə çox sözüm olacaq”.

 

Digər bir məktəbli aksiya iştirakçısı Bakı şəhərinin Nərimanov rayonundakı Ekologiya Liseyinin şagirdi Arzu Zeynallı dedi ki, doğma Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanı qarış-qarış gəzir, tarixi abidələrlə tanış olur, dəyərli məlumatlar toplayırıq. Mənim üçün ən maraqlısı Ordubad şəhərindəki muzeylər, onların zəngin eksponat fondu, şəhərdə çağlayan bulaqlar və yüz illərə şahidlik edən çinarlar oldu. Bu şəhər bütövlükdə bir muzeydir. Bizə bu imkanın yaradılmasında əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk. 


Ürək sözlərini bizimlə paylaşmaq istəyən Bakı şəhər Qaradağ rayonu 320 nömrəli məktəbin şagirdi Mehriban Quluzadə məğrur Əlincəqalanın görünüşünün heç bir zaman yaddaşından silinməyəcəyini dedi. Bildirdi ki, bu qala haqda kitablardan çox oxumuşdum, indi isə əyani şəkildə gördüm, biliklərimi daha da zənginləşdirdim. Həqiqətən də, bu qala öz əzəməti ilə hər bir məktəblini valeh etdi, bizdə bu yurdun şanlı keçmişi haqda silinməz təəssüratlar yaratdı. Naxçıvan səfərimiz mənim və dostlarımın Vətənə olan sevgisini daha da artırdı. Aksiya zamanı biz həm də yaşıdlarımızla fikir mübadiləsi aparmaq imkanı qazandıq. Bu səfər bizim həyatımızda unudulmaz xatirəyə çevriləcəkdir. Buna görə də yoldaşlarım adından ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

Bir sözlə, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların ikinci günü də Bakı məktəbliləri üçün bir-birindən maraqlı ekskursiyalarla yadda qaldı.

01010763
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
42
445
1540
186321
1010763

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: