"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixrac olunmasında maraqlıyıq”

Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç “Şərq qapısı” qəzetinə müsahibəsində muxtar respublikaya səfərindən məmnun qaldığını bildirib. Naxçıvanın bir sıra sahələr üzrə qazandığı nailiyyətlərin nümunə gücündə olduğunu xüsusi vurğulayan diplomat muxtar respublikanın əldə etdiyi qabaqcıl təcrübənin Belarus Respublikasında da tətbiq edilməsinin əhəmiyyətini qeyd edib. Gennadi Axramoviç deyib: 

– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bir ildən çoxdur, Azərbaycan Respublikasında fəaliyyət göstərirəm. Belarus Respublikasının yaxın dostu olan Azərbaycanın qədim diyarına səfər etməyi çox arzulayırdım. Mən bilirəm ki, Naxçıvan Muxtar Respublikası həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyardır, eyni zamanda Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edən bölgədir. Ona görə bu unikal diyara səfər etmək mənim üçün çox xoşdur. 

Xüsusi vurğulamaq istəyirəm ki, mənim bu gözəl diyar haqqında bütün müsbət düşüncələrim nəinki özünü doğrultdu, hətta muxtar respublikanın unikallığı məni gözlədiyimdən də çox heyrətə düşürdü, çox zəngin təəssüratlar yaratdı. 

Naxçıvan şəhərinin küçələrindəki təmizlik və səliqə-sahman, insanların çox qonaqpərvər və gülərüz olması mənə öz doğma vətənim Belarusu xatırlatdı. Naxçıvanlılar şəhərdə tarixiliklə müasirliyin möhtəşəm kompozisiyasını yaratmaları, tarixi abidələri, milli dəyərləri ən yüksək səviyyədə qorumaları və bütün bu sahələrdə böyük uğurlar əldə etmələri ilə fəxr edə bilərlər.

Mənim muxtar respublikaya səfər proqramımın sıx olmasına baxmayaraq, bir sıra tarixi-mədəni abidələrlə də tanış oldum. Heyrətamiz idi. Naxçıvanın iqtisadi potensialı ilə tanışlığım zamanı məlumat verildi ki, insanların gərgin əməyi, məqsədyönlü fəaliyyəti və aparılan düzgün iqtisadi siyasət nəticəsində muxtar respublika özünü ərzaq məhsulları ilə tam təmin edir. Naxçıvanın bu nailiyyəti də insanı heyrətləndirir. Muxtar respublikanın əldə etdiyi bu böyük təcrübə bir sıra ölkələrə nümunə təşkil edir. Bu təcrübənin Belarusun bölgələrində də tətbiq olunması əhəmiyyət kəsb edir. 

Mən burda ali təhsil ocaqlarında da oldum. Universitetlərdə tələbələrin hazırlıqlı kadr kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Hər şey mükəmməldir. Buna görə də yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə Belarus Respublikasının ali təhsil ocaqları arasında sıx əlaqələrin qurulmasının vacib olduğunu düşünürəm.

Biz istəyirik ki, bütün sahələrdə əməkdaşlıq edək. Görüşlər zamanı Belarus Respublikasının qəhrəman Brest şəhəri ilə Naxçıvan şəhəri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr apardıq. 2012-ci ildə Naxçıvan və Brest şəhərləri arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında saziş imzalanıb, bu iki şəhər qardaş şəhərlər elan olunub. Biz istəyirik ki, bu əməkdaşlıq yeni məcrada dinamik şəkildə inkişaf etsin. Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik.

Naxçıvanın tikinti materialları istehsal edən müəssisələrində də olduq. Xüsusilə daş məhsullarının yüksək səviyyədə emal edilməsi, məhsulların çeşidliliyi və onların keyfiyyəti diqqətəlayiqdir. Qeyd edim ki, bizim bu məhsullara çox ehtiyacımız var. Çünki bu gün Belarusda tikinti işləri geniş vüsət alıb, bir sıra obyektlər inşa olunur. Biz istərdik ki, Naxçıvanın daş məhsullarından həmin obyektlərin tikintisində istifadə edək. Bir sözlə, Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq.
Biz Duzdağ Fizioterapiya Mərkəzində də olduq. Oradakı duz tuneli və duz qayalarına təəccüblə baxdıq. Burada müxtəlif ağciyər xəstəliklərinin müalicə olunduğunu öyrəndik. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasında səhiyyə turizmi sahəsində əlaqələrin genişləndirilməsini vacib hesab edirəm. Bu əlaqələrin çox böyük perspektivi olacağını düşünürəm. 

Bizim əməkdaşlıq sahəsində başqa planlarımız da var. Lakin onların həyata keçməsi üçün bundan sonra görüşlərin davam etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələrin aparılması vacibdir. Önümüzdəki aylarda bu istiqamətdə konkret addımlar atacağıq. 

Əsas odur ki, əlaqələrin inkişaf etdirilməsi məsələsində hər iki tərəf həmfikirdir Bu mənada, mən muxtar respublikaya səfərimdən çox razıyam. Səfərim gözlədiyimdən də yaxşı nəticə verdi.

01010821
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
100
445
1598
186379
1010821

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: