"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri: Naxçıvan qədim tarixə, müasir infrastruktura və ecazkar təbiət gözəlliyinə sahib olan möhtəşəm bir diyardır

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, görməli yerləri ilə tanış olub.

Səfər təəssüratlarını bizimlə bölüşən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri dedi ki, Naxçıvan Muxtar Respublikası qədim tarixə, müasir infrastruktura və ecazkar təbiət gözəlliyinə sahib olan möhtəşəm bir diyardır. Muxtar respublikanın özünəməxsus iqlimi, təmiz havası və suyu, qədim tarixə malik mədəniyyət abidələri, yaşıllığa bürünən Naxçıvan şəhərinin müasir görkəmi insanı heyran edir. Onun sözlərinə görə, Naxçıvanın şöhrətini dünyaya yayan təbii ehtiyatları arasında Duzdağın müalicəvi duz şaxtaları xüsusi yer tutur. Regionda analoqu olmayan bu müəssisə yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin müalicə mərkəzi kimi diqqəti cəlb edir.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini də ziyarət etdiyini deyən İsmayıl Rüştü Cirit bildirdi ki, dahi şəxsiyyətin fotoşəkillərinə, ulu öndərə məxsus şəxsi əşyalara və bir sıra digər qiymətli eksponatlara maraqla baxıb. Ümummilli liderin ictimai-siyasi fəaliyyətindən bəhs edən kitabları nəzərdən keçirib, Azərbaycanın xilaskarının 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid rəsmi sənəd və materiallar, məktublar onun diqqətini cəlb edib. 

Qonaq qeyd etdi ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub, Nuh Peyğəmbərin məzarüstü türbəsini, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib. O deyib: “Naxçıvan diyarı möhtəşəm mədəniyyət, dini memarlıq və ecazkar məqbərə qüllələri ilə zəngindir. Müqəddəs “Qurani-Kərim”də Əshabi-Kəhflə bağlı ayələrin mövcud olduğu məlumdur. Buradakı alimlər həmin məkanın, həqiqətən də Əshabi-Kəhf olması ehtimalının güclü olduğunu vurğuladılar. Onu bildirmək istəyirəm ki, Əshabi-Kəhf ziyarətgahında çox möhtəşəm təbiət mənzərəsi, insanın ruhuna rahatlıq bəxş edən mənəvi atmosfer mövcuddur. Naxçıvana səfər etdiyimə görə çox məmnunam. Çünki mənim babalarım da vaxtilə Naxçıvandan Anadoluya köç ediblər. Bu mənada, Naxçıvan mənim ata yurdumdur. Ata yurdumun bu qədər gözəl və möhtəşəm olduğunu gördüyümə sevindim”. 

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri muxtar respublikanın iqtisadi cəhətdən xeyli inkişaf etdiyini vurğulayaraq deyib: “Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan çoxsaylı sənaye və kənd təsərrüfatı məhsullarının sərgiləndiyini gördük. Bizə məlumat verildi ki, burada hazırda 86 müəssisənin 300-dən çox növdə və 1000-ə yaxın çeşiddə məhsulu nümayiş olunur. Bu, çox müsbət haldır. Naxçıvanın özünü ərzaq və digər məhsullarla təmin etməsi böyük əhəmiyyət kəsb edir. Çünki muxtar respublika bu gün blokada şəraitində yaşayır”.

01008682
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
278
178309
184240
1008682

Tarix: 20-04-2024
Biz, sosial şəbəkələrdə: