"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan şəhəri – 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı

Yaxın Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan ərazisi qədim və orta əsrlər zamanı yaradılmış tarix-mədəniyyət abidələri, o cümlədən müxtəlif təyinatlı memarlıq nümunələri ilə çox zəngindir. Ərazidə qədimdən memarlıq sahəsində başlanan inkişaf orta əsrlər zamanı özünün yüksək səviyyəsinə çatmışdır. VII yüzilliyin ortalarından başlayaraq islamlaşan Azərbaycanda bütün qurucu­luq işləri, o cümlədən memarlıq abidələri özündə yerli türk ənənələrini saxlamaqla bərabər, həm də islami xarakter daşımağa başlamışdır. 

Memarlıqda yaranan qədim ənənələri qoruyub saxlayan və yaradıcılıqla inkişaf etdirən orta əsr Azərbaycan sənətkarları yaranmış yeni şəraitdə bu ənənələri ümum­islam mədəniyyətinə xas çalarlarla bacarıqla zənginləşdirmiş, onların sintezinə nail olmuş, nəticədə, Azərbaycan memarlığı abidələri həm də ümumislam mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Məhz bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 10 yanvar 2017-ci ildə imzaladığı Sərəncamın preambula hissəsində qeyd etmişdir ki, “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır”.

Azərbaycanın hər yerində olduğu kimi, onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda da yaranmış, bir qismi zəmanəmizədək salamat və ya yarımdağılmış vəziyyətdə gəlib çatan bu irsə keçən yüz­illikdə, ateizm təbliğatına geniş meydan verilən Sovet hakimiyyəti illərində biganə və ögey münasibət bəslənilmiş, hətta şəxsiyyətə pərəstiş illərində onların bir qismi qəsdən dağıdılmışdır. Ancaq Azərbaycan öz müstəqilliyini bərpa edib möhkəmləndirdikdən, “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edildikdən, ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi mühüm tədbirlərdən sonra xalqımızın keçmiş mədəni irsinə münasibət dəyişmişdir. Beləliklə, tarix-mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələri, ümumislam mədəniyyətinə aid olan bütün abidələr böyük dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu qayğının nəticəsi olaraq həmin abidələrin böyük bir qismi yüksək səviyyədə bərpa olunaraq xalqa qaytarılmış, ölkədə və beynəlxalq miqyasda geniş təbliğ olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci ildə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq 1200-dən artıq tarix-mədəniyyət abidəsinin qeydə alınaraq pasportlaşdırılmasını xüsusilə qeyd etmək lazımdır. Böyük bir qismi orta əsrlər dövrünə, başqa sözlə desək, Azərbaycanda İslamın qəbul edilməsindən sonrakı vaxtlara aid olan bu abidələr əsasında “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanaraq Azərbaycan və ingilis dillərində nəşr etdirilmişdir. Yarandıqları vaxtdan keçən müddət ərzində bu abidələrin əksəriyyəti təbii qüvvələrin təsirindən və başqa səbəblərdən aşınaraq məhv olmuş, zəmanəmizədək yarımdağılmış vəziyyətdə gəlib çatmışdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 60-dan artıq müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkəminə qaytarılmış, onlara yeni həyat verilmiş, abidələrin tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələr və sair İslamla sıx əlaqədar olan abidələrdir. Bu iş indi də sistemli şəkildə uğurla davam etdirilir. Təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada, XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadədə bərpa işləri başa çatdırılmış, Babək rayonunun Nehrəm kəndində möhtəşəm məscid inşa edilərək əhalinin istifadəsinə verilmiş, XII-XIV yüzilliklərə aid Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanmışdır. Həmçinin son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində möhtəşəm İslam memarlığı abidələri, xüsusilə məscidlər inşa edilərək əhalinin istifadəsinə verilmişdir. 

Milli-mənəvi dəyərlərimizə hörmət və ehtiramla yanaşan muxtar respublika rəhbərinin hər il hicri-qəməri təqviminin Ramazan ayında iftar süfrəsi açması, Məhərrəm ayında hökumət üzvləri ilə birlikdə Aşura mərasimində iştirak etməsi əhali tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar isə dünyanın müxtəlif yerlərindən, o cümlədən müsəlman ölkələrindən muxtar respublikaya gələn alimlərin, turistlərin, dövlət nümayəndələrinin və başqa insanların diqqətindən yayınmır. Məhz bütün bunların nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 

Azərbaycan Respublikasının ­Prezidenti 2 iyun 2016-cı ildə “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncamın preambula hissəsində qeyd olunur ki, “həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çox­əsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”. 

Ölkə başçısı cənab İlham Əliyev­in­ imzaladığı bu sərəncam 2018-ci ildə İslam mədəniyyətinin paytaxtına çevriləcək Naxçıvan şəhərində, bütövlükdə Naxçıvan Muxtar Respublikası ərazisində son illərdə geniş meydan verilən milli-mənəvi dəyərlərin, əsrlərdən bəri qorunub yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan İslami dəyərlərin, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası, inkişaf etdirilməsi və təbliği sahəsində aparılan işlərin daha yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayacaqdır. 

Sərəncamla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə yaradılan Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə ilk iclası keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxış edərək Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qəbul olunan qərar haqqında demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxışında bu möhtəşəm tədbirlə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edərkən bir sıra məsələlərlə yanaşı, muxtar respublikanın türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngin olduğunu bildirmiş, bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESKO­-nun siyahısına salınması istiqamətində iş aparılmasının, muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitablar nəşr olunmasının nəzərdə tutulduğunu vurğulamışdır. Bu vəzifələrin müəyyən bir hissəsinin yerinə yetirilməsi alimlərin, xüsusilə tarixçilərin üzərinə düşür. Ona görə də bütün Azərbaycan alimləri, xüsusilə Naxçıvan Muxtar Respublikasında yaşayan və çalışan tədqiqatçılar, həmçinin aid təşkilatların nümayəndələri yubanmadan öz qüvvələrini səfərbərliyə almalı, qarşıda duran vəzifələrin icrası və uğurlu həllinə nail olmaq üçün səylə çalışmalıdırlar.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu “Şərq qapısı” qəzeti redaksiyası ilə birgə “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” rubrikasında yazılar hazırlayıb oxuculara təqdim edəcək. Növbəti nömrələrdə Naxçıvanın türk-islam mədəniyyəti abidələri barədə yazılarla çıxış edəcəyik.

 

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya 
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

00823961
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
0
349
807
4862
823961

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: