İyunun 21-də Naxçıvan şəhərində "Saat Meydanı" turistik istirahət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülmüş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamışdır. Bu il də Naxçıvan şəhərində quruculuq işləri davam etdirilir, yeni yaşayış kompleksi və inzibati binalar, xidmət sahələri tikilir, parklar salınır, mövcud yaşayış binaları yenidən qurulur. İstifadəyə verilən "Saat Meydanı" da bu sahədə görülən işlərin davamıdır. Mirsənani Seyidov "Saat Meydanı"nın yeni iş yerlərinin açılması, sakinlərin və turistlərin rahatlığının təmin olunması ilə yanaşı, həm də Naxçıvan şəhərinin arxitektura quruluşunu zənginləşdirdiyini bildirmiş, bütün bunlara görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbiri giriş sözü ilə açan xidmətin əməkdaşı Vəli Quliyev bildirib ki, belə tədbirlərin təşkili həm muxtar respublikamızda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, həm də qədim diyarımızın turizm potensialının təbliğinə xidmət edir.
Vurğulanıb ki, yarandığı ilk gündən fəaliyyətini insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qazandığı uğurların təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Qədim diyarımıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqıödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır. Xidmət əməkdaşı çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Şahbuz rayonunun Biçənək kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Piri Nağıyev bildirib ki, turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşür. Turist cəlb edilməsində təmiz iqlim və saf suyun, yaşıllığın, abad kənd şəraitinin, insanı cəlb edən təbiət mənzərələrinin, infrastrukturun yüksək səviyyədə olmasının və qonaqpərvərliyin bu sahənin inkişafına imkan verdiyi diqqətə çatdırılıb. Kənd sakinlərinin istehsal etdikləri ekoloji cəhətdən təmiz məhsulları gələn qonaqlara və turistlərə təqdim etməklə, həmçinin evlərini müəyyən müddətə kirayə verməklə, yaxın ərazidə yerləşən gözəl təbiətə malik Batabata gəzintilər təşkil etməklə öz ailə büdcələrini artıra biləcəkləri qeyd olunub. Bu da kənd yaşıl tuziminin inkişafını şərtləndirən əsas amillərdən biridir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində IV “Göycə” festivalı keçirilib.
Festivalın açılışında tədbirin aparıcıları qeyd ediblər ki, qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dad-tamına, bərəkətinə çevrilib. Bütün bunlara görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Diyarımızda hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dad-tamı ilə seçilən, yalnız Naxçıvanda bitən bir meyvə də vardır ki, o da göycədir. Bu meyvənin tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif sortları yetişdirilir.
NUHÇIXAN xəbər verir ki, iyunun 1-i və 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” Festivalı keçiriləcək .
Festivalın açılışı iyun ayının 1-də saat 11:00-da olacaq.
Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.
Həmçinin göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki “Göycə” Festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.
Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” Festivalı keçirilib. Müxtəlif Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.
Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələri ilə mehmanxanaların sertifikatlaşdırılması mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun baş məsləhətçisi Ülviyyə Cəfərova seminarı giriş sözü ilə açaraq qeyd edib ki, turizmin inkişaf etdirilməsi üçün əsas məsələlərdən biri də yüksək səviyyəli kadr hazırlığıdır. Bu məqsədlə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq departament tərəfindən bir sıra tədbirlər keçirilib. 15 aprel 2019-cu il tarixdən müvafiq ixtisasların tələbələri mehmanxanalarda istehsalat təcrübəsi keçirlər. Həmçinin sərəncamın icrası ilə əlaqədar olaraq “İdeyadan başlanğıca” devizi altında startapların və layihələrin qəbul olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Bu tədbirlərin davamı olaraq bu gün mehmanxanaların sertifikatlaşdırılması haqqında seminar keçirilir.