"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda növbəti “Kətə” festivalı keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin də sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində ardıcıl işlər görülür. Bu günədək yüksək səviyyədə təşkil olunaraq keçirilmiş “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – bal”, “Göycə” festivalları məhz muxtar diyarımızın zəngin mətbəxini, süfrə ənənələrini özündə əks etdirməklə yanaşı, həm də bu tədbirlərə kütləvi marağın olması ilə diqqət çəkib.

Aprelin 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edəcək “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin ­hazırlanması qaydalarının nümayişi və təbliği baxımından əhəmiyyətli hadisədir. 
Tarixi keçmişimizin nostalji ab-havasını milli mətbəximizin zənginliyi ilə qovuşduran Naxçıvanqala artıq ikinci dəfə “Kətə” festivalına şahidlik edirdi. Qələbəliyin hökm sürdüyü muzey kompleksində festivalın şənbə və bazar günlərinə təsadüf etməsi, eyni zamanda havanın günəşli olması muxtar respublika sakinlərinin tədbirdə kütləvi iştirakına şərait yaratmışdı. Həmişə olduğu kimi, bu dəfə də muzey kompleksinin ərazisində muxtar respublikamızın rayonlarından gəlmiş festival iştirakçıları onlar üçün ayrılmış bölmələrdə öz yerlərini tutmuşdular. Eyni zamanda ictimai iaşə xidmətlərinin təşkili də yüksək səviyyədə idi.

Tədbirin aparıcıları iştirakçıları salamladıqdan sonra naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat verdilər. Qeyd olundu ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazır­lanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir ki, belə bitkilərdən hazır­lanan kətə də insan orqanizmi üçün faydalıdır.

Qeyd edək ki, festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə etmişlər.

Sədərək rayonundan gəlmiş Ruhiyyə Zamanova bizimlə söhbətində bildirdi ki, festivala rayon ərazisindən yığılmış müxtəlif çeşiddə pencərlər gətirib. Bölgəyə aid stenddə həm gətirilən bu pencərlərin satışı təşkil olunur, həm də onlardan kətələr hazırlanır. Bunun üçün ərazidə təndir qurulub, kətələrin içliyinin hazırlanması üçün lazımi mətbəx ləvazimatları gətirilib. Müsahibimizin sözlərinə görə, festivala gələnlərin mətbəximizin ləziz yemək növlərindən sayılan kətəyə marağı böyükdür.

Ordubad rayonunun Ələhi kəndindən gələn Yaşar Həbibov isə “Kətə” festivalında artıq ikinci dəfədir ki, təsərrüfat sahibi kimi iştirak etdiyini bildirdi: “Ötən il də ailə üzvlərimizlə birlikdə festivalda iştirak etmişdik. Bu dəfə də əliboş gəlməmişik, yaz mövsümündə torpaqlarımızın bərəkəti olan müxtəlif pencər çeşidlərindən yığıb gətirmişik. Həyat yoldaşım isə burada qurulan təndirdə kətə bişirir. Bişirdiyimiz kətələrə də, topladığımız dağ pencərlərinə də maraq böyükdür. Ümid edirik ki, gətirdiyimiz və bişirdiyimiz məhsulların hamısını sata biləcəyik. Yaradılan şəraitə və belə bir tədbirin təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Festivalda Şahbuzun təbii nemətləri ilə bizi tanış edən Biçənək kənd sakini Mədinə Sarıyeva da tədbirin gedişindən razı idi: 

– Şahbuzun əsrarəngiz təbiəti haqqında hamının məlumatı var. Rayon ərazisindəki başıqarlı dağların ətəklərində, dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən ərazilərdə çöl-çəmənin hər bir otu, gülü-çiçəyi dərdlərin dərmanıdır. Uzaq keçmişdən üzübəri ulularımız hər bir otun, bitkinin “dilini” bilib, ondan faydalanmağın yolunu öyrəniblər. Buna görə də yaz gələndə hər kəs xıncılovuz, çiriş, kəvər, quzuqulağı və adını sadalamadığım onlarla belə bitkini yığıb bunlardan kətə hazırlayar, müxtəlif yeməklərdə istifadə edərdilər. İndi də belədir. Elə ki yazın gözü açıldı, burnumuza kətə iyi gələr. Həmsöhbətimin sözlərinə görə, keçənilki festivalda olduğu kimi, bu dəfə də xeyli pencər gətirib. Artıq məhsulların böyük bir qismi alıcılar tərəfindən alınıb.

Qeyd edək ki, kətə bişirilmək üçün toplanılmış pencər növlərindən digər yeməklər də hazırlamaq mümkündür. Məsələn, Şahbuz rayonu üçün nəzərdə tutulmuş stendin qarşısında müxtəlif pencər növlərindən həm də qovurularaq yemək hazırlanırdı. Mis qabda yağla qovurulan bu yemək ətrafa xoş ətir yayırdı. Belə pencər yeməklərinə zövqə görə bəzən yumurta da vurula bilər. 

Tədbirdə həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Yusif Həşimov, Culfa rayon sakini Mənsur Süleymanov, Kəngərli rayon sakini Samirə Məmmədova, Babək qəsəbə sakini Nəzakət Zeynalova burada mənalı istirahət etdiklərini, belə mədəni tədbirlərin onlarda xoş ovqat yaratdığını bildirdilər. Yusif Həşimov da təəssüratlarını bizimlə bölüşdü: Belə tədbirlərin keçirilməsi milli mətbəx nümunələrimizin tanıdılması, yaşadılması baxımından faydalıdır. Digər tərəfdən artıq bu gün şəhər sakinləri də muxtar respublikamızda yaz dövründə bitən hər hansı pencəri buradan tapa bilərlər. Qiymətləri də münasibdir. Festivalın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm.

Samirə Məmmədova isə qeyd etdi ki, yaz dövründə Naxçıvanda ən çox bişirilən yeməklərdən biri də müxtəlif göyərti növlərindən hazırlanmış yeməklərdir. Naxçıvan təbiətinin bizə verdiyi çeşidli nemətlər bu gün də süfrələrimizin bəzəyidir. Kimisi bu pencərləri qovurmaqla, kimisə kətə hazırlamaqla ondan istifadə edir. Festivalda satılan kətələrin dadı həm də ondadır ki, bu kətələr təndirdə odunla bişirilir. 

Festivala gələnlər arasında Naxçıvanda təhsil alan əcnəbilər də az deyildi. Türkiyəli tələbə Şehriban Sarıhandan festivalla bağlı təəssüratlarını soruşduqda o bunları dedi: “Burada təhsil aldığım müddətdə Naxçıvan mətbəxinin, demək olar ki, əksər yeməklərini dadmışam. Mətbəxiniz çox zəngin və dadlıdır. Elə düşünürəm ki, dünyanın hansı ölkəsindən bura gəlib bu yeməkləri dadan olsa, mütləq bundan ləzzət alacaq. Kətə haqqında onu deyə bilərəm ki, bu, çox dadlı bir yemək növüdür. Onu həm də süfrəyə əyləşmədən, məsələn, yolboyu gedərkən də yemək olar. Dadı çox gözəldir. Məlumatım var ki, bu kətələri Naxçıvanın dağlarında bitən təbii otlardan – siz buna pencər deyir­siniz, – hazırlanır. Deməli, bu dad təbiətdən gəlir. Digər tərəfdən sizin mətbəx mədəniyyətiniz, süfrə təcrübəniz imkan verir ki, dadlı olanı daha ləzzətli şəkildə süfrəyə təqdim edəsiniz. Düşünürəm ki, bu səriştə sizin xalqın mədəniyyətinə məxsusdur. Bu baxımdan Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu düşünürəm”.

Naxçıvan Dövlət Universitetində təhsil alan koreyalı Li Çin Yongqil isə bildirdi ki, kətəni ilk dəfə keçən il, həm də elə bu “Kətə” festivalında dadmışam. İlk dəfə yedim və çox xoşuma gəldi. Quru yemək növü sayılsa da, kətənin içliyi bunu hiss etdirmir. Artıq necə bişirildiyini də öyrənmişəm. Ancaq, təəssüf ki, bunu öz ölkəmdə edə bilməyəcəm, çünki bu pencər növləri orada bitmir. Milli mətbəxinizə çoxdan alışmışam və hədsiz bəyənirəm.

Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Gənclik” və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental ansambllarının maraqlı çıxışları iştirakçılara xoş ovqat bəxş edib. 23 ictimai iaşə obyektinin və 130 fiziki şəxsin iştirak etdiyi festival bu gün başa çatacaq.

Muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən festivalın sonunda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri elan olunacaq. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçiləcək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşəcək, onlara diplomlar təqdim olunacaq.

01009954
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
211
520
731
185512
1009954

Tarix: 23-04-2024
Biz, sosial şəbəkələrdə: