"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“İslami dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” mövzusunda dəyirmi masa keçirilib

Martın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İslami dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə giriş sözü ilə çıxış edərək bildirib ki, 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin Mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyəti paytaxtı elan olunmuşdur. Bu münasibətlə keçirilən tədbirin məqsədi gəncləri islam mədəniyyəti və dəyərləri ilə tanış etmək və onları maarifləndirməkdir.

Qeyd edilib ki, Azərbaycanda islam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngin və maraqlıdır. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları – Nizami, Bəhmənyar, əcəmi Naxçıvani, Səfiəddin Urməvi, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini zənginləşdirmişlər.

Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik, ədavət aparmamışıq və heçbir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini və başqa din, təriqət və məzhəblər əsrlər boyu yaşayıb və indidə yaşayır. Qafqazda da bu mənzərə var. İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərə qarşı tolerant olmalıdırlar.

Sonra mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış etmişlər.

Bildirmişdir ki, muxtar respublikamızda islami dəyərlərə ehtiramla yanaşılır. Bu dəyərlərə ehtiram dini bayramların yüksək səviyyədə keçirilməsində özünü göstərir. Hər il keçirilən Qurban və Ramazan bayramları dinimizin təlqin etdiyi ədalət və mərhəmət, şəfqət və xeyirxahlıq duyğuları təlqin etməklə, insanların mənən saflaşması, vətən və xalq üçün birləşməsinə xidmət edir. Bu birlik cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir.

Qeyd edilib ki, muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər insanlar tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazimi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Dini radikalizm, din pərdəsi altında gizlənən müxtəlif zərərli düşüncələrə meyl etmək xalqımızın milli adət-ənənələrinə ziddir. Ona görə də xalqımızın müqəddəs tutduğu milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz hər məqamda göz bəbəyi kimi qorunmalıdır.

00285940
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
29
69
1174
3165
285940

Tarix: 19-11-2018
Biz, sosial şəbəkələrdə: