"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Rəsm müsabiqəsinin növbəti turu olub

Naxçıvan Şəhər Şahmat Məktəbində “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin dördüncü turu keçirilib.

Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin, o cümlədən təsviri sənətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə rəssamlığa da böyük diqqət və qayğı göstərib. Ümummilli liderin hakimiyyətdə olduğu illərdə Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndələri Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə, Böyükağa Qasımzadə, Maral Rəhmanzadə, Altay Hacıyev və başqaları Vətənin yüksək adlarına layiq görülüb və dövlət mükafatı almışlar.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Naxçıvan Muxtar Respublikasında da rəssamlığa böyük qayğı göstərilib və qədim diyarımızda Naxçıvan Rəssamlar Təşkilatı yaradılıb. Gənc rəssam kadrların yetişdirilməsi diqqət mərkəzində olub.

Qeyd olunub ki, keçirilən rəsm müsabiqəsi təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Müsabiqə muxtar respublika məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır. Ötən il oktyabr ayının sonlarında start verilən müsabiqə davam etdirilib. Bu müddət ərzində muxtar respublikanın bütün rayonlarında müsabiqənin rayon mərhələləri keçirilmişdir. Rayonlar üzrə fərqlənən şagirdlər bu ilin aprel ayında müsabiqənin yekun mərhələsində iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov ulu öndər Heydər Əliyevə həsr olunmuş təsviri incəsənət əsərləri və heykəltəraşlıq nümunələri haqqında müsabiqə iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, son illər Naxçıvan rəssamları da ulu öndərə həsr olunmuş çoxsaylı təsviri incəsənət nümunələri yaratmışlar.

Sonra gənc rəssamların çəkdikləri rəsm əsərləri münsiflər heyətinin iştirakı ilə qiymətləndirilib. Naxçıvan şəhəri üzrə keçirilən müsabiqənin bu mərhələsində Məhəmməd Həsənli (14№-li tam orta məktəb) I, Mehdi Cavadlı  (1№-li tam orta məktəb), Cabbar Əliyev (8№-li tam orta məktəb) II, Seymur İbrahimbəyli (3№-li tam orta məktəb), Raul Axundov (5№-li tam orta məktəb) III yerlərin diplomlarına layiq görülüblər. Qaliblər müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Müsabiqədə fərqlənən 5 nəfər şagird isə Fəxri fərmanlara layiq görülmüşlər.

Qeyd edək ki, Naxçıvan Dövlət Rəsm Qalereyası və muxtar respublikanın rayon təhsil şöbələrinin birgə təşkil etdikləri müsabiqənin bundan əvvəlki mərhələləri bütün rayonlarda keçirilib. Oktyabrın 27-də start verilən müsabiqə bu il aprelində başa çatacaqdır. Müsabiqədə rəsm çəkmək bacarığı olan VI-XI sinif şagirdləri iştirak edirlər. Müsabiqənin qalibləri və fərqlənənlər Naxçıvan şəhərində keçiriləcək yekun tədbirdə iştirak edəcək, diplomlarla təltif olunacaq və onların sərgisi təşkil olunacaqdır.

00291984
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
327
1516
3718
291984

Tarix: 16-12-2018
Biz, sosial şəbəkələrdə: