"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Zəngin mədəni irsimizi yaşadan teatr sənətimiz şərəfli inkişaf yolu keçmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli ­Sərəncamına əsasən hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq tədqiqatçılar qeyd edirlər ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələridir. Əsrlərlə tarixi olan “Sayaçı”, “Novruz”, “Lal oyunu”, “Güdül”, “Kosa-kosa”, “Maral oyunu”, “Kilimarası”, “Gəsvəs” və başqa mərasim, etno-mədəni oyunlarda, tamaşalarda səhnə sənətimizin ilk elementlərini görürük. 

1873-cü ilin martında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı qarşıya çıxan çətinlikləri dəf edərək zəngin və şərəfli inkişaf yolu keçmişdir. Dövrünün böyük ziyalıları olan Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun bu sahədəki fədakarlığı qısa zamanda Azərbaycanda teatr hərəkatının yaranmasına səbəb olmuşdur. 1883-cü il mayın 11-də Naxçıvanda dövrünün mütərəqqi ziyalısı Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnəyə qoyulmuş və bununla da, Naxçıvan teatrının əsası qoyulmuşdur.

Naxçıvan teatrı yarandığı dövrdən Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlamış, öz həmkarlarının mənəvi dəstəyini daim hiss etmişdir. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi və başqa görkəmli ziyalılarımız teatrın inkişafı sahəsində əsl fədakarlıq göstərmişlər. Naxçıvan teatrının yarandığı illərdə bu sənət ocağının təşəkkülü üçün Bakıdan Naxçıvana gələn qüdrətli sənətkarların Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşalar göstərməsi, sənət dostlarına mənəvi dəstək olması teatrımızın peşəkarlıq səviyyəsini artırmışdır. Bu əməl və məfkurə dostlarının yaradıcılıq əlaqələri Naxçıvan teatrında dərin mündəricəli və xalqın maariflənməsi, mənəvi oyanışı üçün daha gözəl əsərlərin tamaşaya qoyulmasına təsir göstərmişdir.

Teatra, sənət adamlarına böyük qayğı ilə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin səyi və köməyi nəticəsində ötən əsrin 70-ci illərində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verərək demişdir: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha güclüdür. Bunlar xalqa daim sənət və xüsusən incəsənət vasitəsilə aşılanmışdır. Ədəbiyyatın insanlara böyük təsiri vardır. Ancaq bir var ki, insan hər hansı bir əsəri özü oxusun, bir də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızda rolu böyükdür. Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar”. 

Böyük dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi müstəqillik illərində milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivi formalaşmışdır. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi qiymətləndirilmişdir. Teatr kollektivlərinin əməkhaqları artırılmış, aktyorların, rejissorların, dramaturqların yubileyləri geniş qeyd edilmiş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də teatr­lara diqqət və qayğını artırmışdır. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilmiş, teatr binaları yenidən qurulmuşdur. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı və 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Pro­qramı” milli teatrımızın maddi-­texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi sahəsində mühüm rol oynamışdır.

Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Qədim diyarımızda fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır”. 

Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, ­İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olmuş, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanmışdır. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanmış, istedadlı aktyorlarımız geniş tamaşaçı sevgisi qazanmışlar. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrini, dünya klassiklərinin əsərlərini səhnəyə qoyur.

Bu il yaradılmasının 135 illiyi tamam olan Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində hazırladığı tamaşalar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Şeyx Sənan”, “İblis”, “Hökmdar və qızı”, “Nadir şah”, “Mirzə Cəlil taleyi”, “Ölülər”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Ah Paris, Paris!..”, “Arılar arasında” və “Göy quş” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir.

Muxtar respublikamızda yaradılan ikinci teatr kimi M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunmuşdur. 2004-cü ildə müasir bina ilə təmin olunan teatrın Türkiyəyə, Tacikistana və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarmışdır. 

Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Son illərdə xalq teatrlarının “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Qəşəmin yuxusu”, “Dələduz”, “Ev tərbiyəsinin bir şəkli”, “Bəxtsiz cavan”, “Tiflis səfəri” kimi tamaşaları ictimaiyyət tərəfindən ­maraqla qarşılanmışdır.

Müstəqillik illərində Naxçıvan ­teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər də həyata keçirilmiş, monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı yüksək qiymətə layiqdir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, foto­şəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim edilmişdir.

Muxtar respublikamızda gənc ak­tyor nəslinin yetişməsi üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti ixtisası yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatr­sevərlərin qəlbinə yol tapır.

Muxtar respublikada teatr sənətində fərqlənənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatına layiq görülmüşlər. 

Teatrlarımız həmişə bütün tarixi proseslərdə milli düşüncənin, cəmiyyət həyatının yeniləşməsinə və inkişafına xidmət etmişdir. Xalqımızın mənəvi təkamülündə, mədəni səviyyəsinin yüksəldilməsində, böyük idealların xalqa çatdırılmasında, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində teatrlarımızın özünə­məxsus xidmətləri vardır.
Naxçıvan teatrı bu gün də öz mütərəqqi ənənələrinə sadiq qalaraq fəaliyyətini davam etdirir.

00278799
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
419
1712
9887
278799

Tarix: 21-09-2018
Biz, sosial şəbəkələrdə: