"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Gün keçdi” filmi Şahbuz rayonunda göstərilmişdir

Martın 7-də Şahbuz Rayon “Araz” kinoteatrında Naxçıvan Dövlət Film Fondu rayon ictimaiyyətinə Azərbaycan kinosu günü çərçivəsində “Gün keçdi” filmini göstərmişdir.

Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev milli kinomuzun inkişafına həmişə böyük diqqət və qayğı göstərmişdir. Kinomuzda baş verən inkişaf və yeniləşmə, tərəqqi, keyfiyyət dəyişiklikləri məhz bu dahi şəxsiyyətin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur.

Gələn il 120 yaşı tamam olan Azərbaycan kinosu tarixin sınaqlarından həmişə şərəflə çıxmışdır. Kino tariximizdə çətin illər də olmuş, lakin buna baxmayaraq kinomuz mədəni hadisələr yaşamış, həmişə xalqımızın tarixini, milli adət-ənənələrini, milli dəyərlərini yaşatmış, həyatımızın bütün sahələrinə nüfuz edərək sevilən bir sənətə çevrilmişdir.

Qeyd edilib ki, Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə yüksək dövlət mükafatlarına layiq görülmüş, beynəlxalq kino festivallarında və müsabiqələrində mükafatlar almışdır.

Bu gün ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Sonra 1971-ci ildə lentə alınmış “Gün keçdi” filmi nümayiş etdirilmişdir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş filmdə iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir...

Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır.

Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar. Filmin quruluşçu rejissoru Arif Babayev, ssenari müəllifi  Anar Rzayev, operator  Rasim İsmayılov, bəstəkarı  Emin Sabitoğludur. Əsas rolları Leyla Şıxlinskaya, Həsən Məmmədov ifa etmişlər.         

“Gün keçdi” kinopovesti tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

00291984
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
327
1516
3718
291984

Tarix: 16-12-2018
Biz, sosial şəbəkələrdə: