"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın II mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın keçirilməsini davam etdirir.

Müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, istedadlı ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir.

Müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq edirlər. Əsas tur ayda bir dəfə olmaqla, 7 mərhələdə və hər mərhələ növbə ilə muxtar respublikanın bir rayonunda keçiriləcəkdir. Müsabiqənin yekun konsertinin noyabr ayında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur. Qaliblər yekun konsertində mükafatlandırılacaqlar.

Dünən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın əsas turunun növbəti mərhələsi Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki mədəniyyət evində keçirilib. 
Tədbirdən əvvəl aparıcılar bildiriblər ki, xalq mahnı və təsnifləri Azərbaycan xalqının həyatını, mübarizəsini, bəşəri duyğularını, sevinc və kədərini əks etdirir. Belə musiqi incilərimiz xalqımızın mənəvi sərvətlərinin ayrılmaz hissəsinə çevrilib. 
Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər. Sonra əsas turun birinci mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların I mərhələdə topladıqları ballar bir daha elan olunub. 
Sonra xalqımızın ruhundan süzülüb gələn, qəlbləri riqqətə gətirən təsniflər səsləndirilib. Tarda Sərxan Abdullayevin, kamançada Nurlan Nuriyevin, udda Cəlil İsmayılovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə müsabiqə iştirakçıları Ataxan Quliyev (Naxçıvan şəhəri) “Müxalif təsnifi”ni, Məhərrəm Quliyev (Culfa rayonu, Bənəniyar kəndi) “Rast təsnifi”ni, Fuad Qədimov (Sədərək rayonu, Qaraağac kəndi) “Rast təsnifi”ni, Rəşad Nəcəfov (Culfa şəhəri) “Şur təs­nifi”ni, Əsmər Hüseynova (Ordubad şəhəri) “Qatar təsnifi”ni, Təyyar Mədətli (Şahbuz rayonu, Kolanı kəndi) “Qatar təsnifi”ni, Fərman Allahverdiyev (Şərur rayonu, Tənənəm kəndi) “Şikəsteyi-fars təsnifi”ni, Bəhruz Quliyev (Culfa rayonu, Saltaq kəndi) “Zabul təsnifi”ni, Araz Cabbarov (Şahbuz rayonu, Keçili kəndi) “Dilkeş təsnifi”ni, İlham Məmmədov (Kəngərli rayonu, Böyükdüz kəndi) “Bayatı-İsfahan təsnifi”ni, Elmar Qasım­ov (Naxçıvan şəhəri) “Şur təs­nifi”ni, Yusif Hacıyev (Naxçıvan şəhəri) “Segah təsnifi”ni, Mürsəl Tağılı (Şahbuz rayonu, Yuxarı Qışlaq kəndi) “Mirzə Hüseyn təsnifi”ni, Səfər Cəfərov (Babək rayonu, Nehrəm kəndi) “Bayatı-kürd təsnifi”ni, Aqil Adilzadə (Culfa rayonu, Bənəniyar kəndi) “Şur təsnifi”ni ifa ediblər.
Qeyd edək ki, əsas turun üçüncü mərhələsinin Ordubad rayonunda keçirilməsi nəzərdə tutulub.

 

00372355
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
557
506
1953
2579
372355

Tarix: 06-12-2019
Biz, sosial şəbəkələrdə: