"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bədii tikmə sənəti bu gün də yaşadılır

Qədim el sənəti nümunələri müasir dövrümüzdə də tətbiq edilir. Bunlar yüz illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatıb. Onlardan biri də dekorativ-tətbiqi sənətdir. Dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur. Bu növlərdən biri də bədii tikmədir. Qədim dövrlərdən meydana gəlmiş bədii tikmə sənəti digər əl işləri kimi xalqın milli-mənəvi və estetik düşüncəsini özündə əks etdirir. 

Müxtəlif dövrlərdə Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Şuşa və Quba şəhərlərində Azərbaycan ­tikmələri yüksək texniki və bədii xüsusiyyətlərlə hazırlanırdı. Bədii tikmə sənətində rəngli ipək saplardan istifadə olunurdu. Bədii tikmələr, əsasən, qızılgül, lalə, zanbaq, nar, heyva, sünbül, müxtəlif formalı yarpaqlar, qızıl və gümüş tellər, ­tovuzquşu, göyərçin və digər motivlər əsasında işlənilirdi. 

Mənbələr göstərir ki, tikmələ­rimiz erkən orta əsrlərdən indiyədək bədii xüsusiyyətlərini itirməyib və əhali arasında ən geniş yayılmış xalq sənəti növlərindən olub. XIX əsrin 50-ci illərində Qafqaza səfər etmiş fransız yazıçısı Aleksandr Düma Azərbaycan bədii tikmələrinə heyran qalaraq demişdir: “Şəkidə mən iyirmi dörd manata bədii ­tikməli iki yəhər aldım. Fransada onu iki yüz franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq olmaz...”

Orta əsrlər dövründən etibarən Naxçıvanda da tikmə sənəti geniş yayılıb. Naxçıvan diyarında bədii tikmə sənəti ilə məşğul olan ustalar rəngarəng ipək və yun saplardan, həndəsi və nəbati naxışlar əsasında düzülmüş piləklərdən istifadə etməklə tikmə sənətinin müxtəlif növlərini yaradıblar. 

Azərbaycan tikmələrinin bir neçə növləri var: təkəlduz, güləbətin, ­muncuqlu, qurama, saya, piləkli, oturtma və sair. XVI-XVII ərlərdə bədii tikmə üsullarına daxil olan güləbətin tikmə üsulu Azərbaycanın bir sıra bölgələri ilə yanaşı, Naxçıvanda da geniş yayılmışdı. Bu tikmə nümunəsi öz zəngin görünüşü və gözoxşayan tərtibatı ilə fərqlənir. Güləbətin tikmələr arxalıq, araqçın, saat, daraqqablarının, qadın üst və baş geyimləri və digər məişət əşyalarının üzərinə naxış formasında bəzək kimi vurulurdu. Bu tikmə üsulu üçün müxtəlif rəngli saplardan istifadə olunurdu və onlarla işləmək xüsusi sənətkarlıq tələb edirdi. 

Güləbətin tikmə növünün bir neçə üsulu vardır. Doldurma tikmə sənəti muxtar respublikamızda daha çox yayılıb. Sadə və qabarıq doldurma üsulu milli geyimlərdə, xüsusən Naxçıvan qadınlarının üst geyimlərində və araqçınlarda daha çox təsadüf olunurdu. Qədimdə Naxçıvanda hər bir nişanlı qızın cehizliyinə daxil olan yastıqlar, ­daraqqabı, canamazlar, örtüklər və digər əşyalar güləbətin tikmə üsulu ilə bəzədilirdi.

Qədim və zəngin tarixə malik Naxçıvan bu gün Azərbaycanın milli­-mənəvi dəyərlərin qoruyub yaşadılması, xalq yaradıcılığı nümunələrinin təbliğ olunması ilə fəqlənən bölgələrindəndir. Muxtar respublikamızın xalq yaradıcılığının müxtəlif sahələrinin inkişaf etdirildiyi bölgələrindən biri də Culfa rayonudur. Rayonda fəaliyyət göstərən “Gülüstan” mədəniyyət evinin bədii rəhbəri Aida İbrahimova ilə həmsöhbət olduq. O, dekorativ-tətbiqi sənətlə yanaşı, bədii tikmə sənəti ilə də uşaqlıqdan məşğul olur. Onun əl işləri təkcə tikmələrdən ibarət deyil, toxumalar və digər dekorativ­-tətbiqi sənətin müxtəlif nümunələri ilə də zəngindir. Deyir ki, Naxçıvan ərazisində qədimdən yayılmış güləbətin tikmələrin bu gün bərpası və üzə çıxarılması məqsədilə Şəki bölgəsinə aid olan güləbətin və təkəlduz tikmələrini də öz işlərimizdə tətbiq edirik. 

Aida xanım onu da vurğulayır ki, dekorativ-tətbiqi sənət növlərindən biri olan bədii tikmə sənətinin yaşadılması milli-mənəvi dəyərlərimizi qorumaq baxımından əhəmiyyət kəsb edir. O, “Əvvəlki dövrlərə nəzər salsaq, görərik ki, milli dəyərlərimizə aid olan əl işləri unudulmaqda idi”, – deyir. Hətta toxunan əşyalar sandıqlarda və evin bir küncündə atılıb qalırdı. Dövlət qayğısı digər xalq yaradıcılığı nümunələri kimi bu sahənin də inkişafına şərait yaradıb. 

Culfa Rayon “Gülüstan” mədəniyyət evində, o cümlədən Culfa Rayon Uşaq Yaradıcılıq Mərkəzində hazırlanan əl işləri hər il Naxçıvan Muxtar Respublikasında Novruz bayramı ilə bağlı keçirilən və digər tədbirlərdə, hətta muxtar respublikadan kənarda keçirilən tədbirlərdə sərgilənir. Bütün bunlar Naxçıvana gələn turistlərin diqqətini cəlb edir. 

Onu da qeyd edək ki, Naxçıvan şəhərində yerləşən əl işlərinin sərgi­-satış mağazalarının filiallarından biri də Culfa rayonunda yerləşir. Burada hazırlanan əl işləri sərgilənməklə yanaşı, onların satışı da təşkil olunur.

Culfa rayonunun mədəniyyət müəssisələri ilə yanaşı, Uşaq Yaradıcılıq Mərkəzində də Azərbaycanın qədim tikmələrini, toxumalarını öyrətmək üçün dərnəklər yaradılıb. Burada məqsəd milli-mənəvi dəyərlərimizi yaşatmaq, bu sənətə olan marağı gücləndirməkdir. 

Aida xanım sonda onu da qeyd etdi ki, muxtar respublikanın rayonlarından dekorativ-tətbiqi sənət nümunələri ilə bağlı topladıqları etnoqrafik məlumatları kitab şəklində nəşr etdirmək fikrindədir. 

Muxtar respublikanın rayonlarında dekorativ-tətbiqi sənət nümunələrinin, o cümlədən bədii tikmə sənətinin gənc nəslə öyrədilməsi milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq baxımından əhəmiyyətli işlərdən biridir. 

Naxçıvan Muxtar Republikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikada belə dəyərlərin qorunmasına, təbliği və gələcək nəsillərə ötürülməsinə dövlət qayğısının parlaq ifadəsidir. Sərəncama əsasən müxtəlif tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan folklor nümunələrimizin, milli adət-ənənə­lərimizin, qədim sənətlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

 Güntac ŞAHMƏMMƏDLİ

00261367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
246
442
688
5462
261367

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: