"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan şəhəri gənclər paytaxtıdır

Dünən növbəti dəfə əldə edilən uğurlu nəticə hər bir muxtar respublika sakininə sonsuz sevinc, qürur yaşatdı. “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Pro­qramına müvafiq həyata keçirilən “Gənclər paytaxtı” seçimi üçün www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilən onlayn səsvermədə ilk gündən ön sırada yer alan qədim Naxçıvan şəhəri liderliyini sonadək qorudu. Yanvarın 25-i saat 00:01-dən yanvarın 31-i saat 23:59-dək davam edən səsvermədə ölkəmizin 23 rayon və şəhəri birincilik uğrunda mübarizə apardı. Səsvermənin yekununa əsasən Naxçıvan şəhəri səslərin 30 faizini toplayaraq birinci oldu. 

Naxçıvanlı gənclər səsvermənin başa çatdığı radələrdə Naxçıvan şəhərinin baş meydanına toplaşaraq sevinclərini ifadə etdilər. Gənclər bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvanın ölkəmizin “Gənclər paytaxtı” seçimi ilə bağlı səsvermədə qalib gəlməsini böyük uğur kimi qiymətləndirdi, bunu muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirdilər.

Məlum olduğu kimi, “Gənclər paytaxtı” seçilən şəhər ölkənin gənclərlə iş sahəsində aparıcı təşkilatları ilə birgə vətənpərvərlik, intellektual potensialın yüksəldilməsi, peşə seçimi və digər sahələrdə keçiriləcək respublika əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək imkanı qazanır. Belə tədbirlərin Naxçıvanda keçirilməsi naxçıvanlı gənclərin yarış və tədbirlərdə öz potensial imkanlarını daha da artırmaları ilə yanaşı, həm də muxtar respublikada ulu öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin həyata keçirilməsi nəticəsində əldə edilmiş qabaqcıl təcrübənin öyrənilməsi baxımından da çox əhəmiyyətlidir. Qürurla deyə bilərik ki, bu gün muxtar respublikada gənclərin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında 2012-ci il 29 mart tarixli fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Bu gün gənclərə vətənpərvərlik hisslərinin aşılanması diqqət mərkəzində saxlanılır. Hər ay Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənc­lərə vətənpərvərlik mövzusunda filmlər nümayiş olunur. Onların zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bir sıra əhəmiyyətli layihələr, məqsədyönlü tədbirlər həyata keçirilir. Gənclərin təhsilə, elmə, mədəniyyətə və incəsənətə marağının artırılması, istedadlı gənclərin stimullaşdırılmasına daim diqqət yetirilir. Tələbə-gənc­lərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün muxtar respublikada hər cür şərait yaradılıb. İstedadlı, yaradıcı gəncləri üzə çıxarmaq və onların intellektual potensialının yüksəldilməsi üçün yeniyetmələr və gənclər arasında mütəmadi olaraq “Nuh yurdu”, “İntellektual gənc”, “Kim? Nə? Hara?”, həmçinin “Azərbaycan İntellektual Birincisi” layihəsi çərçivəsində “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” intellektual oyunları keçirilir.

“Naxçıvanı tanıyaq” devizi altında gənclərin mütəmadi olaraq Naxçıvanın turizm əhəmiyyətli məkanlarına ekskursiyaları təşkil olunur. Muxtar respublikanın turizm potensialının tanıdılmasında və təbliğində gənclərin iştirakı təmin edilir. Bu da gənclərin Vətənə bağlılıqlarını artırır, onlara Vətən naminə çalışmaq əzmi aşılayır. Şübhəsiz ki, “Gənclər paytaxtı” səsverməsində naxçıvanlı gənclərin fəallığı da muxtar respublikada aparılan gənclər siyasətinin uğurlu nəticəsidir. 

Muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını, qeyd etdiyimiz kimi, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Bu gün muxtar respublika gəncləri gözoxşayan olimpiya-idman komplekslərində, idman mərkəzlərində idmanla məşğul olur, idmanın müxtəlif növləri üzrə yüksək nəticələr qazanır, beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Təkcə 2017-ci ildə ayrı-ayrı növlər üzrə muxtar respublika idmançıları dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, beynəlxalq turnirlərdə 89, IV İslam Həmrəyliyi Oyunlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Azərbaycan birinciliklərində 129 medal olmaqla, ümumilikdə, 240 medal qazanıblar.

Son 22 il ərzində Naxçıvanda 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilib. Bu gün həmin məkanlar naxçıvanlı gənclərin ən çox üz tutduqları yerlərdir. Muxtar respublikada fəaliyyət göstərən 530-dan çox mədəniyyət, incəsənət və turizm müəssisəsi burada gənclərin mədəni istirahətinin təmin olunmasında mühüm rol oynayır. 

Naxçıvanda gənclərimizin tarixi keçmişimizi dərindən öyrənmələri üçün də məqsədyönlü işlər həyata keçirilir, onların muzeylərə ziyarətləri təşkil olunur. Onu da deyək ki, 1997-ci ilədək muxtar respublikada cəmi 13 muzey fəaliyyət göstərirdisə, hazırda regionda bir rəsm qalereyası və 28 müxtəlif profilli muzey gənclərin xidmətindədir. Naxçıvan şəhərində hazırda gənc­lərimizin təhsil aldığı 3 ali, 3 orta ixtisas, 17 tam orta təhsil müəssisəsi, 13 muzey, 3 teatr, 1 kinoteatr, 7 mədəniyyət evi, 7 konfrans-təlim zalı, 9 mehmanxana, idman kompleksi, Gənclər Mərkəzi, “Gənclik” Mərkəzi, sərgi salonu fəaliyyət göstərir. Bundan əlavə, gənclərin istirahətlərinin səmərəli təşkil olunması üçün Heydər Əliyev parkı, “Əyləncə mərkəzi”, “Əyləncə adası” kimi istirahət məkanları və çoxsaylı kafe-restoranlar mövcuddur. Bu da muxtar respublika paytaxtının mədəniyyət mərkəzi kimi tanınmasında əsaslı rol oynayır. 

Bütün bu nailiyyətlər uzunmüddətli blokada şəraitində əldə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola, Naxçıvan kimi ikinci bir muxtar qurum tapmaq çətindir ki, blokada şəraitində yaşaya-yaşaya gəncliyin problemləri ilə bu qədər yaxından məşğul olsun”. 

Məhz bütün bu yüksək keyfiyyətlərə görə, onlayn səsvermədə iştirak edən gənclər Naxçıvan şəhərinə daha çox səs veriblər və bununla da qədimliyin və müasirliyin harmoniyasında yenidən qurulan bu möhtəşəm şəhəri “Gənclər paytaxtı” olmağa layiq ən ideal məkan hesab etdiklərini nümayiş etdiriblər.

 Rauf KƏNGƏRLİ

"Şərq qapısı" qəzeti

00182882
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
310
669
1742
9577
182882

Tarix: 22-02-2018
Biz, sosial şəbəkələrdə: