"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Uşaq Teatrı yeni-yeni uğurlar əldə edir

İstedadlı uşaq və gənclərin yaradıcılıq potensiallarının ­aşkara çıxarılması, onların düzgün istiqamətləndirilməsi sahəsində muxtar respublikamızda müxtəlif tədbirlər görülür, yeni müəssisələr yaradılaraq istifadəyə verilir. Bu dəfə onlardan biri – Naxçıvan Dövlət Uşaq Teatrı ilə tanış olacağıq. 

Naxçıvan Dövlət Uşaq Teatrının tarixi, fəaliyyəti, gördüyü işlər barədə bizi teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov məlumatlandırdı. O dedi ki, teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılıb və on ildən artıqdır, balaca teatrsevərlərin dünyagörüşünü zənginləşdirir, inkişaf etdirir. Bu illər ərzində teatrın kollektivi otuza yaxın səhnə əsərinə quruluş verərək, vaxtaşırı tamaşaçıların görüşünə gəlib. Tamaşaların seçimində isə vətənpərvərliyə, dövlətçiliyə, anaya sevgi aşılayan ssenarilərə üstünlük verilir. “Bu dünya bir nağıldır”, “Yaxşılıq itmir”, “Fəridin yuxusu”, “İgidlik imtahanı”, “Meşə əhvalatı”, “İki qardaş”, “Ata məhəbbəti” və digər tamaşaları buna misal göstərmək olar. 2016-cı ildə Abdulla Şaiqin “Danışan kukla” əsəri interme­diya janrında işlənərək tamaşaya ­hazırlanıb. Tamaşanın quruluşçu rejissorları Tofiq Seyidov və Nurbəniz Niftəliyeva olub. Hazırda da repertuar seçimində tərbiyə­vi əhəmiyyətli əsərlərə üstünlük ­verilir.

Naxçıvan Dövlət Uşaq Teatrı aktyor kadrlarının hazırlanması işində də misilsiz xidmət göstərir. Belə ki, vaxtilə yaradıcılıq fəaliyyətinə burada başlamış bəzi həvəskar aktyorlar zamanla bu sənətdə qərarlaşaraq özlərini doğruldub və bu gün Naxçıvan Dövlət Musiqili Dram Teatrının peşəkar aktyorları ilə çiyin-çiyinə çalışırlar. Bunlardan Səyyad Məmmədov, Vəli Babayev, Uğur Nəsirli, Mehri Nəbiyevanın adlarını çəkmək olar. Bu teatrın yetirməsi olan Elnur Rzayev hazır­da Azərbaycan Dövlət Pantomim Teatrında rejissor kimi fəaliyyət göstərir. 

Teatr fəaliyyət göstərdiyi ilk illərdə Qədir Məmmədli, Turac Hacı­zadə, Nurlan Sultanlı kimi istedadlı uşaqları özünə cəlb edə bilib. Adıçəkilənlər 18 yaşına kimi bu kollektivin üzvləri olublar. Teatr­dakı aktyorlar orta məktəb şagirdləri, kollec və universitet tələbələridir. Bu barədə danışan Tofiq Seyidov dedi: – Təhsil ocaqlarına baş çəkib uşaqlarla söhbət edir, onları bu sahəyə həvəsləndiririk. Maraqlanan uşaqlar bizə müraciət edir. Bundan sonrakı mərhələdə isə biz onların qabiliyyətlərini yoxlayırıq. Müraciət edən istedadlı uşaqlara əvvəlcə kiçik rollarla səhnəyə çıxarırıq. Onlardan bəziləri sonradan teatrla əlaqələrini kəssə də, istedad və həvəsi olanlar çox çalışaraq qısa zaman ərzində bu sənətdə irəli gedirlər. Bunlardan Heyran Abdullayevanın, Nurlan Qafarovun, Fatimə Bədəlovanın adlarını, xüsusilə qeyd etmək istərdim. Bu istedadlı gənclərin parlaq gələcəklərinin olacağına ümid edirəm. 

Dərs saatı başa çatdıqdan sonra, yəni nahardan bir az keçmiş uşaqlar həvəslə buraya gəlirlər. Məşqlər bir neçə saat aparılır. Gənc ak­tyorlarla yanaşı, Azərbaycan Respublikasının Əməkdar artisti Xəlil Hüseynov, Bəhruz Haqverdiyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Şirzad Abutalıbov kimi səhnə ustaları da vaxtaşırı onlarla birlikdə səhnəyə çıxırlar. Tamaşaların nümayişi əksər hallarda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin zalında olur.

Tofiq Seyidov onu da bildirdi ki, Naxçıvan Dövlət Uşaq Teatrının kollektivi muxtar respublikada keçirilən kütləvi tədbirlərdə, Novruz və Yeni il şənliklərində fəallıq göstərir, “Şaxta və saxta baba”, “Bahar qızın şənliyə gəlişi” adlı tamaşalarla çıxış edir. Eləcə də yay və qış tətillərində həftənin 5-6 günü Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin zalında xüsusi hazırlanmış pro­qramla ümumtəhsil məktəbləri şagirdlərinin görüşündə olur. Məqsəd tətillərdə onların asudə vaxtlarını səmərəli keçirməkdir.

Bildiyimiz kimi, 2016-cı ildə adıçəkilən teatrın 10 illik yubileyi qeyd olunub. Teatrın aktyorları yubiley tədbirində də uğurla iştirak ediblər. Onlar görkəmli fransız yazıçısı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” alleqorik nağıl-povesti əsasında hazırlanmış tamaşanı səhnələşdiriblər. Tamaşa şahzadənin yeddi kiçik planetə səyahətindən ibarət fantastika, alleqo­riya və gerçəklik arasında, real həyat epizodları üzərində qurulub. Görkəm­li yazıçının insanlara səmimi münasibəti, anlaşma və xeyirxahlıq fikirləri əsərin əsas leytmotividir. Tamaşada balaca şahzadələri Nurbəniz Niftəliyeva və Rəhman Abbasov canlandırıblar. Gənc ak­tyorlar rollarının öhdəsindən bacarıqla gəliblər. Tamaşanın quruluşçu rejissorları Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşçu rəssamları Behruz Quliyev və ­Həbib Allahverdiyevdir. Rəqslərə Humay Qafarova və Nurbəniz Niftəliyeva quruluş veriblər. Tamaşanın musiqi tərtibatçısı da Nurbəniz Niftəliyevadır.
Direktor teatrın ən böyük uğurunu isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə birgə hazırladığı belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinqin “Göy quş” əsərini səhnəyə qoyulması hesab edir. Teatrın gənc ak­tyorlarından Coşqun Əliyev, Nurgül Müslümova, Heyran Abdullayeva və digərləri əşya və ünsür, uşaq obrazlarını ifa ediblər. 

Zala doğru yol alıb aktyorların məşq prosesində iştirak edirik. Onlar Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” adlı alleqorik mənzum dramını səhnələşdirirlər. Tamaşanın quruluşçu rejissoru Ələkbər Qasımov, səhnə tərtibatçısı isə Fizzə Quliyevadır. Bu əsəri səhnələşdirməkdə məqsəd həm Mirzə Cəlil yaradıcılığına müraciət, həm də bəzi faydalı məsləhətləri əşyaların dili ilə gənc nəslə çatdırmaqdır. 

Teatr yeni ilin ilk günlərində balaca tamaşaçılarını “Bizə dovşan və Şaxta baba lazımdır” tamaşası ilə sevindirib. Bir neçə gün ərzində göstərilən bu tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. 

Naxçıvan Dövlət Uşaq Teatrının istedadlı aktyorlarından Heyran Abdullayeva deyir ki, onun istedadını hiss edən ilk insan anası olub. Elə buna görə də əlindən tutub bu teatra gətirib. Heç şübhəsiz ki, bu kollektivə daxil olmaqda özünün də həvəsi, istəyi olub. Əvvəlcə kiçik rollarla tamaşaçı qarşısına çıxan Heyranın ilk canlandırdığı obraz Həsənalı Eyvazovun “Nadan xoruz” əsərində Fərə obrazı olub. Zaman-zaman səhnə mədəniyyətinə yiyələnərək daha əhəmiyyətli obrazları canlandıran 16 yaşlı bu aktyor “Göy quş” tamaşasında baş rolu sahiblənməyə müvəffəq ola bilib ki, bunu da özünün ən böyük uğurlarından hesab edir. 

“Həvəsin və qabiliyyətin olduqdan sonra bu sənət o qədər də çətin deyil”, – deyən Heyran onu da qeyd edir ki, əgər yaxşı aktyor olmaq istəyirsənsə, çalışmaq lazımdır. Əmək sərf etdikdən sonra bütün hədəflərə çatmağın mümkün olduğunu nəzərə alsaq, deməli, hər şeyə nail olmaq mümkündür. 

Onlar hələ çox gəncdir. Yaradıcılıq üçün qarşılarında uzun illər və geniş imkanlar var. İnanırıq ki, sənətə bu teatrda başlayan yeniyetmələrin səsi gələcəkdə böyük səhnələrdən eşidiləcək. Uğur ­olsun!

 

00213733
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
266
518
1857
11786
213733

Tarix: 26-04-2018
Biz, sosial şəbəkələrdə: