"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görür

Bu gün sosial-iqtisadi inkişafın sürətlənməsində mühüm rol oynayan turizm fəaliyyətinin genişləndirilməsi istiqamətində Naxçıvanda kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 may tarixli Fərmanı ilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılmasında məqsəd də muxtar respublikanın turizm potensialının təbliğində görülən işlərin daha da sürətləndirilməsidir.

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də bu mədəniyyət müəssisəsinə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Bununla birlikdə mərkəz digər vəzifələri də yerinə yetirir. Belə ki, muxtar respublikanın turizm potensialını özündə əks etdirən əyani vəsaitlərin hazırlanması və onların dərc olunması, Turizm Məlumat Bankının formalaşdırılması və serverinin texniki cəhətdən təmin olunması, internet resurslarından istifadə edilməklə muxtar respublikanın turizm potensialının təbliği, ölkə ərazisində fəaliyyət göstərən digər turizm informasiya mərkəzləri ilə əlaqələrin yaradılması və informasiya mübadiləsi aparılması qarşıya qoyulan vəzifələrdəndir. Mərkəzin internet səhifəsində muxtar respublikamızda turizm sahəsindəki yeniliklər öz əksini tapır, bura müraciət edənlərə otellər, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur firmalar, bələdçilər və sair haqqında ətraflı məlumatlar verilir.

Tərtib olunmuş iş planına əsasən mərkəzdə muxtar respublika ərazisində Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Əshabi-Kəhf və Naxçıvan Qarabağlar istiqamətləri üzrə 5 turizm marşrutunun hər biri üçün ayrı-ayrılıqda sxematik planlar işlənib, Azərbaycan və ingilis dillərində bukletlər hazırlanıb. Bundan əlavə, mərkəz tərəfindən muxtar respublikanın turist xəritəsi və Naxçıvan Turizm İnformasiya Mərkəzi haqqında da buklet hazırlanıb və çap edilib.

Naxçıvan Turizm İnformasiya Mərkəzində turizm marşrutlarının və reklam informasiya materiallarının yenilənməsi işi də müntəzəm olaraq davam etdirilir. Burada Naxçıvan-Gülüstan, Naxçıvan-Şahbuz-Batabat, Naxçıvan-Şahbuz-Ağbulaq turizm marşrutları və Nuh Peyğəmbərin məzarüstü türbəsinin bukleti, müalicə turizminin inkişafı məqsədilə Duzdağ Fizioterapiya Mərkəzinin kataloqu və “Naftalan nefti” reklam informasiya materialları hazırlanıb.

Bu gün Turizm İnformasiya Mərkəzi internet resurslarından səmərəli şəkildə istifadə edir, mərkəzin və eləcə də muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində də işlərini davam etdirir. Qeyd edək ki, mərkəzin internet səhifəsi yenidən qurulub. Buraya daxil olan turistlər Naxçıvan Muxtar Respublikasının turizm potensialı, turistlər üçün məlumat, turizm marşrutları, turizm obyektləri, mehmanxana və motellər, kirayə verilən kənd evləri, restoran və kafelər, alış-veriş mərkəzləri, əyləncə obyektləri, muzeylər, teatrlar, kitabxanalar, milli geyimlər, musiqi alətləri, rəqslər, mətbəx nümunələri, tarixi abidələr barədə ətraflı məlumatlar əldə edə bilərlər. İnternet səhifəsində həmçinin banklar, turizm firmaları, bələdçi məlumatları, videoçarx və fotoşəkillər yerləşdirilib və keçid linkləri əlavə edilib. Məlumatlar Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də verilib, internet səhifəsi 2016-cı ilin iyun ayının 6-da şəbəkəyə qoşulub. Mərkəzin saytında turist qəbul edən 50-dən çox kənd evinin ünvanı haqqında məlumatlar və onlara aid foto­şəkillər yerləşdirilib, indiyədək internet səhifəsinə 90 mindən çox baxış sayı qeydə alınıb. 

2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqların icrası məqsədilə aidiyyəti təşkilatlar tərəfindən birgə tədbirlər planı hazırlanıb. Bu çərçivədə Naxçıvan Turizm İnformasiya Mərkəzinə də müvafiq tapşırıqlar verilib. Burada muxtar respublikanın turizm potensialının geniş və elmi şəkildə tanıdılması xüsusi diqqət yetirilən məsələ kimi qarşıya qoyulub. Bu məsələnin tələb edilən səviyyədə yerinə yetirilməsində əsas vasitələrdən biri sosial şəbəkələrdən istifadədir. Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların internetdə yerləşdirilməsi təmin edilib və mərkəzin “Youtube” kanalına 1000-dən çox məlumat – videoçarx daxil edilib, 300 mindən çox baxış qeydə alınıb. “Facebook” sosial şəbəkəsindəki səhifəsində 5 mindən çox paylaşım, 650 min baxış olub. Eyni zamanda mərkəzin “Facebook” sosial şəbəkəsindəki qrupunda qrup üzvlərinin sayı 12 min 128-ə çatdırılıb, 709 məlumat daxil edilib, 341 min 664 baxış sayı qeydə alınıb. Muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxlar “Twitter” və “Google+” səhifələrində də yayımlanıb. Sosial şəbəkələrə göndərilən məlumatlar mərkəzin “İnstagram” səhifəsində də istifadəçilərə təqdim edilir. 

Qeyd edək ki, bu günədək mərkəzə gəlmiş 2800-dən çox xarici ölkə vətəndaşının müraciəti cavablandırılıb. Bu dövrdə Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılıb. 35-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 270-dən çox turizm şirkətinə və bölgələrdə yerləşən 13 turizm informasiya mərkəzinə muxtar respublikanın turizm imkanları ilə bağlı məlumatlar göndərilib.
Naxçıvana qrup şəklində turist göndərən İran İslam Respublikasının, həmçinin Bakı şəhərində yerləşən böyük tur firmaların rəhbərlərinin və bölgələrdə yerləşən turizm informasiya mərkəzlərinin müraciətləri əsasında onlara muxtar respublikanı tanıdan tarixi abidələr, görməli yerlər haqqında buklet və materiallar verilib. Həmçinin mərkəzin elektron poçt ünvanına və əlaqə nömrələrinə müraciətlər də daxil olub. Bu müraciətlərə baxılır və müvafiq tur firmaları ilə əlaqələndirilməsi təmin edilir.

Ötən il 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü: Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet-aksiyada Mədəniyyət və Turizm Nazirliyi aid təşkilatlarla birlikdə 10 bölmə üzrə minə yaxın foto və 152 tanıtım videosu hazırlayaraq mərkəzin veb saytında yaradılan eyniadlı bölmədə yerləşdirilib. Bu materiallar paylaşılmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə, Naxçıvan Dövlət Televiziyasına, “Şərq qapısı” qəzetinə və digər qəzetlərə, informasiya agentliklərinə təqdim edilib. Ümumilikdə, aksiyada 1047 nəfər və 60 qrup iştirak edib. Naxçıvanın tanıtımı ilə bağlı 273 sayta məlumat göndərilib, 41 saytda material dərc edilib, 55 minə yaxın paylaşım, 265 minə yaxın bəyənmə və 851 mindən çox izləyici sayı qeydə alınıb.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən keçirilən müsabiqədə Naxçıvan Turizm İnformasiya Mərkəzi fəal iştirak edib, “Azərbaycan” məlumat kataloqunda Naxçıvan Muxtar Respublikası Bakı-Abşerondan sonra 2-ci yerdə təqdim edilib. Bundan başqa, məlumat kataloqunun hazırlanmasında iştirakına görə Naxçıvan Turizm İnformasiya Mərkəzinə sertifikat və fəxri fərman təqdim olunub, 50 nüsxə tanıtım kataloqu Naxçıvan Turizm İnformasiya Mərkəzinə hədiyyə edilib. 

Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində təcrübə keçmə qrafikinə əsasən Naxçıvan Turizm İnformasiya Mərkəzində də olurlar. Burada tələbələrə muxtar respublikanın turizm potensialı, Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması və fəaliyyəti, gördüyü işlər haqqında və mərkəzin yerləşdiyi tarixi abidə – Zaviyə mədrəsə binası barədə geniş məlumatlar verilir, onların sualları ətraflı cavablandırılır.

Gülnarə SADİQOVA

Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru

01010334
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
58
533
1111
185892
1010334

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: