"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Əfqan Rəsulun solo konserti olmuşdur

Mayın 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında həmyerlimiz, istedadlı pianoçu Əfqan Rəsulun solo konserti olub.

Konsertdən əvvəl aparıcı tanınmış pianoçu, IX Respublika müsabiqəsinin, 2009-cu il Beynəlxalq Caz festivalının laureatı, İsveçrənin “Montrex Caz” müsabiqəsinin finalçısı Əfqan Rəsul haqqında qısaca məlumat vermişdir.

Bildirilib ki, Əfqan Rəsul 1982-ci il noyabrın 25-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1998-ci ildə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinin fortepiano ixtisasını bitirmiş. 2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuş,2008-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir.

Əfqan Rəsul dünyanın bir sıra ölkələrində 2006-cı ildə Norveçin Oslo şəhərində, 2007-ci ildə Moldovanın Kişinyov şəhərində və Rusiyanın Perm şəhərində, 2008-ci ildə Fransanın Paris şəhərində, 2015-ci ildə Gürcüstanın Tiflis şəhərində, 2017-ci ildə Amerikanın Nyu-York şəhərində “Smalls Caz” klubunda solo konsertlər vermişdir. Bu gün isə Əfqan doğma şəhərində doğma insanlar qarşısında çıxış edəcəkdir. Proqramda Azərbaycan xalq və bəstəkar mahnıları, həmçinin Amerika caz musiqisi ifa olunmuşdur.

Səhnəyə çıxan istedadlı pianoçunun ifasında əvvəlcə Azərbaycan bəstəkarlarından Telman Hacıyevin “Abşeron”, Tofiq Quliyevin “Lirik mahnı”, “Zübeydə”, Fikrət Əmirovun “Lay-lay”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” səslənmişdir.

Tanınmış musiqiçinin konsertinin ikinci hissəsi Amerika Caz musiqisinin standartlarından ibarət idi. Dünya caz musiqisinin vətəni hesab edilən Amerikada yaranan cazın 100 ildən artıq yaşı vardır. Bir sıra xalqların müxtəlif mənşəli musiqisinin sintezindən yaranan caz tez bir zamanda dünya ölkələrində də yayılmışdır. Azərbaycanda da tanınmış caz musiqiçiləri, kollektivləri vardır. Azərbaycan caz məktəbinin görkəmli nümayəndələri T.Quliyev, V.Mustafazadə və başqalarının musiqi əsərləri xarici ölkələrdə də populyarlıq qazanmışdır. V.Mustafazadənin muğam və cazın sintezindən yaratdığı ecazkar musiqi Amerika və Avropanı heyran etmişdir. Bu gün caz musiqisi artıq müxtəlif janr və üslublardan ibarətdir. Ölkəmizdə ənənəvi Bakı Beynəlxalq caz festivalı keçirilir. Əfqan Rəsulun səsləndirdiyi Amerika standartlarında cazda müasir ABŞ-ın şəhər həyatının lövhələri, təbiət mənzərələri, payız təəssüratları, lirik əhval-ruhiyyə, arzulara çatmaq istəyindən yaranan düşüncələr, ötən günün səs-küyündən sonra dinclik axtarmaq kimi motivlər duyulurdu. Musiqiçinin müxtəlif üslublarda və standartlarda ifa etdiyi caz musiqisi (bluz, svinq, bibop, kul və fri caz) maraqla qarşılanmışdır. 

00823886
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
274
143
732
4787
823886

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: