"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın tanıdılması üçün Facebook sosial şəbəkəsində ərəb dilində yeni səhifə yaradılıb

Son illər muxtar respublikamızda turizm potensialının genişləndirilməsi, tarixi abidələrin bərpası, beynəlxalq idman turnirlərinin, müxtəlif festivalların keçirilməsi bir ənənə halını alıb. Aydın məsələdir ki, Naxçıvanımızın gündən-günə gözəlləşməsi, infrastruktur quruculuğu işlərinin uğurla davam etdirilməsi və az əvvəl qeyd etdiyimiz festival və tədbirlərin təşkili diyarımıza turist axınını sürətləndirib. 

Bu da bir həqiqətdir ki, müasir dövrdə turizmin genişləndirilməsində reklam və təbliğat işləri çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə elektron resurslardan səmərəli istifadə olunması turizmin inkişafında başlıca rol oynayır. Naxçıvanda bu istiqamətdə də ardıcıl tədbirlər görülür. Məsələn, Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması bu yöndə sistemli işlərin görülməsini təmin etmişdir. Mərkəz turizm obyektlərinə marşrutlar təşkil etməklə yanaşı, internet saytı və sosial şəbəkələr üzərindən də təbliğati işlər yerinə yetirir. 

Ümumiyyətlə, muxtar respublikaya marağın artmasında sosial şəbəkələr mühüm rol oynayır. Sosial şəbəkələrdə müxtəlif dillərdə təqdim olunan informasiyalar Naxçıvanın turizm imkanlarının daha geniş auditoriyada tanınmasına şərait yaradır. Sevindirici haldır ki, son illər bu istiqamətdə gənclərimiz fəallıq nümayiş etdirirlər. İstər şəxsi profillərində, istərsə də ayarı-ayrı səhifə və qruplarda Naxçıvanımızın tanıdılmasında mühüm rol oynayırlar. Son zamanlar sosial şəbəkələrdə Naxçıvanın təbliği ilə bağlı xeyli sayda səhifələr yaranıb və fəaliyyətlərini uğurla davam etdirirlər. Həmçinin bu səhifələrin müxtəlif dillərdə, o cümlədən ingilis, rus, fransız, alman dillərində fəaliyyət göstərməsi bu istiqamətdə böyük uğurlardan hesab oluna bilər. Naxçıvan televiziyasının internet saytına müraciət edənlərin sayı 2,5 milyonu ötüb. Bu saytda da artıq turizm bölməsi yaradılıb və tanıtım materialları yerləşdirilib.


Bildiyiniz kimi, Naxçıvan şəhəri 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunub. 2018-ci ildə muxtar respublikamıza xeyli sayda turistin gələcəyi gözlənilir. Yalnız daha çox turistin cəlb olunması üçün Naxçıvanı daha geniş miqyasda təbliğ etməyə böyük ehtiyac vardır. Müsəlman ölkələrinin böyük əksəriyyətinin ərəbdilli ölkələr olduğunu nəzərə aldıqda bu informasiyaların ərəb dilində yayımlanması da uğurlu addımlardan biri hesab oluna bilər. 

Sosial şəbəkələrdə Naxçıvanın tanıdılmasında fəallıq göstərən gənclərimizdən biri də Əli Orucovdur. O, ərəb dilində Naxçıvanın tanıtımını qarşısına məqsəd qoyub və müəyyən uğurlar əldə edib. Facebook sosial şəbəkəsində ərəb dilində yaratdığı səhifə kifayət qədər maraq cəlb edib. Səhifənin yaradılmasından qısa zaman keçməsinə baxmayaraq artıq müəyyən sayda izləyici auditoriyası toplaya bilib. 

Əli Orucov səhifənin yaranma məqsədi haqqında qeyd etdi ki, səhifənin yaradılmasında əsas məqsəd muxtar respublikamızı ərəbdilli ölkələr arasında tanıtmaq, muxtar respublikamıza gəlmək istəyən turistlərə Naxçıvan haqqında dəqiq və dolğun məlumatların daha geniş auditoriyaya təqdim olunmasıdır. 

Naxçıvanın ərəbdilli ölkələrdə geniş təbliği baxımından bu səhifənin əhəmiyyəti böyükdür. Lakin Əli Orucov təkcə bununla kifayətlənmək niyyətində deyil, yaxın günlərdə daha bir layihə ilə fəaliyyətini genişləndirmək niyyətindədir.

Müsahibimiz həm də qeyd etdi ki, yaxın vaxtlarda səhifənin əsasında bir internet saytı yaratmaq fikrindədir. Bu saytda da Naxçıvanın tarixi abidələri, dini ziyarətgahları və turizm potensialı daha geniş auditoriyaya çatdırılacaq. 

Ümumiyyətlə, son illərdə Əli Orucov kimi gənclərimizin məqsədyönlü fəaliyyətləri nəticəsində sosial şəbəkələrdə Naxçıvanımızın tanıdılması baxımından mühüm nailiyyətlər qazanmışıq. Bu mənada hər birimizin üzərinə mühüm vəzifələr düşür. İmkanlarımızdan istifadə edərək bu cür səhifələrin təbliğində hər birimiz fəal iştirak etməli, geniş izləyici kütləsinə çatdırılmasında əlimizdən gələni əsirgəməməliyik. Ümid edirik ki, bu səhifəyə maraq daha da artacaq və çoxminli izləyici kütləsinin müraciət etdiyi ünvanlardan olacaq. 

https://www.facebook.com/nakhchivan/?ref=aymt_homepage_panel

00823957
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
345
143
803
4858
823957

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: