"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclər Möminə xatın türbəsini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində təhsil alan bir qrup gəncin Naxçıvan şəhərindəki Möminə xatın türbəsinə ekskursiyası təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının Turizm şöbəsinin müdiri Əkbər Novruzov gənclərə bu möhtəşəm abidə haqqında məlumat verərək bildirib ki, Şərq memarlığının incilərindən olan bu türbə 1186-cı ildə inşa olunub. Abidənin memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani bu türbəni Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Möminə xatının qəbri üzərində ucaldıb. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. 

Qeyd edilib ki, bu möhtəşəm sənət abidəsi yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi onbucaqlı olan abidə bir sıra memarlıq xüsusiyyətləri ilə seçilir. 8 əsrdən artıq keçməsinə baxmayaraq, abidə öz zərifliyini itirməyib. Türbənin səthi quruluşu həndəsi ornamentlərin kompozisiyasından ibarət olub, kaşılarla daha da zənginləşdirilib. 

Gənclərə məlumat verilib ki, türbənin sadə quruluşu, kompozisiya yetkinliyi, zərif işlənmiş naxışlar abidənin orta əsrlər memarlığının şah əsərlərindən biri olmasına əsas verir. Bu monumental abidə haqqında Naxçıvana səyahət etmiş Şərq və Avropa səyyahlarının, tədqiqatçılarının əsərlərində maraqlı məlumat və qeydlərə rast gəlinir. Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçilik ənənələrini, yüksək mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərən abidə dünya əhəmiyyətli memarlıq incisi kimi dövlətimiz tərəfindən qorunur. 

Sonra gənclər Möminə xatın türbəsinin daxili və xarici quruluşu ilə tanış ediliblər.

01010516
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
240
533
1293
186074
1010516

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: