"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm sektorunun inkişafı diqqət mərkəzindədir

Ölkəmizdə müasir dövrün ən mühüm sosial-iqtisadi inkişaf istiqamətlərindən birini turizm sektoru təşkil edir. Bu sahənin inkişafı, öz növbəsində, bir sıra istehsal sahələrinin davamlı fəaliyyətinin təmin olunmasında, eləcə də əhalinin məşğulluğunun və gəlirlilik səviyyəsinin artırılmasında xüsusi rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı xüsusi diqqətdə saxlanılır və bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr qədim diyarımızın turist cəlbediciliyini gündən-günə artırır. Mövcud təbii ehtiyatlardan səmərəli istifadə etməklə yeni turizm məhsullarının ərsəyə gətirilməsi muxtar respublikada bu sektorun inkişafı üçün yeni imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın əsas məqsədlərindən biri muxtar respublikanın turizm potensialından tam istifadə edilməsini təmin etməkdir.

Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası 2022-ci ilin birinci yarım ilində də davam etdirilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən Culfa rayonunun Ləkətağ kəndində turizm sahəsinin yaradılması üçün bir fiziki şəxsə 40 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Birinci yarım ildə adıçəkilən ərazidə kənd turizm sahəsinin, eləcə də Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar” İstirahət Mərkəzinin yaradılması başa çatdırılmışdır. Həmçinin bu dövrdə Ordubad şəhərində qədim Cümə məscidinin bərpası və Culfa rayonunda Darıdağ Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilmişdir. Görülən işlər muxtar respublikanın cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına öz töhfəsini verəcəkdir.

Muxtar respublikaya turistlərin cəlb edilməsinə müsbət təsir göstərən amillərdən biri reklam-informasiya fəaliyyətidir. Mövcud turizm imkanlarının genişmiqyaslı təbliği turistlərin məlumatlılığının artırılmasına xidmət edir. Proqramda bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası məqsədilə birinci yarım ildə Naxçıvan Turizm İnformasiya Mərkəzi və Turizm Departamentinin sosial şəbəkə hesablarına muxtar respublika üzrə turizmlə bağlı, ümumilikdə, 322 məlumat daxil edilmiş, 115 mindən çox baxış sayı qeydə alınmışdır. Həmçinin bu dövrdə muxtar respublikanın quş müşahidəçiliyi ilə bağlı turizm potensialını əks etdirən məlumat və fotoşəkillərin nadir quşların çoxluq təşkil etdiyi ərazilərin nümayiş etdirildiyi www.birdingplaces.eu saytına, Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatların isə “Wego” onlayn turizm platformasına yerləşdirilməsi təmin edilmişdir.

Turizmin inkişafında yerli dəyərlərin uğurlu təbliğinin əhəmiyyəti nəzərə alınaraq Dövlət proqramında Novruz bayramı tədbirlərinin hazır­lanması və təbliği ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu məqsədlə 19-28 mart tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, eləcə də muxtar respublikanın rayon mərkəzlərində bayram konsertləri, yarmarkalar və ictimai iaşə xidməti təşkil olunmuşdur. Bayram tədbirləri ilə bağlı məlumatlar Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytına Azərbaycan, rus və ingilis dillərində daxil edilmiş, həmçinin mərkəzin sosial şəbəkə hesablarına yerləşdirilmişdir.

Turistlərin məlumatlılığının artırılması və turizm potensialının təbliğində medianın rolu da xüsusi qeyd edilməlidir. Çoxsaylı izləyici kütləsinə malik olan media nümayəndələrinin öz şəxsi hesabları və təmsil etdikləri mətbuat orqanları vasitəsilə apardıqları turizm təbliğatı istənilən bölgədə bu sahənin inkişafı üçün mühüm rol oynayır. Qeyd edilənlər nəzərə alınaraq cari ilin 21-24 iyun tarixlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Turizm Assosiasiyaları, eləcə də Azərbaycan-Türkiyə-İran media nümayəndələrinin iştirakı ilə “Nuh diyarı-Naxçıvan” infoturu təşkil olunmuşdur. İnfoturun məqsədi Naxçıvanın zəngin turizm potensialını təqdim etməklə yanaşı, Azərbaycan, Türkiyə və İran arasında turizm və media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına köməklik göstərməkdən ibarət olmuşdur. İnfotur çərçivəsində qonaqların muxtar respublikanın tarixi, mədəniyyəti, təbiəti və müasir turizm infrastrukturu ilə yaxından tanışlığı təmin edilmişdir. 

Bütün bunlarla yanaşı, cari ilin ilk yarısında muxtar respublikanın turizm imkanlarının beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayişi də turistlərin marağını bu qədim diyara cəlb etmək məqsədi daşımışdır. Belə ki, bu dövrdə İsrailin Təl-Əviv, Qazaxıstanın Almatı və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində Naxçıvan Muxtar Respublikası Turizm Departamenti əməkdaşlarının iştirakı təmin olunmuşdur. Həmin sərgilərdə muxtar respublikanın turizm potensialı ilə bağlı videoçarxlar, bukletlər və kitablar, eləcə də yerli istehsal məhsullarından olan Naxçıvan duzu və mineral sular nümayiş etdirilmişdir. 

Turizm sektorunun müasir dövrün tələblərinə uyğun qurulmasına təsir göstərən amillərdən biri də bu sahədə fəaliyyət göstərən müəssisələrin təcrübəli və ixtisaslı kadrlarla təmin edilməsidir. Birinci yarım ildə pro­qramın icrasına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrinə “Turizm sahəsində biznesin təşkili”, “Turizmin təşkili”, “Ekskursiya rəhbəri” və “Bələdçilik” adlı elektron dərs vəsaitlərinin təqdim olunması müdavimlərə praktik səriştələrin aşılanması ilə yanaşı, onların nəzəri biliklərinin də artırılmasına xidmət etmişdir.

Turistlərin məmnunluq səviyyəsinin artırılması və onlara daha yaxşı xidmətin göstərilməsi üçün peşə təhsilinin dəstəklənməsi ilə yanaşı, turizm sektorunda çalışanlar üçün vaxtaşırı seminarların təşkili də xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə turizm sektorunun nümayəndələri üçün martın 10-da “Beynəlxalq sərgilərin turizmdə rolu”, iyunun 13-də “Turizm haqqında yeni qanunun tələbləri, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər və cərimələr”, eləcə də turizm sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün aprelin 27-də “AZS 906:2022 dövlət standartının tələbləri” mövzularında seminarlar təşkil olunmuşdur. Bundan əlavə, mayın 26-da yerli və xarici turoperatorlar üçün “Muxtar respublikanın turizm potensialının yaxın coğrafiyada tanıdılması” mövzusunda vebinar keçirilmişdir.

Dövlət proqramının icrası muxtar respublikada turizm sektorunun və infrastrukturunun inkişafı üçün əlverişli mühitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edir.

“Şərq qapısı”

24.08.2022

 

00823982
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
21
349
828
4883
823982

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: