"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları: “Naxçıvan zəngin turizm potensialına malik çox fərqli bir diyardır”

İyunun 23-də infotur iştirakçıları səfər çərçivəsində Naxçıvanın bir sıra gəzməli-görməli yerlərində olublar. Qonaqlar əvvəlcə Şahbuz Dövlət Təbiət Qoruğu (Batabat)  və Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə səfər ediblər. Buranın əsrarəngiz təbiət gözəllikləri qonaqları heyran edib, turizm potensialı barədə dərin təəssürat yaradıb.

Daha sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş qadınların əl işlərindən ibarət səyyar sərgi-satış ilə tanış olub, hədiyyəlik əl işləri alıblar. İştirakçılar “Xan Sarayı” Dövlət  Tarix-Memarlıq,  Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, abidə Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi quruluşda inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Qeyd edilib ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə, türk-islam memarlığında ən uca və incə kompozisiyalı türbə xalqımızın qadın adına və ülviyyətinə verdiyi yüksək dəyərin ifadəsidir. 

Səfər çərçivəsində tur iştirakçıları Bayraq Meydanı və Muzeyi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizio­terapiya Mərkəzini  ziyarət ediblər.

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri: – Naxçıvan zəngin turizm potensialı ilə seçilən məkandır. Burada turizmin inkişafı üçün müxtəlif istiqamətlər var. Naxçıvan Muxtar Respublikasının rəhbəri turizmin inkişafına xüsusi diqqət göstərir. Bunun da nəticəsi olaraq Naxçıvan həm daxili turizm bazarında, həm də regional və qlobal səviyyədə öz rəqabətqabiliyyətliliyini artırır. Burada ənənəvi turizm məhsulları ilə yanaşı, yeniliklər təklif edilir, xidmət səviyyəsi artırılır, kadrların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülür. Dövlət Turizm Agentliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamenti arasında illik fəaliyyət planları mövcuddur. Birgə fəaliyyətin nəticəsi olaraq Naxçıvanın turizm potensialı son illərdə beynəlxalq tədbirlərdə sərgilənir, nümayiş etdirilir, Naxçıvanın turizminə xüsusi marketinq dəstəyi göstərilir və bunlar öz effektini verir. Əlbəttə ki, pandemiya dövründə turizm sahəsində müəyyən geriləmələr olub, lakin biz əminik ki, qısa zaman ərzində Azərbaycanın, Naxçıvanın turizm sahəsi yeni, daha üstün nəticələr nümayiş etdirməyə başlayacaq. Düşünürəm ki, çox uğurlu nəticələr əldə ediləcək.

Sərxan Tahmaz – Türkiyə Səyahət Agentliyi Birliyinin media müdiri: – Dünyanın bir çox coğrafiyaları ilə yaxından tanış olsam da, Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Bu vaxta qədər Naxçıvan haqqında çox oxumuşam, çox eşitmişəm, amma onu yaxından görmək bu günə nəsib imiş. Başdan-başa təbiət muzeyi olan bu torpağın insanları da gülərüz və mehribandır. İki gün müddətində Naxçıvanda bir-birindən maraqlı və yaddaqalan anların şahidi olduq. Ekskursiyalarımız çərçivəsində rəngarəng fotoşəkillər çəkərək öz şəxsi media hesablarımızda izləyicilərimizlə bölüşdük. Həqiqətən, Naxçıvan bizim kimi bir çoxlarının marağını qazanmağa nail ola bilib. Media sahəsində 30 ilə yaxındır ki, fəaliyyət göstərən bir şəxs olaraq deməliyəm ki, əgər Naxçıvanın mövcud potensialı kifayət qədər təbliğ olunarsa, buraya gələn turistlərin, necə deyərlər, ardını kəsmək qeyri-mümkün olar. Bununla yanaşı, qeyd etməliyəm ki, istər siyasi müstəvidə, istərsə də bu və ya digər sahələrdə Azərbaycan və Türkiyə qardaşlığı bu gün bütün dünyanın diqqət mərkəzindədir. Tarix də sübut edir ki, hər iki qardaş ölkə bütün mürəkkəb, çətin proseslərin məngənəsində olduğunda belə heç zaman bir-birindən köməklərini əsirgəməyib. Bunu qardaş Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin timsalında da gördük, ötən zaman müddətində Türkiyənin bir çox regionlarında baş verən yanğın fəlakətindəki yardımda da bir daha şahid olduq. Hesab edirəm ki, hər iki ölkə arasında bu cür geniş əlaqələrin mövcudluğu gələcək dövrlərdə də özünü daha aydın göstərməklə bir çox uğurlara da imza atacaq. Son olaraq qeyd edim ki, Naxçıvanda şahid olduğum, gördüyüm hər bir şey xatirəmdə həmişəlik qalacaq anlardır. İnanıram ki, bundan sonra da Naxçıvana böyük həvəslə səfər etmək şansını əldə edəcəyəm. 

Javad Pahlevan Zadeh – Ərdəbil Səyahət Agentlikləri Assosiasiyasının sədr müavini: – Bu mənim Naxçıvana ikinci səfərimdir. Şəhərin təbiiliyi, təmizliyi, insanların səmimiyyəti, qonaqpərvərliyi məndə xoş duyğular yaratdı. Burada ziyarətgahlar, muzeylər, bu qədim yurd yerinin tarixini özündə əks etdirən möhtəşəm tarixi abidələr var. Diqqətimi cəlb edən əsas məqamlardan biri də Naxçıvanın tarixinin, mədəni irsinin qorunub saxlanmasına, mühafizəsinə və təbliğinə dövlət tərəfindən böyük qayğı göstərilməsidir. Bu, təqdirəlayiq haldır. Doğrudan da, yaşı minillikləri adlayan belə qiymətli abidələr əvəzolunmaz bir xəzinədir. Hər birinin bir-birindən gözəl və maraqlı tarixi var. Onların qorunub saxlanılması böyük vətənpərvərliyin, tarixə bağlılığın nişanəsidir. Gəzinti zamanı daha çox Ordubadın sirli-sehrli tarixi diqqətimi cəlb etdi. Şəhərin tarixiliyi insanı xəyalən başqa bir aləmə aparır. Hər tərəfdə təmizlik, abadlıq hökm sürür. Yaraşıqlı binalar, geniş yollar, bir sözlə, bu diyarın hər qarışı insanı özünə valeh edir. 

Seyedeh Safoura Razi Nejad  – İran İslam Respublikasının Guilan Sağlamlıq Turizmi Mərkəzinin müdiri: – Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda olduğumuz bu iki gün bizlər üçün böyük önəm daşıdı. Bir turizm nümayəndəsi nöqteyi-nəzərindən mövzuya yanaşsaq, həm bir qonaq kimi burada olan turizm potensialı haqqında ətraflı məlumatlar qazanır, həm də qədim türk diyarı olan Naxçıvanın tarixi ilə yaxından maraqlanıb, tanış oluruq. Bildirmək istəyirəm ki, burada vaxtımız xeyli maraqlı və səmərəli keçir. İki gün ərzində Naxçıvanın yay mövsümünə uyğun olan turistik məkanlarına ekskursiyalar etdik, xeyli maraqlı və faydalı məlumatlar qazandıq. Bunlardan biri də bu gün səfər etdiyimiz təmiz havası və kəskin iqlimi ilə diqqəti cəlb edən Batabat yaylağı oldu. Bununla yanaşı, biz həm də səfərin ilk günündə Azərbaycanın incisi sayılan Ordubad şəhərinə getdik. Oranın görkəmi, müasirliyi və turizm üçün əlverişli şəraiti insanın diqqətindən yayınmır. Naxçıvanda havanın bu qədər kəskin isti olması bir qədər insan üçün çətinlik yaratsa da, bizi yormur, səfərimizi xeyli maraqlı edir. Bundan başqa, mənəvi zövq alırıq, xatirə şəkilləri çəkərək səfərimizi əbədiləşdiririk. İlk dəfədir, səfər etməyimə baxmayaraq, bu diyar haqqında yüksək fikirlər qazandım, geniş məlumatlar əldə etdim. Ümid edirəm ki, Naxçıvana yenidən gəlmək şansını əldə edə bilərəm.

Qardaş Türkiyə Respublikasının media sahəsində uzun illərdir, fəaliyyət göstərən digər müsahibimiz Emin Fərid Uzun söhbət zamanı bildirdi ki, Naxçıvan, həqiqətən, zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə bura üz tutan hər bir kəsi özünə heyran qoyur: – İlk dəfədir, səfər etməyimə baxmayaraq, heç bir yadlıq və özgəlik hiss etmirəm. Düşünürəm ki, insanların istiqanlı olması, qonaqpərvərliyi bizdə bu cür müsbət təəssüratlar yaradır. Həqiqətən, bu vaxtacan Naxçıvan haqqında eşitdiyim gözəl fikirlərin əyani sübutunu burada olduğum iki gün müddətində daha yaxından gördüm, şahid oldum. Bu gün biz turumuzun ikinci gününə Batabat yaylağına səfər etməklə başladıq. Havanın bir qədər isti olmasına baxmayaraq, ekskursiyamız maraqlı və yaddaqalan oldu. Daha öncədən Azərbaycanın, o cümlədən Naxçıvanın kəskin, dəyişkən iqlimi haqqında eşitsəm də, ilk dəfədir, səfər etdiyim üçün onu hiss etmək məhz bu günə nəsib oldu. Hər tərəfdə gedən tikinti-quruculuq, geniş yollar, müasir obyektlər və bunun kimi neçə-neçə maraqlı və gözəl proseslər bir daha bunu deməyə əsas verir ki, Naxçıvan, sözün əsl mənasında, geniş ekoturizm potensialına sahibdir. Əminəm ki, bizim bu səpkidəki səfərlərimiz bundan sonra da davamlı xarakter alacaq.

Bahareh Habibzadeh – Ölkə kooperativlərinin idarəedici direktoru: – Bu, Naxçıvana ilk səfərimdir. Artıq iki gündür ki, Naxçıvanı addım-addım gəzirik. İstər müasir infrastruktur və xidmət şəraiti, istərsə də insanların qonaqpərvərliyi məni heyran etdi. Şəhər infrastrukturu elə qurulub ki, yolboyu nəzər saldıqca görürsən ki, heç bir nöqsan yoxdur. Bu şəhər haqqında çox eşitmişdim, amma eşitdiklərimdən daha da gözəldir. Ən əsası burada böyük inkişaf, müasirlik və tərəqqi var. Bu inkişaf və müasirliklə yanaşı, həm də şəhərin tarixi görkəmi qorunub saxlanılıb. Gəzinti zamanı bir çox abidələri ziyarət etdik. Məndən Naxçıvanı soruşsalar, onu “abidələr diyarı” adlandırardım. Əbəs yerə demirlərmiş, Naxçıvanın hər daşında bir tarix yatır. 

Rüfət Hacıyev – Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin sədri: – 12 il əvvəl  Naxçıvanda olmuşam. Buraya qayıdandan sonra böyük dəyişikliklər görürəm. Buranın turizm potensialı var idi, ancaq gündən-günə bu potensialı üzə çıxarırlar və böyük işlər görülür. Bu mənada, müasir yol infrastrukturunun qurulmasını, yeni otellərin, əyləncə mərkəzlərinin tikintisini qeyd edərdim.  Naxçıvanın turizm cəhətdən çox maraqlı perspektivi var. Biz də turizm assosiasiyası olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə görüş keçirdik və istərdik ki, bizim assosiasiyaya Naxçıvanın turizm şirkətləri də qatılsın. Belə bir fikrə gəldik ki, bizim idarə heyətinin növbəti iclasını Naxçıvanda keçirək və burada yeni üzvlərimizi, Naxçıvan turizm şirkətlərini də bizim assosiasiyaya qəbul edək. Bu barədə birgə layihələr üzərində işləyək ki, biz də öz tövsiyəmizi verək. Buranın qədim tarixi, təbiəti, özünəməxsusluğu var. Ordubadın başqa bir gözəlliyi var, Batabatın, Ağbulağın başqa. Bunun üstündə işləmək lazımdır və ümidvarıq ki, Zəngəzur dəhlizi açılandan sonra  turistlər rahatlıqla gəlib  bu gözəlliyi görəcəklər. 

Türkay Qasımzadə – Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası idarə heyətinin sədri: – Qədim Azərbaycan məmləkəti olan, günü-gündən müasirləşən Naxçıvan Muxtar Respublikasının böyük turizm potensialı var. Buranın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı minilliklərə söykənən maddi mədəniyyət nümunələri bu gün də öz gözəllik və ehtişamını özündə saxlamaqdadır. Tək bir ünvandan – Azərbaycanın intibah ocağı olan Ordubad şəhərindən misal çəkmək kifayət edər ki, buradakı geniş infrastruktur, mədəniyyət hər kəsə aydın olsun. Biz dünən Ordubada səfər etdik, insanların səmimiyyətindən, qonaqpərvərliyindən çox razı qaldıq. Həmişə naxçıvanlıların səmimiyyəti, mehribanlığı dillərdə əzbər olsa da, əyani şəkildə bu deyilənləri görmək insana başqa hisslər yaşadır. Naxçıvanlı həmkarlarımla söhbətimiz zamanı onlardan “Nəqşicahan” sözünün mənasını soruşdum. Çünki Naxçıvan dedikdə bu adın qarşılığı kimi Şərqin qapısı, Nuhçıxan, Nəqşicahan adları da yanaşı çəkilir. Verilən cavablardan aydın oldu ki, bu diyar bəşəriyyətin ikinci bünövrəsinin qoyulduğu, ilk həyat rişəsinin təşəkkül tapdığı ünvan olmaqla yanaşı, həm də öz maddi mədəniyyət nümunələri, ecazkar təbii gözəllikləri ilə fərqləndiyi üçün cahanın nəqşi adlandırılır. Bu diyar Şərq aləmində geniş şöhrət qazanıb. Bununla yanaşı, dilə gətirməliyəm ki, Naxçıvanın rəngarəng təbiət mənzərələri, əlverişli iqlim şəraiti, mineral suları ekoturizmin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs kitabımız “Qurani-Kərim”də bəhs edilən Əshabi-kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilər üçün hər cür şərait yaradılmışdır. Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir. Bizlər üçün nəzərdə tutulmuş proqram çərçivəsində bu sadaladığımız ünvanların böyük bir qismində olmaq fürsətini nə yaxşı ki qazana bildik. 

Tərlan Quliyev: – “Sayahat Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru: – Naxçıvan çox zəngin tarixə, gözəl təbiətə, yüksək iqtisadi inkişafa malik olan bir diyardır. Eyni zamanda muxtar respublikanın gözəl turizm obyektləri, ən yüksək səviyyədə qurulan infrastrukturu var. Bu da Naxçıvanın turizm məkanı kimi cazibədarlığını artırır. Daxili turizm şirkətimizin prioritet istiqamətlərindən biridir. Belə ki, son illərdə ölkəmiz bu istiqamətdə böyük addımlar atıbdır. Və bununla da xarici turistlərin ölkəmizə marağı xeyli artıb. “Sayahat Travel” şirkəti olaraq bu sahənin inkişafına töhfəmizi vermək üçün daxili turizmlə bağlı bir çox xarici turizm şirkətləri ilə sıx əməkdaşlıq edir, onlara Azərbaycanın eləcə də Naxçıvanın tarixi və onun turizm potensialı haqqında geniş məlumat veririk. 

Gülcamal TAHİROVA
Məcid RƏŞADƏTOĞLU
Aytac CƏFƏRLİ
Güntac ŞAHMƏMMƏDLİ

00824148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
187
349
994
5049
824148

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: