"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir

16 iyul 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında qarşıya qoyulan vəzifələr  və 2021-ci ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2021-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2021-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Deparamenti tərəfindən bir sıra işlər həyata keçirilmiş, turizmin inkişafı diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş və bu sahənin dinamik inkişafına səbəb olmuşdur.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində yaradılmış şəraitdən səmərəli istifadə etməklə 2021-ci ilin birinci yarım ili ərzində muxtar respublikada turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilmiş, təbliğat sahəsindəki fəaliyyət gücləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların daimi yenilənməsi təmin edilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə eləcə də sosial şəbəkələrdəki səhifələrinə təbliğat materialları mütəmadi daxil edilmişdir. Həmçinin Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxana və turoperatorun elektron poçt ünvanına muxtar respublikanın turizm potensialı ilə bağlı məlumatlar göndərilmişdir. Həmçinin onlayn formatda keçirilən tədbirlərdə də Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği diqqət mərkəzində saxlanılmışdır. 29 yanvar 2021-ci il və 12 fevral 2021-ci il tarixlərdə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda Quş Gözləmçiliyi turizmi” və 5 may 2021-ci il tarixdə “Azərbaycan hamamları” mövzusunda keçirilmiş onlayn tədbirlərdə Naxçıvan Muxtar Respublikasının turizm potensialı tədbir iştirakçılarına təqdim olunmuşdur.

Həmçinin, 29 mart 2021-ci il tarixdə Rusiya və MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətlərinin iştirakı ilə “Naxçıvan - əfsanələr diyarı, qədim mədəniyyət” adlı vebinar keçirilmişdir.

Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının 2021-ci il üçün Turizm Təqvimi” hazırlanmışdır.

Hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin müasir standartlar səviyyəsində fəaliyyət göstərmələri və peşə biliklərinin artırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Belə ki, turoperatorların və mehmanxana nümayəndələrinin iştirakı ilə “Turizm sahəsində dövlət standartlarının tətbiqi”, “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı”, “İctimai iaşə obyektlərində ofisiant işinin təşkili” başlıqları altında seminarlar təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tur bələdçilərinin muxtar respublikanın turizm potensialını turistlərə daha peşəkarcasına tanıtması məqsədilə  29 iyun 2021-ci il tarixdən etibarən  Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki peşə biliklərinin təkmilləşdirilməsi” təlimi keçirilmişdir. Təlim Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi tərəfindən keçirilmişdir

Cari ilin fevral ayında istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzinin daha geniş kütləyə tanıdılması məqsədilə  Naxçıvan Muxtar Respblikasının Turizm Departamentinin müraciətinə əsasən Naxçıvan Muxtar Respubikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet saytına Ağbulaq Xizək Mərkəzinin baneri yerləşdirilmiş, Xizək mərkəzinin saytına keçid linki verilmişdir. Bununla yanaşı Ağbulaq Xizək Mərkəzinin “skiazerbaijan” platformasına inteqrasiya edilməsi üçün mərkəz haqqında məlumat və fotoşəkillər Azərbaycan Turizm Bürosuna göndərilmişdir.

Cari ilin birinci yarımili ərzində kənd turizminin inkişafı da diqqət mərkəzində saxlanılmışdır. 9 iyun 2021-ci il tarixdə  Şahbuz rayonunun Ağbulaq kəndində rayonun Ağbulaq və Gömür kənd sakinləri ilə “Kənd turizminin inkişafı” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Həmçinin kənd turizmi üçün yararlı kənd evlərinin və yaşıllıq sahələrinin müəyyənləşdirilməsi ilə əlaqədar rayon icra hakimiyyətləri ilə qarşılıqlı iş aparılmış, müəyyənləşdirilmiş obyektlər Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsindəki müvafiq bölməyə yerləşdirilmiş və sosial şəbəkələr vasitəsilə təbliğ edilmişdir.

Ötən dövr ərzində turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə 18 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər Nəqliyyat İdarəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda tədbir keçirilmiş, sürücülərə xidməti fəaliyyət zamanı istifadə üçün Naxçıvan Muxtar Respublikasının turist xəritələri və müxtəlif istiqamətli turizm marşrutlarını əks etdirən bukletlər təqdim olunmuşdur.

Vurğulanmışdır ki, Muxtar respublikanın turizm potensialını daha geniş kütləyə çatdırılması məqsədilə İradə Qədirova adlı səyahət bloqeri Naxçıvan Muxtar Respublikasına dəvət edilmişdir. 7 may 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək səyahət bloqerini Deparatmentin əməkdaşları müşayiət etmiş və turizm potensiallı obyektlərə ekskursiyalar təşkil edilmişdir. Bundan başqa “Azərbaycan kitabı” layihəsinin (“The Book of Azerbaijan”) Naxçıvan Muxtar Respublikasıyla bağlı bölməsinin hazırlanması ilə əlaqədar olaraq muxtar respublikaya ezam olunmuş Heydər Əliyev Fondunun çəkiliş qrupuna Ordubad rayonunun Göygöl ərazisində çəkiliş aparılması üçün şərait yaradılmış və Departamentin nümayəndəsi tərəfindən bələdçilik edilmişdir.

Bəhs olunan dövr ərzində yerli və xarici turoperatorlarla əlaqələr gücləndirilmiş, muxtar respublikaya turistlərin gətirilməsi məqsədilə qanunvericiliyə uyğun müqavilələr bağlanmış və turların təşkili diqqət mərkəzində saxlanılmışdır. Həmçinin Muxtar respublikada turist məmnuluğunun dərəcəsinin müəyyənləşdirilməsi üçün sorğu blankı hazırlanmış və turistlər arasında sorğu keçirilmişdir.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası diqqətdə saxlanılmışdır. Tədris ili ərzində tələbələrlə maarifləndirici görüşlər keçirilmiş, Departament tərəfindən təşkil olunmuş müxtəlif seminar və tədbirlərdə tələbələrin iştirakı təmin edilmişdir. 13 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə III kurs tələbələrinin 2020-2021-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir. Təcrübənin proqramına əsasən tələbələrin Departamentdə, muzeylərədə, muxtar respublikada fəaliyyət göstərən mehmanxana və turoperatorlarda təcrübə keçmələri təmin edilmişdir.

30 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Ağbulaq Xizək Mərkəzində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda gənclərlə görüş keçirilmişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında İdman Turizmi” adlı albom-kataloqun hazırlanması istiqamətində iş aparılmışdır.

Hesabat dövründə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən qədim milli mətbəx nümunələrinin toplanması işi davam etdirilmiş, Naxçıvan mətbəxinə xas olan yemək reseptləri sosial şəbəkələr vasitəsi ilə təbliğ edilmişdir.

“Milli Yeməklər” ictimai iaşə MMC-də Naxçıvan Televiziyası tərəfindən “Günaydın” və “Miras” proqramları üçün ümumilikdə 4 çəkiliş aparılmış, sujetlərdə mövsümi yeməklərin hazırlanma qaydaları əyani şəkildə nümayiş etdirilmişdir. 9 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin edilmişdir. Hesabat dövründə milli yeməklərimizin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkə hesabında  istifadəçilər tərəfindən tanıdılması və təbliği məqsədilə “Milli mətbəximiz” adlı onlayn müsabiqə keçirilmişdir.

20 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək “Milli Yeməklər” ictimai iaşə MMC tərəfindən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ilə muxtar respublika əhalisinə, 24 may 2021-ci il tarixdə Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının iştirakçılarına  ictimai iaşə xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində “Naxçıvan mətbəxi” kitabına əlavə yeməklər daxil edilməklə 3 dildə  (Azərbaycan, Rus, İngilis) yenidən nəşrə hazırlanması istiqamətində iş aparılmışdır.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən tərtib edilmiş “Muzey günləri” qrafikinə uyğun olaraq idarə və təşkilatların kollektivlərinin Milli Dəyərlər Muzeyinə ekskursiyası təşkil edilmişdir.

Cari  ilin ilk altı ayı ərzində muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr davam etdirilmiş, televiziya çəkilişləri aparılmış, məqalə və məlumatlar göndərilmiş, məlumatlandırıcı müsahibələr verilmişdir.

Əkbər Novruzov qeyd etmişdir ki, 8 iyul 2021-ci il tarixdə keçirilmiş Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Sessiyada Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə post pandemiya dövrünə hazır olmaq, muxtar respublikanın turizm potensialı ilə bağlı düzgün təbliğat mexanizmi müəyyənləşdirmək, yerli və xarici turizm şirkətləri ilə əlaqələrin qurulması tapşırığı verilmişdir. Departamentdə 2021-ci ilin ikinci yarımilində verilmiş tapşırıqların icrası istiqamətində ardıcıl işlər görüləcək və yaradılmış şəraitdən ən səmərəli şəkildə istifadə ediləcəkdir.

Sonra Departamentin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanovun və Naxçıvan Turizm İnformasiya Mərkəzinin baş mütəxəssisi Pəri İbrahimovanın məruzə ətrafında çıxışları dinlənilib.

 

 

00823799
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
187
143
645
4700
823799

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: