"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin inkişafı üçün tədbirlər davam etdirilir

Turizm hər zaman sosial, iqtisadi, mədəni və ekoloji əhəmiyyəti ilə seçilən mühüm fəaliyyət sahələrindən biri olmuşdur. Bu da onu dünyada ən sürətlə böyüyən və dinamik inkişaf edən sektorlardan birinə çevirmişdir. Bu sahənin inkişafı istər dövlətlərarası beynəlxalq əlaqələrin miqyasına, istər qarşılıqlı maliyyə axınına əsaslı təsir etmiş, istərsə də müxtəlif mədəni abidələrin, təbii gözəlliklərin kəşfinə və qorunmasına şərait yaratmışdır. Təqdirəlayiq haldır ki, son illər ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin edilib. Artıq respublikamız turizmlə bağlı reytinq cədvəllərində də öndə gedən ölkələr sırasındadır. Prezident cənab İlham Əliyev turizmin əhəmiyyətini vurğulayaraq demişdir: “Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”. 

Naxçıvan Muxtar Respublikasının da qədim tarixi, coğrafi mövqeyi və milli-mədəni sərvətləri bu diyarda turizmin inkişafı üçün geniş potensialın mövcudluğundan xəbər verir. Bu potensialdan yüksək səviyyədə istifadə olunması üçün həyata keçirilən genişmiqyaslı tədbirlər muxtar respublikamızda turizmin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. Görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın mühüm rolu vardır.

Proqramın icrası cari ilin yanvar-mart aylarında uğurla icra edilmiş, həyata keçirilən tədbirlərin davamı olaraq fevralın 17-də Naxçıvanda Ağbulaq Xizək Mərkəzi istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “2 il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublika sakinlərinin istifadəsinə verilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, birinci, vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət edəcək istirahət mərkəzi yaradılıb. Digər əhəmiyyəti ondan ibarətdir ki, burada yeni iş yerləri açılıb, ərazi muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə, ölkəmizin inkişafına xidmət edəcəkdir...”

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılmış, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılmışdır. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir. Naxçıvanı qış turizminin ideal məkanına çevirən bu irimiqyaslı layihənin uğurla icra edilməsi muxtar respublikada turizmin inkişafına göstərilən dövlət dəstəyinin daha bir ifadəsidir.

Birinci rübdə Ağbulaq Xizək Mərkəzinin tanıdılması istiqamətində tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytında Ağbulaq Xizək Mərkəzinin saytına keçid linki yerləşdirilmişdir. Xizək Mərkəzinin skiazerbaijan.com platformasına inteqrasiya edilməsi üçün mərkəz haqqında məlumatlar Azərbaycan Turizm Bürosuna göndərilmişdir. Martın 30-da Ağbulaq Xizək Mərkəzində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir.

Muxtar respublikada birinci rübdə, həmçinin Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi də davam etdirilmişdir. Adıçəkilən irimiqyaslı layihə Naxçıvanda turizmin bu istiqamət üzrə gələcək inkişafının möhkəm təməllər üzərində dayandığını sübut edir.

Naxçıvanın tarixi-mədəni irsini özündə əks etdirən mədəniyyət abidələrinin bərpası turizmin inkişafı sahəsində həyata keçirilən digər mühüm tədbirlərdən biri kimi diqqəti cəlb etməkdədir. Bu istiqamətdə birinci rübdə Ordubad şəhərindəki qədim “Cümə” məscidinin bərpası və Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidinin özünün orijinal layihəsi əsasında yenidən inşa olunması davam etdirilmişdir. Həmçinin bu dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublikada turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 1 monoqrafiya nəşrə təqdim olunmuşdur.

Turizm reklam fəaliyyətinə ehtiyac duyan sektorlardandır. Turizm bölgəsinin yerli və xarici turistlərə əhatəli şəkildə tanıdılması həmin bölgəyə gələcək turistlərin sayının çoxluğuna birbaşa təsir edən məsələlərdəndir. Dövlət proqramında da Naxçıvan Muxtar Respublikası üzrə turizm ilə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların daim yenilənməsinin təmin edilməsi, muxtar respublikaya səfər edən turistlərin məlumatlılığının artırılması üçün tədbirlərin görülməsi istiqamətində tapşırıqlar nəzərdə tutulmuşdur. Bu istiqamətdə birinci rübdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrinə 189 məlumat daxil edilmiş, 126 min 151 baxış sayı qeydə alınmışdır. Mərkəzin “YouTube” kanalına muxtar respublikanın turizm potensialını əks etdirən 3 videoçarx yerləşdirilmişdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Facebook” və “Instagram” səhifələri fəaliyyətə başlamışdır. Turizm İnformasiya Mərkəzinin sosial şəbəkə hesablarına, elektron poçt ünvanına, ümumilikdə, 29 müraciət daxil olmuş və cavablandırılmışdır. Mərkəzə şifahi qaydada müraciət edən 5 turistin buradakı çap materialları ilə tanışlığı təmin edilmiş, onlara turist xəritələri və müxtəlif istiqamətli turizm marşrutlarını əks etdirən bukletlər təqdim olunmuşdur. İlin əvvəlində “Naxçıvan Muxtar Respublikasının 2021-ci il üçün Turizm Təqvimi” hazırlanmışdır.

Martın 19-dan aprelin 3-dək muxtar respublikaya İran İslam Respublikasından səfər edən turistlər üçün turun koordinasiyası təşkil olunmuşdur. Turist məmnunluğunun müəyyənləşdirilməsi məqsədilə müvafiq sorğu blankları hazırlanmış və turistlər arasında sorğu keçirilmişdir.

Muxtar respublikada adıçəkilən sahənin inkişafına reklam fəaliyyəti qədər təsir göstərən faktorlardan biri də beynəlxaq tədbirlərdə yerli turizm məhsullarının təqdim olunması və Naxçıvanın turizm potensialının nümayiş etdirilməsidir. Belə ki, 24-27 mart tarixlərdə Antalya şəhərində keçirilən “3-cü Türkiyə Turizm Tədarük Sərgisi”ndə muxtar respublikadan “Nəqşicahan” Holdinq Şirkətləri Qrupunun və “Duzdağ” hotelin nümayəndələrinin iştirakı təmin olunmuşdur. Naxçıvanı təmsil edən nümayəndələr tədbirin rəsmi açılış mərasimində çıxış etmiş və muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat vermişlər. Həmçinin sərgidə çox sayda şirkət nümayəndələri ilə əməkdaşlıq haqqında müzakirələr aparılmışdır. Bütün bunlarla yanaşı, martın 29-da Azərbaycan Turizm Bürosu tərəfindən Rusiya və MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləri ilə “Naxçıvan – əfsanələr diyarı, qədim mədəniyyət” mövzusunda vebinar təşkil olunmuşdur.

Nəqliyyat hər bir ölkənin iqtisadiyyatının təməlini təşkil edən sahələrdən biri hesab olunur. Dünyada turizm meyillərinin artması nəqliyyat sektorunun da yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnmişdir. Bir bölgəyə səyahət etməyi planlaşdıran turist üçün ən önəmli faktorlardan biri seçdiyi məkana qısa müddətdə çatmaq imkanı, hərəkət rahatlığı və bu istiqamətdə maddi cəhətdən sərfəli təklifin mövcudluğudur. Ona görə də nəqliyyat sahəsinin inkişafı özlüyündə turizmin də inkişafını şərtləndirməkdədir. Proqramın icrasına uyğun olaraq birinci rübdə Ağbulaq İstirahət və Duzdağ Fizioterapiya mərkəzləri üçün avtobus marşrutlarının fəaliyyəti davam etdirilmişdir. Həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi istiqamətində avtobus marşrutunun aprel ayından etibarən fəaliyyətə başlaması üçün hazırlıq işləri görülmüşdür. Muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin qrafik əsasında muzeylərdə olması və maarifləndirilməsi turistlərə xidmət göstərən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaratmışdır.

Turizmin inkişafı üçün ətraf mühitin qorunması və yaşıllıqların artırılması da xüsusi əhəmiyyət kəsb edir. Ekoloji turizm insanların istirahət etməklə yanaşı, ətraf mühit qarşısında məsuliyyətini dərk etməsini, təbiət gözəlliklərindən zövq almaqla bərabər, onu qorumaq mədəniyyətini də özündə ehtiva edir. Muxtar respublikamızda həyata keçirilən tədbirlər onun ekoloji turizm potensialının da genişləndirilməsinə şərait yaradır. Birinci rübdə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində 0,5 hektar sahədə meyvə bağı salınmış, 10 hektar sahədə toxum üsulu ilə əkin aparılmışdır. Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində ekologiya könüllülərinin iştirakı ilə biotexniki tədbir keçirilmiş, eyni zamanda onların qoruq ərazisindəki muzeydə eksponatlarla tanışlığı təmin olunmuşdur.

Naxçıvanda turizmin inkişafına göstərilən dövlət dəstəyi ilə yanaşı, bu sahədə sahibkarlıq fəaliyyətinin təşkili də diqqətdə saxlanılır. Həyata keçirilən stimullaşdırıcı tədbirlər sahibkarların diqqətinin bu sahəyə cəlb edilməsi məqsədi daşıyır. Martın 11-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Sahibkarlıq subyektlərində mühasibatlıq və idarəçilik” mövzusunda 24 sahibkarlıq subyektinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda “kiçikhəcmli kənd turizmi” layihəsinin təqdimatı olmuş və sahibkarlıq subyektlərinə bu sahənin inkişafı istiqamətində dövlət maliyyə dəstəyi barədə məlumat verilmişdir.

İstənilən sosial-iqtisadi sahədə olduğu kimi, turizm sektorunda da mütəxəssis hazırlığının təşkili başlıca amillərdən biridir. Bu istiqamətdə təşkil edilən təlimlər və seminarlar maarifləndirici xarakter daşımaqla bərabər, beynəlxalq aləmdə turizm sahəsində baş verən yeniliklərə çevik reaksiya verilməsi üçün geniş imkanlar açır. Yanvar və fevral aylarında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən və ölkəmizin bütün turizm bölgələrinin təmsil olunduğu “Azərbaycanda Quş Gözləmçiliyi turizmi” mövzusunda onlayn təlimdə muxtar respublikanın turizm sektorunun nümayəndələri də iştirak etmişdir. Bununla yanaşı, birinci rübdə Turizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turoperatorların, mehmanxanaların nümayəndələrinin və turizm könüllülərinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı” mövzusunda tədbir və “Turizm sahəsində dövlət standartlarının tətbiqi” mövzusunda seminar keçirilmişdir. Bu dövrdə Təhsil Nazirliyi tərəfindən “Turizm agenti” peşə ixtisasının tədris proqramına uyğun olaraq elektron dərs vəsaitinin hazırlanması isə turizm sahəsində peşə təhsilinin dəstəklənməsinin mühüm təzahürüdür.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi ixtisaslaşmış turizm məkanına çevrilməklə Naxçıvan Muxtar Respublikasının turizmdə üstünlüyünü daha da artıracaqdır.

“Şərq qapısı”

04.05.2021

01010608
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
332
533
1385
186166
1010608

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: