"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin olunmuşdur

19 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təşkil olunmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin statistika və sertfikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək tələbələrə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası haqqında məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Naxçıvan şəhər buzxanasının plan quruluşu düzbucaqlı formadadır.  Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Divarlarının qalınlığı 1 metr olan abidə memarlıq quruluşu saxlanılmaqla bərpa olunmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi yaradılmışdır. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Qeyd olunmuşdur ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd gənclərimizə kulinariya mədəniyyətimizin öyrədilməsidir. Zəngin tarixə və böyük nailiyyətlərə malik olan Naxçıvan mətbəxi Azərbaycanın milli mətbəx mədəniyyətinin mühüm tərkib hissəsidir. Ölkəmizin bütün bölgələri kimi Naxçıvanın da özünəməxsus mətbəx mədəniyyəti vardır. Arxeoloji qazıntılar zamanı Naxçıvanda aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntıları, dulusçuluq nümunələri və bu gün mətbəximizdə istifadə olunan avadanlıqlar bu diyarın mətbəx mədəniyyətinin nə qədər qədim olduğunu sübut edir. Qədim köklərə malik olan bu mətbəxdə un, tərəvəz, ət və süd məhsullarından istifadə edilməklə müxtəlif yeməklər hazırlanır. Şah plov, piti, daş küftəsi, qurut aşı, əriştə aşı və s. Naxçıvan mətbəxinin ən qədim nümunələridir.

Sonra “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin mühəndis-texnoloqu Elməddin Qasımbəyli çıxış edərək bildirmişdir ki, hazırda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi “Milli Yeməklər” ictimai iaşə MMC-də fəaliyyətini davam etdirir. Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələri toplanılır. Qədim yeməklərimizin təbliği məqsədilə televiziya verilişlərində onların hazırlanma qaydaları əyani şəkildə nümayiş etdirilir. Mərkəzin İnstagram və Facebook sosial şəbəkələrindəki səhifələrində milli mətbəxlə bağlı yerləşdirilən məlumatlar istifadəçilər tərəfindən böyük maraqla izlənilir. Həmçinin, Mərkəzin Youtube kanalında kulinariya mərkəzinin əməkdaşları və  Naxçıvan Televiziyası tərəfindən hazırlanmış, milli mətbəx nümunələrimizin hazırlanması qaydalarını əks etdirən videoçarxlar yerləşdirilmişdir.

Mərkəzinin mühəndis-texnoloqu qeyd etmişdir ki, milli yeməklərimiz ət, toyuq, süd, tərəvəz kimi məhsullardan hazırlanır. Milli yeməklərimizə piti, bozpört, yarpaq dolması kimi yeməkləri misal göstərə bilərik. Bir ətli yemək hazırlanması üçün ət 1000 C dərəcədə qaynadılır. Bu temperaturda qaynadılan ət bütün zərərli mikroblardan təmizlənir və artıq biz yeməyimizi rahatlıqla və əminliklə hazırlaya bilərik. Əgər biz süd ilə yemək hazırlayırıqsa südün qaynama prosesinə fikir verməliyik. Qatıq hazırlayırıqsa südü 300 C dərəcəyə kimi isitməyimiz daha yararlı olar. Çünki süd 300 C dərəcəyə kimi pasterizə olunaraq zərərli mikroblardan təmizlənir. 300 C-dən yuxarı temperaturda südü qızdırırıqsa artıq sterilizə etmiş oluruq və südün tərkibində olan xeyirli bakteriyalar da məhv olur. Pendir hazırlanan vaxtı vurulan maya birbaşa südün tərkibindəki zərərli mikroblarla pıxtalaşma yarada bilir.

Yeməyi hazırladıqdan sonra saxlanılması da çox vacib məsələlərdən biridir. Əgər ətli bir yemək hazırlanıbsa və tərkibində tərəvəzdən istifadə olunubsa istifadə olunan tərəvəzə görə saxlanma temperaturu və saxlanma müddəti var. Biz bozpört bişirmişiksə və bunu saxlamaq lazım olarsa +50 C-yə kimi soyuq yerdə 3 gündən çox olmamaq şərti ilə saxlaya bilərik. Xarab olma müddəti isə saxlanma şəraitindən asılı olaraq dəyişir.

Sonra tələbələrə yemək və çay süfrələrinin hazırlanması qaydası haqqında geniş məlumat verilmişdir. Tələbələrə süfrənin salınma qaydası, gündəlik hazırlıq, stolun bəzədilməsi, qabların düzülüşü, xidmət ardıcıllığı, kulinar məhsulların masaya verilməsi qaydaları, həmçinin masada istifadə olunan əsas və yardımçı ləvazimatlar haqqında ətraflı məlumat verilmiş, yemək süfrəsinin hazırlanması qaydaları və yemək süfrəsindən çay süfrəsinə keçid əyani şəkildə nümayiş etdirilmişdir.

Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılmış, onların “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin olunmuşdur.

00579188
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
166
102
665
5133
579188

Tarix: 24-09-2021
Biz, sosial şəbəkələrdə: