"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir

21 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə, mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, müxtəlif turizm məkanlarına ekskursiyaları təşkil edilir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim dini, tarixi, mədəni və təbiət abidələri, ərazidə 250-yə yaxın mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu, muxtar respublikamızda sabitliyin və təhlükəsizliyin təmin olunması turizmin inkişafı üçün əlverişli şərait yaradır. Muxtar respublikamızda bütün sahələr kimi, turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı qayğının nəticəsidir ki, muxtar respublikamız ilin bütün fəsillərində öz cəlbediciliyini qoruyub saxlayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra qədim diyarımızın turizm potensialından səmərəli istifadə olunması, müasir tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində mühüm uğurlar əldə olunmuş, yeni hotellər və istirahət mərkəzləri istifadəyə verilmiş, tarixi yaddaşı əks etdirən abidələr bərpa edilmiş, muxtar respublika ərazisində təhlükəsiz mühit formalaşdırılmışdır. Yaradılmış şərait muxtar respublikamıza gələn turistlərin mənalı istirahətini təşkil etməyə imkan verir və turistlərin sayının ilbəil artmasına öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası, 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması, Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin, Sahil Parkının istifadəyə verilməsi, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb.

Bildirilmişdir ki, turizm məhsulunun hərəkətə gətirilməsində və satışının təşkilində reklam-informasiya materialları mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  qədim diyarımızın turizm potensialını əks etdirən reklam-informasiya materiallarının hazırlanması daim diqqət mərkəzində saxlanılır. Ötən dövrdə bu məqsədlə çoxsaylı təbliğat materialları hazırlanaraq işıq üzü görmüşdür. Bununla yanaşı, muxtar respublika ərazisində tərtib olunmuş Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Duzdağ, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Gülüstan, Naxçıvan-Ordubad, Naxçıvan-Qarabağlar, Naxçıvan-Şahbuz-Batabat turist marşrutlarının hər biri yüksək turizm potensialına və əlverişli infrastruktura malikdir. Bu marşrutlar üçün Turizm Departamenti tərəfindən eyniadlı bukletlər hazırlanaraq işıq üzü görmüşdür. Bununla yanaşı, Sahil Parkı, Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ  Arsenli  Su  Müalicəxanası üçün də bukletlər nəşr olunmuşdur. Muxtar respublika ərazisində turistlərin hərəkətini asanlaşdırmaq üçün Departament tərəfindən Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri, həmçinin, Naxçıvan Muxtar Respublikasının Dini Turizm Xəritəsi hazırlanaraq nəşr olunmuşdur. Adıçəkilən reklam-informasiya materialları muxtar respublikamıza gələn turistlərə təqdim olunmaqla yanaşı, Naxçıvanın təmsil olunduğu ölkə və beynəlxalq səviyyəli turizm tədbirlərində də nümayiş olunur və qədim diyarımızın turizm potensialının təbliğinə xidmət edir.

Seminarda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov çıxış edərək turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat vermiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, “Turist-ekskursiya xidmətləri, turist marşrutlarına tələblər” haqqında Azərbaycan Respublikasının Dövlət Standartı turizm fəaliyyətinin təşkili sahəsində mühüm normativ-hüquqi aktlardan biri hesab olunur. Standart bir neçə turizm faktorlarını, turizm marşrutlarının özündə qeydiyyatdan keçmək tələbini, həmçinin təhlükəsizliyi daxil olmaqla, hazırlıq işlərinə şamil edilir. Standartda turist marşrutu, yerli və uzunmüddətli maneələr, turist yolu, ekskursiyanın texniki xəritəsi, ekspedisiya, marşrutda baş verən hadisə, marşrutun sənədləri kimi anlayışların izahı, həmçinin turist marşrutlarının təsnifatı, marşrutun işlənmə tələbləri, turizmin müxtəlif növləri üzrə turist marşrutlarına tələblər haqqında müddəalar öz əksini tapmışdır.

Vurğulanmışdır ki, “turist marşrutu”dedikdə, əvvəlcədən hazırlanmış istiqamət üzrə, müəyyən zaman müddətində və müəyyən məqsədlə hazırlanmış xidmətlər zərfi başa düşülür. Turist marşrutlarının bir neçə təsnifat qrupu mövcuddur. Burada ən geniş təsnifat qrupu turistlərin səyahət motivlərinə əsasən tərtib olunur. Bunlar istirahət, sağlamlıq, təbiətlə tanış olmaq, balıq tutmaq, ov etmək, həyəcanlı turlarda iştirak etmək, safari, raftinq, macəra, sərvət axtarışı, foto ovçuluq, təbii və texnogen fəlakət yerlərinə olan marşrutlar, çətin keçilən yerlərdən təşkil olunan marşrutlar, habelə artıq istifadədə olmayan hərbi obyekt və döyüş poliqonlarına və təhlükə törətməyən qəza yerlərinə səyahətlər ola bilər. Bildirilmişdir ki, turist marşrutları həmçinin, istifadə olunan nəqliyyat vasitəsinin növünə, hərəkət istiqamətinə və müddətə görə də təsnifatlaşdırılır.

Seminarın sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

01008305
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
310
1184
177932
183863
1008305

Tarix: 18-04-2024
Biz, sosial şəbəkələrdə: