"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvanın milli mətbəxi” mövzusunda seminar keçirilmişdir

10 dekabr 2020-ci il tarixdə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri Mətanət Quliyeva açaraq milli mətbəx nümunələrinin öyrənilməsi və təbliğində bu cür tədbirlərin mühüm rol oynadığını bildirmişdir.

Daha sonra “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyəti haqqında tələbələrə geniş məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2009-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi yaradılmışdır. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin, qədim mətbəx nümunələrinin, eləcə də milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Zəngin tarixə və özünəməxsus ənənələrə malik olan Naxçıvan mətbəxi Azərbaycanın milli mətbəx mədəniyyətinin mühüm tərkib hissəsidir. Ölkəmizin bütün bölgələri kimi, Naxçıvanın da özünəməxsus mətbəx mədəniyyəti vardır. Arxeoloji qazıntılar zamanı Naxçıvanda aşkar olunmuş gil ocaq qurğusu,     kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntıları, dulusçuluq nümunələri və bu gün mətbəximizdə istifadə olunan avadanlıqlar bu diyarın mətbəx mədəniyyətinin nə qədər qədim olduğunu sübut edir. Qədim diyarımızın mətbəx mədəniyyətinin rəngarəngliyi, hər zövqə uyğun, dadlı-tamlı yeməklərlə zəngin olması, mətbəximizdə çoxçeşidli əşya və ləvazimatlardan istifadə olunması min illər boyu formalaşmış zəngin irsin böyük inkişaf yolu keçdiyini, qorunaraq bu günə gəlib çatdığını göstərir.  Dünyada olan 11 iqlim qurşağından 9-nun Naxçıvanda olması, ərazinin coğrafi mövqeyi, zəngin fauna və florası mətbəximizin zənginliyini şərtləndirən əsas amillərdir. Qədim köklərə malik olan bu mətbəxdə un, tərəvəz, ət və süd məhsullarından istifadə edilməklə müxtəlif yeməklər hazırlanır. Şah plov, piti, daş küftəsi, qurut aşı, əriştə aşı və s. Naxçıvan mətbəxinin ən qədim nümunələridir.

Vurğulanmışdır ki, cari ilin may ayında “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda “Milli Yeməklər” ictimai iaşə MMC-də fəaliyyətini davam etdirən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi dünyanın qədim və rəngarəng mətbəxlərindən olan, nəsildən-nəslə keçərək təşəkkül tapan bu mədəniyyətin qorunması və təbliği istiqamətində sistemli iş aparır. Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələri də toplanılır. Naxçıvan mətbəxinin təbliğinə xidmət edən televiziya verilişlərində milli yeməklərimizin hazırlanma qaydaları əyani şəkildə nümayiş etdirilir. Bununla yanaşı, milli mətbəx nümunələrini daha geniş auditoriyaya təbliğ etmək məqsədilə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin “Naxçıvan mətbəxi Kulinariya Mərkəzi” adlı Youtube kanalı yaradılmış və milli yeməklərimizin hazırlanma qaydalarını əks etdirən videoçarxlar hazırlanaraq bu kanalda yerləşdirilmişdir. Hazırda çəkilişlər davam edir və kanalın zənginləşdirilməsi istiqamətində iş aparılır. Mərkəzin İnstagram və Facebook sosial şəbəkələrindəki səhifələrində də vaxtaşırı olaraq milli mətbəxlə bağlı müxtəlif məlumat və fotoşəkillər paylaşılır. Hazırda www.nakhchivancuisine.az saytının hazırlanması istiqamətində iş aparılır.

Qeyd olunmuşdur ki, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Milli Yeməklər” ictimai iaşə MMC-də müştərilərə sərfəli qiymətlərlə milli yemək nümunələri və çay süfrələri təqdim olunur. Müəssisənin fəaliyyəti üçün yaradılan müasir xidmət şəraiti burada yüksək səviyyəli ictimai-iaşə xidmətinin təşkilinə, yerli və xarici turistlərin mənalı istirahətini təmin etməyə, xüsusilə Naxçıvan mətbəxi nümunələrinin daha geniş təbliğ olunmasına imkan verir. Bununla yanaşı, “Milli Yeməklər” ictimai iaşə MMC-nin “milli yemekler_buzxana” adlı sosial şəbəkə hesabları fəaliyyət göstərir. Bu hesablar vasitəsilə vaxtaşırı olaraq müəssisənin fəaliyyəti və təqdim etdiyi yemək nümunələri haqqında məlumatlar paylaşılır.

Sonra Mərkəzin mühəndis-texnoloqu Elməddin Qasımbəyli çıxış edərək Naxçıvan mətbəxinə məxsus qovurma, yarma, əriştə, əriştə aşı kimi yeməklərin, eləcə də mürəbbə, xoşab və turşuların hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat vermişdir. Vurğulanmışdır ki, milli yeməklərimizin hazırlanma qaydalarını mənimsəmək, həmin yeməklərdən vaxtaşırı hazırlayıb istifadə etmək bu yeməklərin unudulmaması və qorunaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bəhs olunan mətbəx nümunələri slayd vasitəsilə nümayiş etdirilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

00510383
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
134
1113
3547
510383

Tarix: 25-01-2021
Biz, sosial şəbəkələrdə: