"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Sanitariya və gigiyena sertifikatlarının təqdimat mərasimi keçirilmişdir

16 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində sanitariya və gigiyena sertifikatlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin, eləcə də turizm könüllülərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq bildirmişdir ki, hazırda dünyada COVİD-19 pandemiyası davam etməkdədir. Dünyada pandemiya nəticəsində ən çox zərər çəkən sektorlardan biri də turizm sektorudur. Lakin muxtar respublikamızda aparılan dinamik inkişafa və tərəqqiyə hesablanmış dövlət siyasəti pandemiya dövründə də öz sözünü dedi. Muxtar respublikada virusla mübarizə sahəsində atılan addımlar pandemiyanın təsirlərini minimuma endirdi.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində də pandemiya dövründə onlayn fəaliyyət davam etdirilmişdir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın pandemiya dövründə onlayn formada icrası mümkün bütün bəndləri üzrə kompleks iş aparılmışdır. Reklam-informasiya materiallarının hazırlanmasına diqqət artırılmış, sosial şəbəkələr vasitəsilə fəaliyyət gücləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının turizm loqosu hazırlanmış və təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının turizm potensialı Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifə, qrup və kanallarında təbliğ edilmişdir. Həmçinin kadr hazırlığı da diqqətdə saxlanılmış, mütəmadi olaraq onlayn konfrans və görüşlər keçirilmişdir.

Vurğulanmışdır ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Bunun üçün pandemiya dövründə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinin təmini əhəmiyyət kəsb edirdi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 19 avqust 2020-ci il tarixli 143 nömrəli Qərarına əsasən “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” təsdiq olunmuşdur. Bu Qaydalar yoluxma riskini minimuma endirməklə yerləşdirmə xidməti göstərməyə hesablanmışdır. Həmçinin, Qaydalarda zəruri sanitariya və gigiyena tələbləri də öz əksini tapmışdır. Hazırda dünyada pandemiyanın davam etdiyini nəzərə alsaq, adı çəkilən Qaydaların tələblərinə riayət etməklə virusdan maksimum qorunaraq turizmin inkişafına öz töhfəmizi verə bilərik. Bu hər bir turizm sektoru işçisinin mövcud vəziyyətdə xidməti vəzifə borcudur.

Təqdimat mərasimində çıxış edən “Nəqşicahan Holding” Şirkətlər Qrupu” MMC-nin direktor müavini Rifat Mahmudov bildirmişdir ki, bu gün muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf edir. Böyük turizm potensialına malik olan qədim diyarımızda dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu icrası nəticəsində bu sahədə davamlı inkişafa nail olunmuş, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Koronavirus pandemiyası qlobal iqtisadiyyata və məşğulluğa dağıdıcı təsir göstərməkdədir. Hazırki vəziyyətdə yerləşdirmə və qida xidmətləri sahəsində fəaliyyət göstərən müəssisələr məşğulluq imkanlarına böyük təsir göstərən çətin bir iş mühiti ilə qarşılaşmışdır. Pandemiyanın qarşısının alınması ilə əlaqədar sərhəd-keçid məntəqələrinin qeyri-müəyyən vaxta qədər bağlanması,  aviareyslərin ləğv olunması, nəqliyyatın hərəkətində məhdudiyyətlərin tətbiqi və digər qabaqlayıcı tədbirlər turizmin inkişaf dinamikasını xeyli aşağı salmışdır. Buna baxmayaraq, pandemiya dövrü bitdikdən sonra daxili turizmin beynəlxalq turizmdən daha sürətli bərpa ediləcəyi gözlənilir. Rifat Mahmudov koronavirus pandemiyasının qarşısının alınması məqsədilə qəbul edilmiş qərarların və görülən tədbirlərin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir ki, hər bir turizm obyekti bu sahədə öz üzərinə düşən məsuliyyəti dərk etməli, pandemiyanın qarşısının alınması ilə bağlı görülən işlərə öz töhfəsini verməlidir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək keçirilmiş monitorinqlər haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili qaydaları”nın təsdiq edilməsi barədə 19 avqust 2020-ci il tarixli 143 nömrəli Qərarına əsasən Qaydaların tələblərinə riayət olunmasına nəzarət Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə həvalə edilmişdir. Qaydaların tələblərinə riayət edən mehmanxanalar Naxçıvan Muxtar  Respublikasının Turizm Departamenti tərəfindən sanitariya və gigiyena sertifikatı ilə təmin edilir. Qərarın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq komissiyası tərəfindən cari ilin oktyabr ayı ərzində mehmanxana obyektlərində monitorinqlər keçirilmişdir. Monitorinqlər çərçivəsində koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinə dair ümumi göstərişlər, operativ nəzarət və daxili tədbirlər planı, mehmanxana işçilərinə dair tələblər, təlim və maarifləndirmə işinin təşkili, şəxsi gigiyenaya dair tələblər, təmizlik və dezinfeksiya tədbirləri, tullantıların idarə edilməsi, texniki xidmətlər, xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri və Qaydalarda öz əksini tapmış digər tələblərin tətbiqi vəziyyəti komissiya tərəfindən yerində yoxlanılmışdır. Monitorinqlər zamanı işçi heyətə nəzəri və praktik tövsiyələr verilmiş, məlumatlandırıcı və xəbərdaredici plakat nümunələri təqdim edilmişdir.

Tədbirin sonunda fəaliyyətində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını təmin etdiyinə görə “Duzdağ” Mehmanxanası, “Təbriz” Mehmanxanası, “Saat Meydanı” Hoteli və Ağbulaq İstirahət Mərkəzinə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sanitariya və gigiyena sertifikatı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov təqdimat mərasiminə yekun vuraraq sertifikata layiq görülən müəssisələrin rəhbərlərini təbrik etmiş, “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili qaydaları”na bundan sonra da ciddi əməl edilməsinin vacibliyini vurğulamışdır.

01008676
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
278
178303
184234
1008676

Tarix: 20-04-2024
Biz, sosial şəbəkələrdə: