"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

2020-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş iclas keçirilmişdir

27 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr  və 2020-ci ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq       2020-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2020-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Deparamenti tərəfindən bir sıra işlər həyata keçirilmiş, turizmin inkişafı diqqətdə saxlanılmışdır.

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzində təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, Mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Hesabat dövrü ərzində Mərkəzin elektron poçt ünvanına 33, Facebook sosial şəbəkəsinə 20, telefon vasitəsi ilə isə 12 müraciət daxil olmuşdur. Mərkəzə gəlmiş 24 nəfərin (4 İran, 6 Almaniya, 2 Rusiya, 1 Qazaxıstan, 3 Türkiyə, 2 Pakistan, 2 ABŞ vətəndaşı, 2 nəfər Bakı və 2 nəfər Naxçıvan şəhər sakini) müraciəti məzmununa uyğun olaraq cavablandırılmış, qonaqların Mərkəzdə olan çap materialları ilə tanışlığı təmin edilmiş, turist xəritələri və müxtəlif istiqamətli turizm marşrutlarını əks etdirən bukletlər Mərkəzə gələn turistlərə təqdim edilmişdir. Mərkəz tərəfindən Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 20-dən çox xarici ölkədə və Azərbaycanda fəaliyyət göstərən 200-dən çox turoperatora, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən 12 turizm informasiya mərkəzinə məlumatlar göndərilmişdir.

2020-ci ilin ötən dövrü ərzində Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar mütəmadi daxil edilmişdir. Bəhs olunan dövrdə Mərkəzin Facebook sosial şəbəkəsinə 200-dən çox məlumat daxil edilmiş, 56489 baxış sayı qeydə alınmışdır. Bu məlumatlar eyni zamanda Mərkəzin İnstagram səhifəsində də işıqlandırılmışdır.

Həmçinin, Naxçıvan Televiziyası tərəfindən hazırlanmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların Mərkəzin Youtube kanalında yerləşdirilməsi diqqətdə saxlanılmışdır.

Vurğulanmışdır ki, 15 fevral 2020-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi “İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu”nda Naxçıvan Muxtar Respublikası təmsil olunmuşdur. Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında Simpozium iştirakçılarına geniş məlumat verilmiş, muxtar respublikanın yerli istehsal məhsullarından ibarət hədiyyə paketləri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış reklam-informasiya materialları qarşı tərəfdən Simpoziumda iştirak edən rəsmi nümayəndələrə təqdim edilmişdir. Simpoziumda ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

2020-ci ilin ötən dövrü ərzində reklam-informasiya materiallarının hazırlanması diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının Bələdçi Kitabı”nın hazırlanması istiqamətində iş aparılmışdır. Hazırda Naxçıvan şəhərində Sahil Parkı üçün buklet hazırlanmaqdadır.

Qeyd olunmuşdur ki, hesabat dövründə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilmiş, Naxçıvan mətbəxinə xas olan yemək reseptləri sosial şəbəkələr vasitəsi ilə təbliğ edilmişdir. Həmçinin, milli mətbəx nümunələrini daha geniş auditoriyaya çatdırmaq məqsədilə Mərkəzin Youtube kanalı yaradılmışdır. Karantin dövrü ərzində “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan milli mətbəx nümunələrinin videoları montajlanaraq Youtube kanalına yerləşdirilmişdir. Hazırda çəkilişlər davam edir və kanalın zənginləşdirilməsi istiqamətində iş aparılır.

Cari ilin ilk altı ayı ərzində Mərkəzin İnstagram və Facebook sosial şəbəkələrindəki səhifələrində milli mətbəxlə bağlı ümumilikdə 75 məlumat paylaşılmış, 10000-dən çox baxış sayı qeydə alınmışdır. Hazırda www.nakhchivancuisine.az saytının hazırlanması ilə bağlı iş aparılır.

Vurğulanmışdır ki, mayın 5-də “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin 07 may 2020-ci il tarixli 15 nömrəli əmrinə əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli Yeməklər” ictimai iaşə MMC yaradılmış, müəssisə 12 may 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmışdır. Hazırda müəssisədə müştərilərə sərfəli qiymətlərlə milli yemək nümunələri və çay süfrələri təqdim olunur.

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi “Milli yeməklər” ictimai iaşə MMC-də öz fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyəti üçün yaradılan müasir xidmət şəraiti yüksək səviyyəli ictimai-iaşə xidmətinin təşkilinə, yerli və xarici turistlərin mənalı istirahətini təmin etməyə, xüsusilə Naxçıvan mətbəxinə aid yemək nümunələrinin təbliğinə imkan verir. Hesabat dövründə “Milli Yeməklər” ictimai iaşə MMC-də Naxçıvan Televiziyası tərəfindən “Səhər ovqatı”, “İncə zövqlər”, “Bir xanımın mətbəxində” və “Xatın” qadın proqramları üçün çəkilişlər aparılmış, sujetlərdə mövsümi yeməklərdən olan yarpaq dolması, cacıq qovurması, kiriş kətəsi, dovğa, çölməkdə piti, qarın qutabı və Ordubad paxlavasının hazırlanma qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.

Əkbər Novruzov bildirmişdir ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Peşəkar ofisiant” layihəsi reallaşdırılmışdır. Layihə çərçivəsində iştirakçılar üçün ümumilikdə 10 təlim keçirilmiş, “Təbriz” Mehmanxanasında yemək süfrəsi və çay süfrəsi üzrə 2 praktik məşğələ təşkil edilmişdir. Layihə iştirakçıları üçün Turizm Departamentində sertifikasiya imtahanı keçirilmiş, ən yüksək nəticə göstərən 6 nəfər layihə iştirakçısına Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq Sertifikatı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il   3 aprel tarixli Sərəncamına əsasən 6 mart 2020-ci il tarixdə “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün Naxçıvan şəhəri üzrə piyada marşrutunun proqramına əsasən ekskursiya təşkil olunmuşdur.

Milli Dəyərlər Muzeyində ekspozisiyanın yenilənməsi istiqamətində işlər davam etdirilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.

Tədbirlər Planına uyğun olaraq “Experience Azerbaijan” jurnalının 2020-ci ilin sentyabr ayında qış-yaz mövsümünə dair nəşr olunacaq növbəti sayı üçün muxtar respublikanın turizm potensialı haqqında məqalə hazırlanması məqsədilə 7-9 mart 2020-ci il tarixlərdə Azərbaycan Turizm Bürosunun əməkdaşı Naxçıvan Muxtar Respublikasına ezam edilmiş, əməkdaşa Naxçıvanın turizm məkanları ilə yaxından tanış olması üçün müvafiq köməklik göstərilmişdir.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun hazırlanması, habelə qədim diyarımızın turizm potensialının təbliğinin genişləndirilməsi məqsədilə müvafiq məlumat və fotoşəkillər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edilmişdir.

21 iyul 2020-ci ildə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin qarşısına bir sıra vəzifələr qoyulduğunun xüsusi qeyd edən Əkbər Novruzov bildirmişdir ki, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində bundan sonra da Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində yaradılmış şəraitdən ən səmərəli şəkildə istifadə ediləcək, Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Həmçinin, daxili turların təşkili diqqət mərkəzində saxlanılacaq, muxtar respublikada fəaliyyət göstərən turoperatorlara turizm marşrutlarının qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunması üçün müvafiq köməklik göstəriləcək, lazımi tövsiyə və tapşırıqlar veriləcəkdir.

Sonra Departamentin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov çıxış edərək cari ilin ilk altı ayı ərzində görülmüş işlər barədə ətraflı məlumat vermiş, mühasibat uçotunun aparılmasının təşkili və tənzimlənməsi, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, habelə dövlət qulluğu və əmək qanunvericiliyi üzrə işlərin mövcud tələblər əsasında qurulmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd etmişdir.

Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov sektorun fəaliyyəti haqqında ümumi məlumat verərək bildirmişdir ki, hesabat dövründə Departamentə “AzTourism” adlı 1 (bir) ədəd startap layihə təqdim edilmiş, layihə müvafiq prosedura uyğun şəkildə qiymətləndirilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasında turizm fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq VÖEN əsasında yeni fəaliyyətə başlayan 1 (bir) hüquqi şəxs Turizm Departamenti tərəfindən qeydiyyata alınmışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planına əsasən pandemiya dövrü bitdikdən sonra Naxçıvan Muxtar Respublikası ərazisindəki mədəni marşrutlar üzrə praktiki turizm bələdçiləri hazırlanması nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov iclasa yekun vuraraq qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı bundan sonra da kollektivin səylə çalışmasının vacibliyini vurğulamışdır.

00501869
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
355
365
10
501869

Tarix: 01-12-2020
Biz, sosial şəbəkələrdə: