"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Taksi sürücüləri ilə görüş keçirilmişdir

21 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən biri də turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsindən ibarətdir.

Qeyd olunmuşdur ki, muxtar respublikamızın əlverişli coğrafi mövqeyi, özünəməxsus iqlimi, qədim tarixə malik tarix-memarlıq abidələri burada unikal turizm potensialı formalaşdırır. Qədim diyarımızda tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması, müasir mehmanxanaların və istirahət mərkəzlərinin tikilməsi, milli və müasir memarlığın nailiyyətlərini özündə birləşdirən istirahət parklarının istifadəyə verilməsi müasir turizm infrastrukturunun təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, paytaxt Naxçıvan şəhərində şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, ən ucqar kəndlərə belə asfalt yollar çəkilmişdir. Bütün bunlar isə turizmin inkişafını şərtləndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının əyani ifadəsidir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizayn müəyyən edilməsi, taksi sürücülərinin vahid geyim forması ilə təmin olunması, sürücülərin zahiri görkəminə, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan xüsusilə diqqətəlayiqdir. Sevindirici haldır ki, muxtar respublikamızda qonaq olan yerli və xarici turistlər nəqliyyat xidmətinin təşkilindən, yolların rahatlığından və təmizliyindən, nəqliyyat vasitələrinin tənzimlənmiş, nizamlı hərəkətindən, yol-hərəkət qaydalarına ciddi riayət olunmasından razılıqla danışırlar.

Turistlərin daşınması üzrə xidmətlərin turizm məhsulunun formalaşmasında ən mühüm faktorlardan biri hesab olunduğunu vurğulayan H.Kərimov bu işin müasir tələblər səviyyəsində təşkilinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Vurğulanmışdır ki, qədim diyarımız turizmin dini, ekoloji, tarixi-mədəni, müalicə kimi növlərinin inkişaf etdirilməsi baxımından böyük imkanlara malikdir. Bu potensialın təbliğində taksi sürücülərinin də üzərinə böyük məsuliyyət düşür. Məlumdur ki, muxtar respublikamıza fərdi qaydada gələn qonaqların bir çoxunun ilk həmsöhbəti məhz taksi sürücüləri olur. Bu baxımdan taksi fəaliyyəti ilə məşğul olan sürücülərin muxtar respublikanın turizm potensialı, eyni zamanda onun tarixi, mədəniyyəti, adət-ənənələri haqqında zəruri biliklərə malik olması çox vacibdir. Taksi sürücülərinin muxtar respublikada fəaliyyət göstərən muzeylərə ekskursiyalarının təşkil olunması onların maarifləndirilməsi işində mühüm əhəmiyyət daşıyır. Taksi sürücüsünün etik davranış qaydalarına ciddi əməl etməsi də bu peşə ilə məşğul olanların diqqət etməli olduğu ən vacib məsələlərdən biridir.

Sonra Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətinin Nəqliyyatın təşkili və idarə olunması sektorunun müdiri Natiq Həsənov çıxış edərək nəqliyyat xidmətinin təşkili haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda muxtar respublikada 496 ədəd taksi avtomobili sərnişindaşıma xidməti göstərməkdədir. Sərnişindaşıma xidməti göstərən sürücülərlə xidmət mədəniyyətinin yüksəldilməsi və xidmət səviyyəsinin mövcud tələblərə uyğunlaşdırılması ilə bağlı vaxtaşırı olaraq maarifləndirici söhbətlər aparılmışdır. Natiq Həsənov bu istiqamətdə həyata keçirilən tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını və davamlı xarakter daşıdığını qeyd etmişdir.

Sonda sürücülərə turistlərə xidmət zamanı istifadə üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər paylanmışdır.

00823804
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
192
143
650
4705
823804

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: