"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan turizm mərkəzinə çevrilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar vardır. Respublikamızda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsisahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

 

Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə respublikamızda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədənitarixi qoruqlar yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələriburada turizminbir çoxnövünün inkişafına zəmin yaradır. 200-dən çox mineralsu bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır.Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizmİstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı isə dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətləri kompleks şəkildə istehlakına zəmin yaradacaqdır. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək, yeni turizm növlərinin formalaşmasına gətirib çıxaracaqdır.

Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir.Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınmışdır. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Son illər Möminə xatın türbəsi bərpa edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə Kompleksi, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Babək rayonundakı Nehrəm İmamzadəsi və digər tarixi abidələr bərpa olunmuşdur. Hazırda Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi və Ərəfsə kəndindəki qədim körpü bərpa olunur.

Aparılan abadlıq və quruculuq işləri muxtar respublikada turizmin inkişafı üçün geniş üfüqlər açmışdır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı müalicə turizminin inkişafı istiqamətində atılmış ən mühüm addımlardandır. DarıdağArsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən ən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. Həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, pirlər, imamzadələr, qədim məscidlər muxtar respublikada dini və ziyarət turizminin, zəngin bitki örtüyü isə herbari turizminin inkişafına hərtərəfli şərait yaradır.

2016-cı ildə Naxçıvan Muxtar RespublikasıAli Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Cari ilin 23 sentyabrından etibarən Turizm Departamentinin fəaliyyəti tarixi binada təmin edilmiş, müasir standartlara cavab verən maddi-texniki baza yaradılmışdır. Həmçinin departamentin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır”.

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikamızda mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanınması turistlərin muxtar respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır. Naxçıvanın beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi təcrübəsi də vardır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Bu sahədə görülən işlərin nəticəsidir ki, cari ilin 8 ayında muxtar respublikamıza 250 minə yaxın turist gəlmişdir.

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır. Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr və maarifləndirici seminarlar keçirilir. Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaqdır.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

 

 

01008395
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
396
178022
183953
1008395

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: