"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlamışdır

İyunun 21-də Naxçıvan şəhərində "Saat Meydanı" turistik istirahət mərkəzi istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülmüş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamışdır. Bu il də Naxçıvan şəhərində quruculuq işləri davam etdirilir, yeni yaşayış kompleksi və inzibati binalar, xidmət sahələri tikilir, parklar salınır, mövcud yaşayış binaları yenidən qurulur. İstifadəyə verilən "Saat Meydanı" da bu sahədə görülən işlərin davamıdır. Mirsənani Seyidov "Saat Meydanı"nın yeni iş yerlərinin açılması, sakinlərin və turistlərin rahatlığının təmin olunması ilə yanaşı, həm də Naxçıvan şəhərinin arxitektura quruluşunu zənginləşdirdiyini bildirmiş, bütün bunlara görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizmin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir. Bu il Londonda nəşr olunan “Wanderlust” jurnalında da Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd olunmuşdur. 

Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikada turizmin bütün sahələri üzrə qonaqlar qəbul edilir. Turistlərin istirahəti səmərəli təşkil olunur, onlar yaradılan şəraitdən istifadə edərək Naxçıvan, ümumilikdə isə Azərbaycan haqqında xoş fikirlərini bildirilər. Turizmin inkişafında ən vacib məsələlərdən biri də xidmət sahəsidir. Çünki xidmət sahəsi olmadan turizmi inkişaf etdirmək mümkün deyil. Bu gün istifadəyə verilən “Saat Meydanı” da yeni xidmət sahəsi kimi turizmin inkişafına böyük dəstək olacaqdır. Həmçinin yeni fəaliyyətə başlayan turistik məkanda yüzdən artıq iş yeri açılmış, gənclər işlə təmin olunmuşlar. Bu da məşğulluğun təmin olunmasına töhfə verir. 

Qeyd olunmuşdur ki, xidmət sahələrində dünyanın müxtəlif ölkələrinin mətbəxləri, eyni zamanda milli mətbəx nümunələri turistlərə və sakinlərə təqdim olunacaqdır. Müasir formada qurulan meydanda isə gənclərin asudə vaxtları səmərəli təşkil olunacaq, müxtəlif tədbirlər keçiriləcəkdir. Ona görə də kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, turistlərə və sakinlərə nümunəvi xidmət göstərilməlidir. Çünki xidmətin düzgün təşkili əlavə turist cəlbinə və yeni xidmət sahələrinin yaranmasına şərait yaradacaqdır. 

Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, əməyi olanlara təşəkkürünü bildirmiş və yaradılan şəraitlə tanış olmuşdur. 

Bildirilmişdir ki, klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 2 girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir. 

Kinoteatrda "CinemaPlus" kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunacaqdır. 3D texnologiyası, rəqəmsal kinoproyektorlar, müasir işıq və səs sistemləri filimləri yüksək keyfiyyətdə təqdim etməyə imkan verəcəkdir.

Baxış zamanı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur. 

Ali Məclisin Sədri kinoteatrda milli mentalitetimizə uyğun filimlərin nümayiş olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və keyfiyyətli xidmət göstərilməsi barədə tapşırıqlar vermişdir. 

Oteldə 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaq vardır. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. 

Meydanda konsert səhnəsi və fəvvarə qurulmuşdur. Saat qülləsində isə xidmət sahələri yaradılmış, kafe və mütaliə zalı istifadəyə verilmiş, kitablar qoyulmuş, "Oxunması zəruri olan kitablar"dan ibarət güşə yaradılmışdır. Bütün xidmət sahələri müasir soyutma, istilik, yanğından mühafizə və video-nəzarət sistemləri ilə təchiz olunmuş, ərazidə 100 yerlik dayanacaq yaradılmış, oturacaqlar qoyulmuş, dekorativ ağac və güllər əkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

"Şərq qapısı" qəzeti 

00372355
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
557
506
1953
2579
372355

Tarix: 06-12-2019
Biz, sosial şəbəkələrdə: