"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Müasir hostellər kənd turizmi üçün mühüm şərtdir

Qarşıdan isti yay günləri gəlir. Belə havalarda kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. Uzaq məkanlara səyahətə çıxanlarla müqayisədə cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də az deyil. Bu mənada, muxtar respublikamızda kənd sakinlərinə məxsus hosteltipli evlərin sayının artması kənd turizminin inkişafı üçün yaxşı imkanlar açır. Dağ kəndlərimizdəki bu cür yaraşıqlı evlər isti yay günlərində turistlərin rahatlığı üçün mühüm şərtlərdən biridir. 

Turistlərin mədəni istirahəti üçün yerləşmə imkanları, burada yaradılmış müasir şərait vacib tələbatlardandır. Belə ki, turizm haqqında primitiv təsəvvürlərin əksinə olaraq turistlərin təkcə rekreasiya və mədəni tələbatlarından əlavə, həm də zəruri yataq və digər məişət şəraitinə olan ehtiyacları da ödənilməlidir. Bunun üçün şəhərdə iri, komfortlu otellər vardırsa, kənddə bunun əksinə olaraq rahat şəraiti olan kənd evi, yaxud da evin bağçasındakı kottec də kifayət edir. Təcrübə göstərir ki, kəndə gələn qonaqların bir çoxunun belə evləri seçməyinin əsas səbəbi də burada qalmağın daha sərfəli olmasıdır. Odur ki, istirahət və rekreasiya­ya tələbatın artdığı bir dövrdə muxtar respublikamızda, xüsusən yay aylarında insanların istirahət məqsədilə üz tutduğu Şahbuz və Ordubadın dağ kəndlərindəki hostellərə maraq da artır.


Kükü təkcə Şahbuz rayonunun deyil, eləcə də ölkəmizin ən gözəl kənd yaşayış məntəqələrindən biridir. Qışı qarlı, mülayim, yayı sərin keçən Kükünün yaz və payız fəsillərinin də öz növrağı vardır. İti axan dağ çayı, sərin gursulu bulaqlar, bol meyvə bağları, min bir dərdin dərmanı dağ pencərləri, Dərələyəz silsiləsinin panoramlı mənzərəsi, yayda qonaq-qarası dolub-daşan Qanlıgöl və yerli camaatın qonaqpərvərliyi Kükü kəndində gəlib istirahət etmək istəyən turistlərin sayını artıran cazibə elementlərindəndir. Elə buna görə də Küküdə turist qarşılayıb yerləşdirmək imkanı olan hosteltipli evlərə indidən böyük tələbat vardır. Odur ki, kənd sakinlərindən Lətifə Bədəlovaya, Rahib Vəliyevə, Qüdrət Quliyevə, Qorxmaz Baxşəliyevə məxsus evlərdə yaradılmış müasir şərait şəhərli turistlər tərəfindən məmnunluqla qarşılanacaq. Bundan əlavə, kənd sakinləri bu evlərdə məskunlaşmış turistlərə yüksək­keyfiyyətli yerli kənd təsərrüfatı məhsullarını satmaqla da əlavə gəlirlər əldə edə biləcəklər.

Şahbuzun Ağbulaq kəndi və ətrafı da çox cazibədardır. Naxçıvan şəhərindən, təqribən, 60 kilometr məsafədə yerləşən bu turizm məkanının 65 yaşayış evi, təxminən, 500 nəfərə yaxın əhalisi və 1500 hektara yaxın ərazisi vardır. Belə bir nisbətdə olan ərazi və əhali sıxlığı turistlər üçün əlverişlidir. Son dövrlərdə kənddə hər bir sakinin evində yenidənqurma işləri aparılıb, həyətlər abadlaşdırılıb. Buranın təmiz havası, saf suyu, ekoloji təmiz məhsulları da kəndin turizm cazibədarlığını artıran amillərdəndir. Odur ki, təbiətlə sıx ünsiyyəti əsas tələbat kimi görən insanlarda dolğun təəssürat yaratmaq üçün Ağbulaqda hər cür imkanlar vardır. Əldəyməmiş təbiət guşələri, zümzüməli bulaqlar, su mənbələri, bir-birinə qaynayıb qovuşmuş meşə və kolluqlar buraya gəlmiş turistlər üçün əvəzedilməz təəssürat mənbələridir. Kənd sakinlərindən Balaxanım Məmmədovaya, Güləndam Hüseynovaya, Əsəd İbrahimova məxsus evlər isə daxilində yaradılmış komfort şəraiti ilə yanaşı, gül-çiçəkli həyəti, meyvə bağları ilə təkcə böyüklərin deyil, uşaqların da sevimli istirahət və əyləncə məkanlarındandır. Ona görə də buraya gələn turistlər Ağbulaq İstirahət Mərkəzi ilə yanaşı, belə evlərdə də qalaraq asudə vaxtlarını səmərəli keçirə bilərlər.

 Əli CABBAROV

"Şərq qapısı" qəzeti

21.05.2019

00823903
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
291
143
749
4804
823903

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: