"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Türk dünyasına açılan qapı - Naxçıvan

Yeraltı və yerüstü sərvətləri, zəngin faydalı qazıntıları, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan, Gəmiqaya abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar və tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir.

Muxtar respublikanın əlverişli coğrafi-siyasi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiəti, zəngin və çeşidli heyvanat aləmi, zəngin tarixi-mədəni irsi, özünəməxsus zəngin mətbəxi, yüksək qonaqpərvərlik ənənələri, hər yerində, hətta ən ucqar nöqtələrində belə muxtar respublika rəhbərinin yaratdığı müasir şərait və infrastruktur Naxçıvanda turizmin geniş  inkişafına imkan verir.

Naxçıvan muxtar respublikası əlverişli siyasi-coğrafi mövqeyə malikdir. Belə ki, qardaş Türkiyə Respublikası və İran İslam Respublikası kimi turizm potensialı böyük olan ölkələrlə sərhəd olması, Böyük İpək Yolunun üzərində yerləşməsi Naxçıvanda turizmin inkişafına şərait yaradan əsas amillərdəndir. Burada turizmin tarixi-mədəni, ekoloji və kənd yaşıl, ziyarət, müalicə və digər sahələri inkişaf etdirir. Naxçıvanın ərazisinin əsas hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrindən və Arazboyu uzanan ovalıqlardan ibarətdir. Ərazinin 75 faizi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bu diyar füsünkar təbiəti, rəngarəng bitki örtüyü və heyvanlar aləmi ilə seçilir. İlk baxışda muxtar respublika ərazisi nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir.

Burada Azərbaycanın nadir fauna və  florası məskunlaşıb. Dünyada olan 11 iqlim qurşağından doqquzuna Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Muxtar respublika ərazisində 3 minə yaxın bitki, 373 heyvan çeşidi var. Azərbaycan Respublikasında qeydə alınmış 366 quş çeşidinin yarıdan çoxu – 226-sı Naxçıvan ərazisində məskunlaşıb. Bəzi bitki və heyvan növləri Naxçıvan üçün endemikdir. Naxçıvan kəndlərini çox hissəsi dağlıq ərazilirdə, çay kənarlarında yerləşir. Bu baxımdan da muxtar respublika ərazisində ekoloji və onun bir qolu olan kənd yaşıl, dağçılıq turizmi növlərini inkişaf etdirmək olar.

Geniş ərazi, münbit torpaq, saf su, təmiz hava, bol günəş-bunlar zəngin təbiət sərvətləridir. Naxçıvan Muxtar Respublikasının təbii bitki ehtiyatlarının böyük hissəsi dərman bitkiləridir: 700-ə yaxın növ. Azərbaycanın mineral su ehtiyatının 60 faizi muxtar respublikanın payına düşür. Burada 250-yə yaxın mineral su mənbəyi qeydə alınıb. Bu mineral suların bir hissəsi müalicə məqsədilə istifadə edilir. ("Badamlı", "Sirab", "Darıdağ", "Böyrək" suyu), Eyni vaxta 300 xəstəni qəbul etmək imkanına malik Duzdağ Fizioterapiya Mərkəzi və Culfa rayonundakı Darıdağ Arsenli Su Müalicəxanası bir çox ölkələrdən gələn yüzlərlə turistin üz tutduğu əsas müalicə mərkəzlərindəndir. Bu baxımdan müalicə turizminin inkişafı üçün potensial böyükdür.

Hər hansı bir ölkənin turizm potensialından danışdıqda oranın tarixi- mədəni irsi ön plana çəkilir. Naxçıvanın tarixinin min illərlə ölçülməsi, burada dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin olması, zəngin mədəni irsi bu diyarı xarici turistlər üçün əhəmiyyətli edir. Möminə xatın, Yusif Küseyr oğlu türbələri, Qarabağlar Memarlıq Kompleksi, Xanəgah Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə bağlanan Gəmiqaya daşüstü yazıları, əfsanəvi Haçadağ, abidələrlə zəngin olan qoruq-şəhər Ordubad, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən Əshabi- Kəhf Ziyarətgahı, 5000 ildən çox yaşı olan Naxçıvan şəhəri, qədim tikililər, qalalar, qədim yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını və s. əlavə etsək tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün neçə böyük imkanlar olmasını təsəvvür etmək olar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərənsamına əsasən qeydə alınmış 1202 daşınmaz tarix-mədəniyyət abidəsinin 57 dünya əhəmiyyətli, 500-ə yaxını ölkə əhəmiyyətlidir.

Abidələr bərpa olunub. Möminə xatın türbəsi, Xan Sarayı, Zaviyyə-Mədrəsə binası, Naxçıvan Came məscidi, Nuh türbəsi, İmamzadə Kompleksi, Şərq hamamı, Şərur rayonunda "Parçı" İmamzadəsi, Qarabağlar Türbə Kompleksi, Ordubad şəhərində Qeysəriyyə, qədim hamam, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Xanəgah Abidə Kompleksi, "Əlincəqala", Gülüstan türbəsi və digər abidələr bərpa olunub.

Tarixi-mədəni  turizmin inkişafında turizm nümayişi obyektlərinin özünəməxsus yeri var. Bu baxımdan Naxçıvan Muxtar Respublikasını "muzeylər diyarı" adlandırmaq olar. Muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, onların 17-si 1995-ci ildən sonra yaradılıb.                                

1 təbiət qoruğu, 1 milli park, 2 təbiət yasaqlığı, 1 tarix-memarlıq qoruğu, 1tarix-bədii qoruq,  1 ziyarətgah kompleksi, 2 tarix-mədəniyyət qoruğu, 3 teatr, 29 muzey, 2 filarmoniya, banklar, ticarət mərkəzləri, benzindoldurma məntəqələri,  və s. turizmin inkişafında mühüm əhəmiyyətə malikdir. Muxtar Respublikada 21 mehmanxana var. Təbriz və Duzdağ mehmanxanaları 5 ulduz kateqoriyasına malikdir.

Muxtar respublika rəhbərliyinin apardığı sosial-iqtisadi siyasət sayəsində muxtar respublikanın hər yerində əlverişli infrastruktur yaradılmışdır.Ucqar dağ kəndlərinə, təbiətin əlçatmaz guşələrinə rahat yollar çəkilib.Tarixi abidələr bərpa edilir, ətrafı abadlaşdırılır, qorunub saxlanılır. Kiçik və orta sahibkarlığın inkişafına xususi qayğı göstərilir. Bütün bunlar da turizm potensialından istifadəyə təkan verən mühüm amillərdir. 

Naxçıvan Muxtar Respulikasında turistlərin komfortlu istirahəti üçün müasir mehmanxana, yol-nəqliyyat, restoran şəbəkəsi mövcuddur. Həmçinin, fasiləsiz elektirik enerjisi, sürətli internet, müasir tələblərə cavab verən telefon rabitəsi  turizm infrastrukturunun  vacib elementləridir. Muxtar respublika ərazisindəki birdəfəlik tutumu 1400 nəfərdən çox olan 20-dən artıq mehmaxanada gələn turistlərin rahat gecələməsi, burada işgüzar görüşlərin keçirilməsi üçün müasir şərait yaradılmışdır. Hazırda Naxçıvan-Qarabağlar, Naxçivan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turizm maşrutları fəaliyyət göstərir.    

Muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Muxtar respublikanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanmış, reklam çarxları və filmlər çəkilib.Turizmin inkişafı həm də bu sahədə peşəkar kadrların olmasından çox asılıdır. Muxtar respublikada bu sahənin ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Haliyədə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm ixtisası üzrə kadrlar hazırlanır.

Zeynəb Naxçıvanlı,

“Zəfər” qəzeti

Türkiyə

24.11.2018

00824147
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
186
349
993
5048
824147

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: