"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzi ilə tanış olublar

Noyabrın 12-də Naxçıvan Turizm İnformasiya Mərkəzində Naxçıvan Dövlət Universitetinin turizm və otelçilik ixtisasında təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Turizm Departamentində istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirmişdir. Muxtar respublikada tarixi və mədəni abidələr bərpa olunmuş, yeni otel və istirahət mərkəzləri tikilmiş, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilmiş, avtomobil yolları yenilənmişdir.

Qeyd olunmuşdur ki, turizm sahəsində müasir idarə­etməni həyata keçirmək üçün də tədbir görülmüş, Turizm Departamenti, Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmış və fəaliyyətləri təmin edilmişdir. Muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı da diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisasları üzrə ali təhsilli kadrlar hazırlanır.

Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və Turizm kafedrasının müdiri Flora Kərimova qeyd etmişdir ki, muxtar respublikada turizmin kənd yaşıl turizmi, ekoloji, ziyarət, dağçılıq, müalicə və başqa növlərinin inkişafı üçün böyük potensial vardır. Bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır. Bu gün muxtar respublikada 21 mehmanxana və mehmanxana tipli müəssisə, muxtar respublikanın bütün bölgələrini əhatə edən turizm marşrutları fəaliyyət göstərir. Muxtar respublikanın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, xidmətin yüksəldilməsi də turizmin inkişafını şərtləndirən amillərdəndir.

Konfransda Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova tələbələrə istehsalat təcrübəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təcrübə  müddətində tələbələr Naxçıvanın turizm obyektləri ilə yaxından tanış olacaq, turoperatorluq ilə bağlı ətraflı məlumat alacaqlar.

Sonra tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, internet resurslarından səmərəli istifadə etmək turizmin inkişafında mühüm rol oynayır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə  sistemli işlərin görülməsini təmin edib. Qeyd edilib ki, mərkəz turizm obyektlərinə marşrutlar təşkil etməklə yanaşı, internet saytı və sosial şəbəkələr üzərindən də təbliğat işini yerinə yetirir.

00824173
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
212
349
1019
5074
824173

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: