"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Avropalı qonaqlar Naxçıvandan zəngin təəssüratlarla ayrılıblar

Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Naxçıvan şəhərində keçirilmiş “Avropa günləri”ndə iştirak etmək üçün Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar muxtar respublikamızda olublar. Səfər çərçivəsində avropalı qonaqlar Naxçıvan şəhərinin tarixi abidələrini və mədəniyyət müəssisələrini ziyarət edib, muxtar respublikanın iqtisadiyyat, təhsil, turizm, mədəniyyət sahələri ilə yaxından tanış olublar. Diplomatlar Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzetinin əməkdaşları ilə bölüşüblər. 

Kestutis Yankauskas – Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri: – Bu, mənim Naxçıvana artıq üçüncü səfərimdir. Diyarınız çox gözəldir. Xüsusən buradakı təmizlik və qonaqpərvərlik insanı özünə çəkir. Əvvəlki səfərlərimdə az da olsa, Naxçıvanı gəzmək imkanım olub və deyə bilərəm ki, bir litvalı kimi buradakı uca dağlar və mineral sular mənim üçün çox cazibədardır. Hesab edirəm ki, ölkənizə və o cümlədən Naxçıvan Muxtar Respublikasına gətirilən turistlərin sayını artırmaq imkanları genişdir. Ona görə də qarşıdakı dövrdə Azərbaycan Respublikasına, o cümlədən Naxçıvan Muxtar Respublikasına səyahət edən avropalı turistlərin sayını artırmaq üçün səylər göstərilməli, turagentlər bu istiqamətdə işləməli, bir-birimizi daha yaxından tanımalıyıq. Düşünürəm ki, sıx turizm ­əlaqələri hər iki tərəfi bir-birinə daha da yaxınlaşdıracaq.

Biz burada keçirdiyimiz görüşlərdən çox məmnun qaldıq. İstər təhsil ocaqlarında, istərsə də iş adamları ilə görüşlərdə insanların gördüyü işə yaradıcı münasibətin şahidi olduq. Keçirdiyimiz mətbuat konfransında çox maraqlı suallar verildi. Heydər Əliyev adına məktəbdə, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində keçirilən görüşlərdə şagird və tələbələrin fəallığının şahidi olduq. Bu təkcə mənim üçün deyil, bütün avropalı səfirlər üçün çox xoşdur. Avropada təhsil almaq istəyən, Avropa İttifaqı dəstəkli təhsil və kiçik biznes layihələrinə maraqgöstərən insanlarla tanış olmaq üçün Naxçıvanda keçirilən bu tədbir həm burada yaşayan insanlar, həm də elə bizim üçün əla fürsət oldu. Naxçıvanqalada təşkil olunmuş “Avropa şə­hərciyi”nə minlərlə insanın göstərdiyi maraq isə həqiqətən, bizi çox sevindirdi. İnsanların yeni dostlar qazanması, digər mədəniyyətlərlə qiyabi də olsa, tanışlığı baxımından burada keçirilən gün unudulmaz oldu. Həqiqətən, bu diyardan dərin təəssüratla qayıdırıq. 

Bert Skufs – Belçika Krallığının səfiri: – Əvvəlcə onu vurğulamaq istərdim ki, Naxçıvan Muxtar Respublikası bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əldə etdiyi nailiyyətlərə görə bəzi Avropa ölkələri üçün nümunə ola bilər. Sevindirici haldır ki, bu gün Belçika şirkətləri bu sahəyə öz töhfələrini verirlər. Onlar Naxçıvanda Günəş Elektrik Stansiyasının qurulmasında və fəaliyyətinin təşkilində qarşılıqlı əməkdaşlıq çərçivəsində uğurlu nəticələr əldə ediblər.

Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirirlər, amma təcrübədə böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə alternativ enerji mənbələrindən istifadə istiqamətində konkret nəticələr əldə olunur, həqiqətən, enerji təhlükəsizliyi təmin edilir. Ümid edirik ki, bu sahə Naxçıvanda gələcəkdə daha da inkişaf edəcək.


Viktor Szederkenyi – Macarıstanın səfiri: – Hava limanında ikən ilk hiss etdiyim və gördüyüm bu yerin saf havası və təmizliyi oldu. Şəhər mərkəzinə doğru gəldikdə isə Naxçıvanın hərtərəfli zəngin bir şəhər olduğunu görürsən. İnsanların qonaq­pərvərliyi, səmimi rəftarı məndə xoş əhval-ruhiyyə yaratdı. Tarix və mədəniyyət əsrlərlə bir-birinə qovuşmuş dəyər kimi Naxçıvanın simasında öz əksini tapıb. Naxçıvanın böyük turizm potensialının olduğunu gördük. Və bu, Avropa ölkələrindən Naxçıvana gəlmək istəyən turistlər üçün mühüm baza rolunu oynayır. Tədbir çərçivəsində Naxçıvanın iqtisadiyyatı, o cümlədən sənaye və kənd təsərrüfatı sahələri ilə bağlı lazımi məlumatlar əldə etdik. Eyni zamanda təhsil sahəsində əməkdaşlığın perspektivlərini düşünürəm. Ümumiyyətlə, Naxçıvanda keçirilən “Avropa günləri” bizə imkan verdi ki, Azərbaycanın bu qədim bölgəsini daha yaxından tanıyaq. Onu da qeyd edim ki, Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələri, həmçinin təhsil sahəsində əməkdaşlıq üçün böyük potensial var. Ümid edirəm ki, bu əməkdaşlıq əlaqələri daha geniş şəkildə inkişaf etdiriləcək. 

Nikolay Yankov – Bolqarıstanın səfiri: – Azərbaycan Respublikası ilə Bolqarıstan arasında mədəni, iqtisadi, hərbi, diplomatik və digər sahələrdə münasibətlər uğurla inkişaf edir. Bu gün Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfərimdən məmnunluq hissi duyuram. İlk dəfədir, burada olmağıma baxmayaraq, sanki dəfələrdir bu doğma diyara gəlib getmişəm. Şəhərinizin təmizliyi, insanların qonaqpərvərliyi, gülərüzlüyü ilk baxışdan diqqətimi cəlb etdi. Burada biz sahibkarlarla yüksək səviyyəli görüşlər keçirdik və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat aldıq. Gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında bir çox sahələrdə əməkdaşlığımızı daha da genişləndirəcək və gücləndirəcəyik. 

 


Yohan Şitterer – Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri: – Naxçıvanda keçirilən “Avropa günləri”nin iştirakçısı olmaqdan çox məmnunam. Burada Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə Fransanın, o cümlədən digər ölkələrin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını, təhsilini əks etdirən sərgilər nümayiş olunur. Bu gün Naxçıvanla Fransa arasında mədəni sahədə əlaqələr mövcuddur. 10 ildən artıqdır ki, fransalı və naxçıvanlı arxeoloqlar qədim diyarda birgə arxeoloji qazıntılar aparırlar və uğurlu nəticələr əldə ediblər. 

Qeyd edim ki, bu il oktyabr ayının 25-də Bakı şəhərində Naxçıvanda qazıntılar zamanı aşkar olunan arxeoloji tapıntıların sərgisi təşkil olunacaq. O ki qaldı Naxçıvana, buranın çox gözəl təbiəti, təmiz havası və gözəl insanları vardır. Gələcəkdə Fransa ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi üçün bu gözəl diyara gəlişimiz daha da intensivləşəcək.

Arya Makkonen – Finlandiyanın səfiri: – İlk olaraq onu deyim ki, yerli insanların “Avropa günləri”nə böyük marağı diqqətimi cəlb etdi. Digər tərəfdən Naxçıvan şəhərində nəzərimi cəlb edən təmizlik, səliqə-sahman oldu. Burada olarkən onu da öyrəndik ki, Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir. Bu, ciddi göstərici, böyük nailiyyətdir. 

Bu gün Finlandiyanın Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə münasibətlərində təhsil mühüm yer tuta, bu sahə daha da inkişaf etdirilə bilər. Tarixdən də bilirik ki, 100 il bundan əvvəl bizim ölkəmiz çox kasıb idi. Ancaq yaxşı təhsilimizin sayəsində bu gün iqtisadi cəhətdən kifayət qədər güclü bir ölkəyə çevrilmişik. Bu, bir daha onu göstərir ki, təhsil hər bir ölkənin gələcək inkişafında əvəz­olunmaz rol oynayır. Onu da qeyd edim ki, yaxşı təhsilin nəticəsi olaraq yetişən yüksəkixtisaslı kadrların hesabına bu gün Finlandiya alternativ enerji mənbələrindən istifadəyə görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Bu mənada, Naxçıvanda təhsilin inkişafı istiqamətində görülən işlər gələcəkdə böyük nailiyyətlərin əldə olunmasına yol aça bilər. Ümid edirəm ki, həm alternativ enerji mənbələrindən istifadəni, həm də təhsil sahəsində ölkənizlə əlaqəli əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. 

Ceyms Holder – Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi:– İlk dəfədir, Naxçıvanda oluram. Havası təmiz, yeməkləri dadlı və ləzzətli, insanları qonaqpərvər, küçələri səliqə və sahmanlı olan bu gözəl şəhər məni özünə heyran etdi. Artıq bir neçə ildir, Bakı şəhərində yaşamağıma baxmayaraq, orada yediyim bir çox yeməyin, meyvələrin, içdiyim “Sirab”, “Badamlı” kimi təmiz suların vətəni olan Naxçıvana gəlməkdən, bu gözəl şəhərlə tanışlıqdan məmnunluq hissi keçirirəm. Buradakı tarixi abidələr, yeni inşa olunmuş binalar Avropa standartları səviyyəsində qurulub. Tam əminliklə deyə bilərəm ki, bu, Şərq və Qərb üslubunu özündə birləşdirən Naxçıvana gələn digər xarici qonaqların da diqqətini cəlb edir. “Avropa günləri” çərçivəsində keçirilən möhtəşəm tədbir isə Naxçıvan və naxçıvanlıları daha yaxından tanımaq, gələcəkdə muxtar respublika ilə əlaqələrimizi genişləndirmək, ikitərəfli münasibətləri daha da gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə beynəlxalq əhəmiyyətli tədbirin şəhərinizdə keçirilməsi bir də onu göstərir ki, Naxçıvanda, həqiqətən də, tolerant mühit formalaşıb və qədim diyarınızda multikultural dəyərlər yaşadılır və inkişaf etdirilir. 

Umberto Boeri – İtaliya səfirliyinin missiya rəhbərinin müavini: – Naxçıvana ilk dəfədir, gəlirəm. Təəssüratlarıma əsasən deyə bilərəm ki, Azərbaycanın bu bölgəsinə ilk dəfə üz tutan insanlar üçün qədim diyarın təsiri inanılmazdır. Təmiz hava, səliqə­-sahman, qonaqpər­vərlik, əmin-amanlıq Naxçıvanın cazibəsini daha da artırır. Burada olduğumuz günlərdə daim insanların bizə istiqanlılığı, səmimi münasibəti, mehribançılığı ilə əhatə olunduq. Göstərilən qonaqpərvərlik məni çox məmnun etdi. Xüsusilə yerli restoranların birində yemək yeyərkən italyan musiqisinin səsləndirilməsi ilə sanki özümü ölkəmdə hiss etdim. Bir sözlə, Naxçıvan mədəni zənginliyinə görə çox unikal bir məkandır. Səmimi etiraf edim ki, gələcəkdə vaxtım olarsa, buraya tez-tez gəlməyi ­düşünürəm.

"Şərq qapısı" qəzeti

Xəbərlər şöbəsi

25.09.2018

01010720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
444
533
1497
186278
1010720

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: