"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə yaxından tanış olublar

Sentyabrın 7-də “Naxçıvan” Universitetində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın plenar iclası keçirilib, tədbir bölmə iclasları ilə davam edib. Sentyabrın 8-də konfrans AMEA Naxçıvan Bölməsində yekun iclası ilə öz işini başa vurub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçirilən konfransın bölmə iclaslarının fəaliyyəti ilə bağlı məlumat diqqətə çatdırılıb, konfransın əhəmiyyətindən bəhs edilib. Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib. 

Konfrans iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə də yaxından tanış olublar. Əvvəlcə qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə gəliblər. Xan sarayında onlara məlumat verilib ki, bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. 

Möminə xatın türbəsi ilə tanışlıqdan sonra qonaqlar Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələrə maraqla baxıblar. Onlar muxtar respublika ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi barədə ətraflı məlumat əldə ediblər.

Sonra konfrans iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Milli geyimlər” festivalında iştirak ediblər. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi qonaqlar tərəfindən maraqla izlənilib. 

Qarabağlar Türbə Kompleksinə gələn konfrans iştirakçılarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan kompleks elmi və tarixi əsaslarla bərpa edilib. Tarixi abidə qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Türbənin memarlıq xüsusiyyətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb. 

Beynəlxalq konfransın iştirakçıları kompleksin xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla da tanış olublar. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri sərgilənir. 

Daha sonra qonaqlar Babək rayonunun Nehrəm kənd məscidinə gəliblər. 2016-cı ilin noyabr ayında istifadəyə verilən, 830 kvadratmetrlik məscid binası haqqında onlara ətraflı məlumat verilib. 

“Şərq qapısı” qəzetinə müsahibə verən konfrans iştirakçıları Naxçıvanın türk-islam mədəniyyəti abidələri ilə tanışlığın onlarda xoş təəssüratlar yaratdığını xüsusi vurğulayıblar. 

Oktay Belli – İstanbul Universitetinin müəllimi, professor: – Qədim torpaqla yaxından tanışlığım 1998-ci ilə təsadüf edir. Həmin vaxtdan həmkarlarım ilə birlikdə burada tədqiqatlar aparırıq. Öyrəndiklərimizi dünyaya bəyan etmək, qədim diyarı tanıtmaq məqsədilə bu günədək türk və ingilis dillərində 2 dəyərli kitab ərsəyə gətirmişik. 

Qeyd etmək istəyirəm ki, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli missiyanı daşıması heç də təsadüfi deyil. Bu ərazidəki hər abidə tarixin müəyyən mərhələsindən söhbət açır. Açıq Səma Altında Muzeydə nümayiş olunan maddi-mədəniyyət nümunələri, sadəcə, daş parçası deyil, onlar türk tarixinin aynası, milli kimliyimizin möhürüdür. Qəbirüstü məzar daşları, qoç, qoyun heykəlləri, qədimdə məişətdə istifadə olunan əmək alətləri bu oğuz yurdunun keçmişinin canlı şahidləridir. Həmin abidələrin qorunub-saxlanılması, nümayiş etdirilməsi həm də Türk dünyasının tarixi keçmişinə göstərilən böyük diqqət və qayğıdır. Ümumiyyətlə, Naxçıvana hər dəfə yolun düşdükdə burada tarixi miraslara göstərilən diqqəti gördükcə, həmçinin şanlı keçmişə malik qədim diyarın müasir çalarları ilə tanış olduqca insanda ruh yüksəkliyi, yaşamaq, yaratmaq istəyi yaranır. 

Naxçıvanda beynəlxalq tədbirlərin, festivalların keçirilməsi burada gedən böyük inkişaf və tərəqqidən xəbər verir. “Milli geyimlər” festivalında iştirak etmək hər bir konfrans iştirakçısı kimi mənim də ürəyimcə oldu. Bu festival xalqın, millətin öz tarixi soykökünə bağlı olduğunu nümayiş etdirirdi. Belə əhəmiyyətli tədbirlər tarixlə bu gün arasında sağlam körpü yaratmaqla gənc nəsildə yurda bağlılıq, vətənsevərlik hissləri formalaşdırır. Çox yaxşı haldır ki, gənclər də bu məsələdə həssasdırlar.

Sonda onu da bildirim ki, Naxçıvanda tarixi keçmişin, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunaraq yaşadılması, burada müasir şəraitin yaradılması aparılan uğurlu ­siyasətin bəhrəsidir. 20 il öncəki Naxçıvanla bugünkünü müqayisə edəndə, sözün həqiqi mənasında, heyrətimi gizlədə bilmirəm. Əminliklə demək olar ki, xalqına, millətinə, torpağına bağlı olan, insanların firavanlığını düşünən rəhbərin yaratdığı Naxçıvan adlı möhtəşəm əsər illər keçdikcə daha böyük zirvələr fəth edəcək. 

Bəhram Acarlı – Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru: – Muxtar respublika paytaxtının 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi çox yerində verilmiş bir qərardır. Çünki Naxçıvan tək Qafqazda deyil, bütün İslam dünyasında nadir şəhərlərdən biri, tarixi-mədəni abidələrlə zəngin məkandır. Bu yurd yeri dünyaya çox istedadlı memarlar və sənətkarlar bəxş edib. Vaxtilə Memar Əcəmi Naxçıvaninin ərsəyə gətirdiyi tikililər sonralar Türkiyə və İran memarlıq üslubuna da öz təsirini göstərib. 

Mənim diqqətimi daha çox Naxçıvanda tarixi və mədəni abidələrin xüsusi qayğı ilə qorunması, bərpası cəlb etdi. Burada olarkən Naxçıvan sakinlərinin də tarixi abidələrə xüsusi diqqət və həssaslıqla yanaşdığının şahidi oldum. Ümidvaram ki, gələcəkdə də bu ənənə qorunub saxlanılacaq, beşminillik şəhər mədəniyyəti olan qədim Naxçıvan diyarı daim inkişaf edəcək və çiçəklənəcək. 
Hüseyn Yurttaş – Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor: – Naxçıvan İslam dünyasının ən önəmli şəhərlərindən biridir. Eyni zamanda uzun illər Türkiyə və İran arasında çox vacib bir körpü rolunu oynayıb. Bu şəhər türk-islam mədəniyyəti abidələri ilə zəngindir. 

Anadoluda memarlığın inkişaf etməsində Naxçıvandakı memarlıq abidələrinin əvəzsiz yeri vardır. Bunlar arasında Əcəmi Naxçıvaninin yaratdığı əsərlər öz monumentallığı ilə seçilir. Qədim diyardakı qoşa minarəli tac qapılar, qəbirüstü abidələr sonralar Anadoluda tikilən memarlıq nümunələrində də özünü göstərir. Bu səbəbdən də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bütün İslam və Türk dünyası üçün çox əhəmiyyətli hadisədir. 

Qeyd etmək istərdim ki, ikinci dəfədir, Naxçıvana gəlirəm. Hər gəlişimdə də buraya heyranlığım daha da artır. Düşünürəm ki, türk-islam mədəniyyəti ilə maraqlanan hər kəs Naxçıvana mütləq gəlməlidir. Bu mövzuda konfransın keçirilməsi də Naxçıvanın bütün dünyaya tanıdılması baxımından çox ­əhəmiyyətlidir. 

Cəfər Qiyasi – Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü: – Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması təsadüfi deyil. Naxçıvan tarix­boyu İslam mədəniyyətinin inkişafında çox böyük, önəmli rol oynayıb. Naxçıvanlı memarlar təkcə Azərbaycan və Naxçıvanın deyil, bütövlükdə, İslam memarlığına dair önəmli işlər görüblər. Muxtar respublika ərazisində zəngin və müxtəliftipli memarlıq abidələri vardır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, Naxçıvanqala, Nuh türbəsi, Qarabağlar, Yusif Küseyir oğlu, Möminə xatın türbələri, Əlincəqala və digər abidələr həm maddi-mənəvi, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Bu abidələri Türkiyə, İran, Orta Asiyanın memarlıq abidələri ilə müqayisə etdikdə görürük ki, bir çoxu Naxçıvan memarlığından bəhrələnib. Naxçıvan memarlıq məktəbinin formalaşdığı qədim diyardır. Qülləvarı türbələr içərisində şah əsər Möminə xatın türbəsi sayılır. Eləcə də Qarabağlar türbəsi silindrik gövdəli türbələr içərisində bir şah əsərdir. Bunu bir sıra ölkələrin memarları da etiraf edirlər. 

Naxçıvanlı memarlar həm də böyük konstruktiv mühəndis olublar. Belə ki, İslam dünyası memarlığında qoşa minarəli baş tağlar ilk dəfə Naxçıvanda geniş yayılıb. Belə türbələr Naxçıvanda yaradıldıqdan 100 il sonra Türkiyədə, 50 il sonra isə Təbrizdə meydana gəlib. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan, həqiqətən də, İslam Mədəniyyətinin Paytaxtı olmağa layiqdir. 

Ümid edirik ki, tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması bu qədim diyarı ümumi İslam dünyasına daha da yaxınlaşdırır, qlobal arenada ictimai mövqeyinin möhkəmləndirilməsinə öz töhfəsini verir. 

Abbas Seyidov – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix üzrə elmlər ­doktoru: – Böyük sivilizasiya məkanı olan Naxçıvan Ön Asiya və Cənubi Qafqaz arasında qırılmaz körpü rolunu oynayır. Burada İslam mədəniyyətinin, mənəviyyatının, müsəlman əxlaq və qaydalarının yüksək şəkildə qorunaraq yaşadılması böyük ali dəyərdir. 

Onu da qeyd edim ki, 4-5 il bundan öncə Qarabağlar türbəsinə yaxın yerdə arxeoloji qazıntı işlərinə başladıq. Həmin tədqiqat zamanı ərazidən Son Tunc, Erkən Dəmir dövrlərinə, təxminən, 3 min 200 il bundan əvvələ aid çoxlu maddi-mədəniyyət nümunələri tapıldı və məlum oldu ki, bu yerin təbii-coğrafi şəraiti insanların ən azı 3500 il bundan əvvəl burada məskən salmasına imkan verib. Bu onu göstərir ki, Naxçıvan İslamdan öncə də qədim mədəniyyət mərkəzlərindən biri olub. Bu diyar İslam dünyasının tərkib hissəsi olduqdan sonra burada mövcud olan böyük mədəniyyət İslam mədəniyyətinin zənginləşdirilməsinə öz töhfəsini verib. Bu gün də Naxçıvan zəngin maddi-mənəvi dəyərləri ilə İslam dünyasında özünə­məxsus yer tutur.

Fəxr edirəm ki, dünyaya göz açdığım bu məkanda təşkil olunan belə yüksək tədbirin mən də iştirakçısı oldum. Naxçıvanda olduğumuz müddət ərzində buradakı İslam mədəniyyətinə məxsus abidələri ziyarət etdik, islami dəyərlərə verilən yüksək qiyməti bir daha gördük. Bir vaxtlar baxımsızlıq üzündən uçub-dağılan tikililər indi öz ecazkarlığı ilə insanı valeh edir. 

Ümumiyyətlə, Nuhun ayaq basdığı Naxçıvan torpağının hər qarışında böyük tarix, zəngin mədəni irs yatır. Bu qiymətli xəzinəni qoruyub, gələcək nəsillərə ərməğan edənlərə isə şübhəsiz, tarix özü ən yüksək qiyməti verəcəkdir.

Nail Əsgərov

Tural Ağayev

Güntac Şahməmmədli

"Şərq qapısı" qəzeti

11.09.2018

01009994
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
251
520
771
185552
1009994

Tarix: 23-04-2024
Biz, sosial şəbəkələrdə: