"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Dünya mediasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirindən bəhs olunur

Bu yaxınlarda Naxçıvanda keçirilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri dünya mətbuatında geniş reaksiya doğurmaqdadır. UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılmış və 35 ölkədən 44 xəbər agentliyinin bir araya gəldiyi Asiya və Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) internet portalında bu barədə xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in təntənəli açılış tədbirində iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Qonaqlar ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın foto­şəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə etməsi də xəbərdə qeyd olunub.

Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbovun çıxışına Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək, tədbir iştirakçılarını salamlayaraq başlaması və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan etməsi barədə də məlumat verilir. 

Saytın yerləşdirdiyi xəbərdə, həmçinin Əbdüləziz Osman əl-Tuveycri­nin çıxışındakı “Bu möhtəşəm tədbirdə sizinlə olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. İlk növbədə, mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O, öz ölkəsinə və eyni zamanda İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbdən və ürəkdən minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbova da, çox sağ olun, – demək istərdim. Bu cür mükəmməl təşkilatçılıq, təbii ki, danılmazdır”, – sözləri də öz əksini tapıb. 

Xəbərdə bunlardan əlavə, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri olmuş Naxçıvanın bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasındakı özünəməxsus rolu haqqındakı çıxışı, Naxçıvan Dövlət Filarmoniyasının tədbirdəki konsert və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilməsi haqqında məlumatları da oxumaq mümkündür.

Əli Cabbarov

"Şərq qapısı" qəzeti

00824164
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
203
349
1010
5065
824164

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: